Məhkəmə qərarları › İş №2-1(112)-7274/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7274/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7274/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X10, X11, X12, X4, X8 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10, X11, X12, X4, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X10, X11, X12, X4, X8 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanına dair 09.09 2016-ci il tarixli çıxarış verilmiş və hazırda mülkiyyətindədir. Sözü gedən ünvanda X10, X11, X12, X5, X8 qeydiyyatdadırlar. Adlarını çəkdiyi şəxslər iddiaçının qohumları olsalar da, onlar evdə yaşamamışlar, müvəqqəti olaraq qeydiyyata salınmışlar. Şəxslərin qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə 5-ci hissəsinin tələblərinə istinad edərək məsələnin həllindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etirazı (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və üçüncü şəxslər səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhər Xəzər rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, 055-2036/2Ç-3222 nömrəli imtina məktubunda bildirilmişdir ki, “X6, X7, X9, X1 və X3 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına köməklik gösterilməsi ile bağlı Xəzər rayon Polis İdarəsinə daxil olmuş müraciətinizə həmin idarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur.” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətinə əsasən iddiaçı və üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin 1405 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 39, mənzil 35-də qeydiyyatda olan vətəndaşlar X10, X11, X12, X4 və X3 həmin ünvanda yaşamadıqları məlum olmuşdur. - “ünvan 3sisəsinin xx.xx.2022-ci il tarixli 325 saylı məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, ev 39, mənzil 35-də qeydiyyatda olan vətəndaşlar X10, X11, X12, X4 və X3 həmin ünvandan köçüb getmişlər, yaşamırlar və harada yaşamaqları məlum deyil. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 055-8236-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2001-ci il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X12 xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq S.Qurbanovun və T.Qurbanovun sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 (beş) il saxlanıldıqdan sonra məhv edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, ev 39, 35 saylı mənzilə dair habelə X10, X11, X12, X4 və X2 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. (-). Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-); 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, iddiaçı mənzili bagışlama müqaviləsi üzrə almışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə yaşayış yeri üzrə qeydiyyata alınması üçün şəxslər tərəfindən aidiyyəti dövlət orqanına yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, yəni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim olunmalıdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün hüquqi əsas qismində həmin sənədlərdən hər hansı birinin aidiyyəti dövlət orqanına təqdim olunması mütləqdir. Hüquqi əsas olmadan aidiyyəti orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyatın aparılması yolverilməzdir. Bundan başqa, məhkəmə tərəfindən üçüncü şəxslərin iddiaçının ailə üzvü olmadığı, onların iddiaçıya məxsus yaşayış sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, 01 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Belə yanaşmanı nəzərdə tutmaqda qanunvericinin məqsədi, bir tərəfdən, şəxsin ona məxsus olan əmlaka faktiki sahib olmaq, təyinatından asılı olaraq həmin əmlakdan öz tələbatlarına uyğun istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək imkanlarını təmin etməkdən, digər tərəfdən, üçüncü şəxslərin həmin əmlaka müdaxilə imkanlarını istisna etməkdən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ əsasında şəxsə məxsus yaşayış sahəsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslar, o cümlədən həmin şəxsin müvafiq razılıq ərizəsi olmadan üçüncü şəxsin qeydiyyata alınması onun mülkiyyət hüququna, yaşayış sahəsindən sərbəst istifadə etmək və orada sərbəst yaşamaq haqqına müdaxilə kimi qiymətləndirilməlidir. Mülkiyyət hüququ ilə bağlı konstitusiyon normalara əsaslanan Mülki Məcəllə ilə mülkiyyət hüququnun müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bu mənada yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan üçüncü şəxsin mülkiyyətçinin tələbi əsasında aidiyyəti dövlət orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla və aidiyyəti orqanın üzərinə üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyula bilər. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X10, X11, X12, X4, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X10, X11, X12, X4, X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar