Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7276/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, ingilis dili müəllimi, BİPA firmasında direktor işləyir), cavabdehin nümayəndəsi X7 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, baş məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının A172-7/21 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, 2019 01071 nömrəli əmtəə nişanı iddia sənədi üzrə iddia edilən “Business Royals” nişanına onun 34-cü sinifdə əhatə etdiyi əmtəələrin tam siyahısı üzrə iddiaçının adına qeydiyyata alınması” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının A172-7/21 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, 2019 01071 nömrəli əmtəə nişanı iddia sənədi üzrə iddia edilən “Business Royals” nişanına onun 34-cü sinifdə əhatə etdiyi əmtəələrin tam siyahısı üzrə iddiaçının adına qeydiyyata alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Kompaniyası, “Əmtəə Nişanları və Coğrafi Göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "BUSİNESS ROYALS" (sözlərdən ibarət olan nişan) nişanını, əmtəə nişanı qismində qeydiyyata alınması üçün, sözügedən nişanı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan “Patent və X3 Mərkəzin”ə təqdim edilmişdir. Qeydiyyata təqdim edilmiş nişan haqqında məlumatlar aşağıda verilmişdir: nişanın adı (görüntüsü): “BUSİNESS ROYALS”; iddia sənədinin nömrəsi: 2019 01071; iddia sənədinin daxil olduğu tarixi: xx.xx.2019; nişan sahibinin adı və ünvanı: İddiaçı, P.O. Box 261031, Jebel Ali X5 (AE); iddia sənədi üzrə iddia edilən əmtəələrin sinfi və siyahısı: Sinif 34 - tütün; kibrit; siqaretlər, papiroslar; siqarillalar; siqarlar; alışqanlar; iyləmək, qoxulamaq üçün tütün; tütün çubuqları; tütün, tənbəki kisəcikləri; çeynəməli tütün; siqaret, papiros kağızı; siqaret filtrləri; Külqabılar; siqaret kağızı kitabçaları; siqaret müştükləri; qeyri - tibbi məqsədlər üçün tütün əvəzediciləh tərkibli siqaretlər, elektron siqaretlər. “Ekspertiza Mərkəzi”, 28 yanvar 2021-ci il tarixli Qərarı ilə, Qanununun 5-ci maddəsinin “b" bəndini rəhbər tutaraq, qeydiyyata təqdim edilmiş “BUSİNESS ROYALS” nişanının “fərqlənmə qabiliyyətinə malik olmayan, yeni əsas amillərlə fərqlənməyən nişan” olmasını qeyd edərək, sözügedən nişanın əmtəə nişanı qismində qeydiyyata alınmasından imtina edilməsi haqqında Qərar qəbul edilmişdir. İddiaçı, “Ekspertiza Mərkəzi”nin sözügedən nişanın qeydiyyatından imtina Qərarına qarşı Apellyasiya Şurasına xx.xx.2021-ci il tarixində Etiraz ərizəsi vermişdir. Apellyasiya Şurası, A172-7/21 N-li, 17 Dekabr 2021-ci il tarixli Qərarı ilə, “Ekspertiza MərkəzPnin xx.xx.2021-ci il tarixli qeydiyyatdan imtina Qərarını qüvvədə saxlamaqla, iddiaçının Etiraz ərizəsini təmin etməmişdir. İddiaçı, İddiaçı Kompaniyası aşağıda verilmiş əsaslar üzrə hesab edir ki, “Ekspertiza Mərkəzi"nin xx.xx.2021-ci il tarixli qeydiyyatından imtina Qərarı və Apellyasiya Şurasının, sözügedən Qərarın qüvvədə saxlanılması və iddiaçının Etiraz ərizəsinin təmin edilməməsi haqqında Qərar verilməsi Qanunun tələblərinə ziddir, qeyri-obyektivdir və aşağıda göstərilmiş əsaslar üzrə ləğv edilməlidir. Apellyasiya Şurasının sözügedən Qərarında da iddia edilən “BUSİNESS ROYALS” nişanının fərqlənmə qabiliyyətinə malik olmaması, yəni əsas amillərlə fərqlənməyən nişan olması açıqlanmışdır. Qanunun 4-cü Maddəsində qeyd edilir ki, “sözlər" əmtəə nişanı kimi qeydə alına bilər. İddia edilən nişan sözlərdən ibarətdir. Qanunun 5-ci Maddəsinin “b” bəndində qeyd edilir ki, “fərqlənmə qabiliyyətinə malik olmayan, yəni əsas amillərlə fərqlənməyən nişanlar” qeydiyyata alınmır. Lakin “BUSİNESS ROYALS” nişanı fərqlənmə qabiliyyətinə malik olan nişandır, belə ki, bu nişan sözlərdən ibarət olan nişan kimi dünyanın 26 ölkəsində qeydiyyata alınmışdır. Sözügedən nişan həmçinin Türkiyədə də qeydiyyata alınmışdır. İddiaçı Kompaniyası və onun törəmə kompaniyası olan BR X6. Kompaniyası, birlikdə dünyanın 100-dən çox ölkəsində həm təsvir və sözlərdən, həm də yalnız sözlərdən ibarət olan “BUSİNESS ROYALS” əmtəə nişanlarını qeydiyyata aldırıblar və bu nişanların sahibləridirlər. İddiaçı Kompaniyası “BUSİNESS ROYALS” əmtəə nişanı 2002-ci ildən mülki dövriyyədədir, tütün məmulatlarından istifadə edən istehlakçı təbəqəsi arasında yaxşı tanınır, keyfiyyətli tütün məmulatının simvolunu ifadə edir, böyük nüfuza malikdir və bütün dünyada iddiaçını simvolizə edir. “BUSİNESS ROYALS” əmtəə nişanı İddiaçı Kompaniyasının biznesinin qiymətli və yüksək dəyərə malik olan aktividir. İddiaçı Kompaniyası Avropada, Yaxın Şərqdə və Afrikada ən nəhəng siqaret istehsalçılarından biridir. İddiaçı Kompaniyasının “BUSİNESS ROYALS” əmtəə nişanı ilə təchiz edilmiş siqaret məmulatı, kompaniyanın istehsal peosesinə böyük həcmdə sərmayə qoyması sayəsində yüksək keyfiyyətə malik olan siqaret istehsal etməsi nəticəsində, bu tütün məmulatı İSO 9001:2008 sertifikatına layiq görülmüşdür. Kompaniyanın biznesi haqqında ətraflı məlumatı “http//www.independenttobacco.com" saytından əldə etmək olar. Kompaniya həmçinin “BUSİNESS ROYALS REDS”; “BUSİNESS ROYALS M&J”; “BUSİNESS ROYALS BLUES"; “BUSİNESS ROYALS BLUE İCE” və digər siqaret brendlərin də sahibidir. İddiaçı Kompaniyası ona məxsus olan “BUSİNESS ROYALS” əmtəə nişanı üzərində müstəsna hüquqlarını davamlı olaraq qoruyur. Kompaniyanın “BUSİNESS ROYALS” əmtəə nişanı ilə təchiz edilmiş siqaretlərin satışından əldə etdiyi illik gəlir 90.000 000 ABŞ dolları civarındadır. Kompaniyanın, “BUSİNESS ROYALS” əmtəə nişanının reklamı üçün və bazara yeridilməsi üzrə illik xərcləri 1 milyon ABŞ dolları civarındadır. Əlavə məlumat qismində onu da qeyd edirik ki, İddiaçı Kompaniyası “BUSİNESS ROYALS” əmtəə nişanı ilə bağlı müstəsna hüquqlarının qorunması yönümündə, o cümlədən sözügedən nişana qarşı çoxsaylı təpkilərin dəf edilməsi və məhkəmə iddialarının çözülməsi ilə bağlı böyük məbləğdə maliyyə vəsaiti sərf edir. “BUSİNESS ROYALS” (sözlərdən ibarət nişan) nişanının Azərbaycan Respublikasında qeydiyyata alınmasının əsasları aşağıdakılar olar bilər: 1. Nişan dünyanın 26 ölkəsində, ələlxüsus Türkiyə Cümhuriyyətində fərqlənmə qabiliyyətinə malik olan, yəni əsas amilləri ilə fərqlənən nişan kimi qeydiyyata alınıb. 2. Söz və təsvirdən ibarət olan, İddiaçı Kompaniyasına məxsus olan, dünyanın 60-dan çox ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında da qeydiyyata alınmış 2011 0470 N-li əmtəə nişanı, 10 ildən çox bir dövr ərzində qüvvədədir, İnternet satış mağazaları şəbəkələri vasitəsi ilə Azərbaycan istehsalçıları tərəfindən əldə edilməsi nəticəsində, bu dövr ərzində istifadə edilməsi sayəsində fərqlənmə qabiliyyətini əldə etmişdir, belə ki, bu nişan üzərində təsviri elementlə yanaşı “BUSİNESS ROYALS” söz elementləri də yerləşdirilmişdir. Belə ki, Qanunun 6-cı Maddəsinin “ç” bəndinin ikinci abzasına uyğun olaraq: “BUSİNESS ROYALS” əmtəə nişanı, ilkinlik tarixindən, yəni xx.xx.2007-ci ildən əvvəl Azərbaycan Respublikasında eyni və oxşar əmtəələr üzrə (bax: 34-cü sinif əmtəələri - əsasən siqaretlər) başqa şəxs tərəfindən (burada İddiaçı Kompaniyası tərəfindən) istifadə zamanı (nişan 10 ildən çox bir zaman ərzində istifadə edilir) istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları” əmtəə nişanı kimi qeydiyyata alına bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı “İddiaçı” şirkəti 2019-cu il 07 iyun tarixində 2019 01071 nömrəli iddia sənədi üzrə “BUSİNESS ROYALS” əmtəə nişanının ƏXBT-nin 34-cü sinif (“Tütün; tütün məmulatlarının çəkilməsi üçün ləvazimatlar; kibrit; siqaretlər, papiroslar; siqarillalar; siqarlar; alışqanlar; iyləmək, qoxulamaq üçün tütün; tütün çubuqları; tütün, tənbəki kisəcikləri; çeynəməli tütün; siqaret, papiros kağızı; siqaret filtrləri”) əmtəələri üzrə qeydiyyata alınması üçün Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinə (bundan sonra - Mərkəz) müraciət etmişdir. Mərkəz 2021-ci il 28 yanvar tarixli “BUSİNESS ROYALS” əmtəə nişanının qeydiyyata alınmasından imtina edilməsinə dair qərarı ilə, əmtəə nişanını qeydiyyata almaqdan imtina etmiş, imtinanın əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5- ci maddəsinin “b” bəndinə istinad edilmişdir. İddiaçı “İddiaçı” şirkəti “BUSİNESS ROYALS” (2019 01071) əmtəə nişanının 34cü sinfin iddia edilən əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Mərkəzin həmin qərarından etirazla Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 şurasına (bundan sonra - Apellyasiya şurası) müraciət etmişdir. Apellyasiya şurasının 2021-ci il 07 dekabr tarixli A172-7/21 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Əmtəə nişanının əsas funksiyası bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanının fərqlənmə qabiliyyətinə malik olması onu şərtləndirən əsas amildir. Müxtəlif istehsalçılar tərəfindən istehsal olunan eyni sinif üzrə əmtəələri bir-birindən fərqləndirmə qabiliyyətinə malik olmayan nişanların əmtəə nişanı kimi mühafizə edilməsi qəbul edilməzdir. Təbii ki, nişanın fərqlənmə qabiliyyəti hamı tərəfindən eyni cür dərk edilən faktor kimi deyil, hər bir əmtəəyə uyğun xüsusi yanaşma tələb edən bir məsələdir. Qeyd olunan hallar qanunvericilikdə də öz təsbitini tapmışdır. Qanunvericiliyin tələblərini, əmtəə nişanı məfhumunun funksiyasını və qeyd olunanları nəzərə alaraq bildiririk ki, nişanın fərqlənmə qabiliyyətinə malik olması halı və mühafizə qabiliyyəti meyarlarına cavab verməsi məsələsi araşdırılarkən, əlamətlər və meyarlar bütün növ əmtəələr üzrə qeyrimüəyyən şəkildə deyil, iddia edilən sinif əmtəələr nəzərə alınmaqla, istehlakçıların və digər sahibkarların hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Odur ki, nişanın əmtəəyə münasibətdə fərqlənmə qabiliyyətinə malik olmaması iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Cədvəldən də göründüyü kimi, nişan iddia edilən əmtəə sinfi üzrə fərqlənmə qabiliyyətinə malik olmamaqla, mühafizə qabiliyyətli meyarlara cavab vermir. İddiaçının iddia ərizəsində göstərdiyi “həmin nişanın dünyanın 26 ölkəsində sözlərdən ibarət nişan kimi qeydə alınması” barədə dəlillərə münasibətdə cavabdeh hesab edir ki, qeyd olunan dəlil nişana mütləq olaraq Azərbaycan Respublikası ərazisində mühafizə verilməsinə əsas kimi qiymətləndirilə bilməz. Çünki, X1 X4 Qeydiyyatı üzrə Madrid Sazişi və Protokolunun üzv ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir, buna görə də, həmin ölkələrin qərarlarından biri digəri üçün məcburi hüquqi qüvvəyə malik deyildir. İddiaçının iddia ərizəsində göstərdiyi “Azərbaycan Respublikasında “BUSİNESS ROYALS” (2011 0470 nömrəli) əmtəə nişanının qeydiyyata alınması, həmin nişan üzərində təsviri elementlə yanaşı “BUSİNESS ROYALS” söz elementləri də yerləşdirilməsi” barədə dəlillərə münasibətdə cavabdeh bildirir ki, “BUSİNESS ROYALS” əmtəə nişanı “İddiaçı” şirkətinin adına 2011-ci il 04 may tarixində 2011 0470 nömrəli ilə ƏXBT-nin 34-cü sinif əmtəələri (tütün; tütün məmulatlarının çəkilməsi üçün ləvazimat; kibrit; siqaretlər; siqarillalar; siqarlar; tütün məmulatları üçün alışqanlar; iyləmək üçün tütün; tənbəki qəlyanları; tənbəki kisələri; çeynəmək üçün tütün; siqaret kağızı; siqaret filtrləri) üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyekti deyildirlər. Göründüyü kimi, həmin əmtəə nişanında təsviri hissə ilə birlikdə verilən “BUSİNESS ROYALS” sözlərinin fərqlənmə qabiliyyəti müəyyən olunmadığından, həmin söz birləşməsinə hüquqi mühafizə obyektliliyi verilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi iddia ərizənə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izаhаtlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: X8 2012 40086 nömrəli “X11”nə əsasən İddiaçı “BUSİNESS ROYALS” əmtəə nişanının sahibidir, həmin əmtəə nişanı xx.xx.2015-ci il tarixindən 10 il müddətinə qeydiyyata alınmışdır. BUSİNESS ROYALS (sözlərdən ibarət nişan) əmtəə nişanının qeydiyyata alındığı ölkələrin siyahısından görünür ki, həmin nişan bir çox ölkələrdə qeydiyyatdan keçmişdir. Patent və X1 Mərkəzinin əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ekspertizanın nəticəsinə uyğun olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “b” bəndinə əsasən “fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar”ın əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir. Bu səbəbdən “BUSİNESS ROYALS” nişanının ƏXBT-nin 34-cü sinifdə qeydiyyata alınmasından imtina edilir. 09 yanvar 2017-ci il tarixli distribütorluq müqaviləsinə əsasən İddiaçı ilə AzAGROSANAYE LTD arasında “BUSİNESS ROYALS” ticarət markası üçün Sifarişçi/Distribütor əlaqəsinə başladılar. “UK Copyright Service”in ********* qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, BUSİNESS ROYALS Siqaret qablaşdırma qabı 03 yanvar 2014-cü ildə BK Müəlliflik Hüququ Bürosunda qeydiyyata alınmışdır və İddiaçı Müəlliflik Hüququnun sahibi qismində Reyestrə daxil edilmişdir. O reyestrdə müəlliflik hüququnu təsdiqləyən məlumat qismində qeydiyyatın qüvvədə olma müddətinin bitməsi tarixi olan 03 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaqdır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X2 Şurasının 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı (ərizəçi) İddiaçı (AE) kompaniyasına məxsus “BUSİNESS ROYALS” (2019 01071) əmtəə nişanının 34-cü sinfin iddia edilən əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agüntliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli qərarından iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X2 şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Həmin Qanunun 5-ci maddəsinin “b” bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “a” yarımbəndinə əsasən fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanların qeydə alınmasına yol verilmir. Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; İş materiallarından məhkəmə müəyyən etmişdir ki, “BUSİNESS ROYALS” əmtəə nişanı “business royals” söz birləşməsindən ibarətdir və ingilis dilindən Azərbaycan dilinə “biznes kraliyyətləri” kimi tərcümə olunur. Söz birləşməsini təşkil edən sözlər ümumişlək sözlər olduğu üçün fərqlənmə qabiliyyətinə malik deyildir. Məhkəmə həmçinin qeyd edir ki, nişanın iddia olunduğu əmtəələr üzrə Azərbaycan Respublikası ərazisində istifadəsi zamanı fərqlənmə qabiliyyətinə malik olduğunu təsdiq edən sübutlar (istehlakçılar arasında rəy sorğusu və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 2.0.1-ci bəndinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2-ci maddəsinin 2.0.2-ci bəndinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2-ci maddəsinin 2.0.3-cü bəndinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Beləliklə, məhkəmədə aparılan inzibati araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının A172-7/21 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, 2019 01071 nömrəli əmtəə nişanı iddia sənədi üzrə iddia edilən “Business Royals” nişanına onun 34-cü sinifdə əhatə etdiyi əmtəələrin tam siyahısı üzrə iddiaçının adına qeydiyyata alınması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X2 Şurasının A172-7/21 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, 2019 01071 nömrəli əmtəə nişanı iddia sənədi üzrə iddia edilən “Business Royals” nişanına onun 34-cü sinifdə əhatə etdiyi əmtəələrin tam siyahısı üzrə iddiaçının adına qeydiyyata alınması” barədə iddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7276/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7276/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver