Məhkəmə qərarları › İş №2-1(112)-7276/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7276/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7276/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X7 və X8 Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 149 saylı evdən daimi pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 149 saylı ev Bakı şəhəri Nəsimi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 91/2 saylı qərarına əsasən mərhum X4 adına rəsmiləşdirilmişdir. Sonradan Bakı şəhəri Nəsimi rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli 190/5 saylı qərarına əsasən həmin mənzil 2 nəfər şəxs arasında bölünmüş və sahəsi 15.8 kv olan 1 otaqlı mənzil X4 adına rəsmiləşdirilmişdir.X9 mərhum X6 ilə rəsmi nikahda olmuşlar. O, da onlar tərəfindən övladlığa götürülmüş, körpəlikdən bu günə kimi bu mənzildə yaşayır. X9 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. X6 isə 11,02.2013-cü il tarixində vəfat etmişdir. mərhum X1 bütün adına olan əmlakı İddiaçı vəsiyyət etmişdir. Bununla əlaqədar xx.xx.2013-cü il tarixli vəsiyyətnamə də tərtib olunmuşdur. Bu evdə ondan başqa X13 və X14 daimi pasport qeydiyyatındadırlar, onlar bu mənzildə daimi pasport qeydiyyatında olsalar da, burada yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci bəndinə görə, vətəndaş yaşayış yerini dəyişdikdən 10 gün ərzində faktiki yaşadığı yer üzrə daimi pasport qeydiyyatına alınmalıdır. O, həmin şəxslərin bu evdən daimi pasport qeydiyyatından çıxarılmaları ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon Polis idarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməli olmağı tövsiyə olunmuşdur. Ona görə də o hal-hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7276/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı X13, X14 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil Kommunal İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 250 nömrəli arayışında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsində yerləşən 149 saylı evdə X14, X13, İddiaçı, X5 yaşayış yeri üzrə qeydiyyatdadır. -AZ-İ seriyalı 317028 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 829 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İ seriyalı 605353 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 140 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-51/2-17637/25 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X3 rayonu, Rəsul Rza küçəsi, ev 149 ünvanına xx.xx.2005-ci il, X14 isə ünvan 1 ünvanına xx.xx.2003-cü il tarixlərdə qeydiyyata alınmışdırlar. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-14972/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ünvan rekvizitlərinə malik fərdi yaşayış evi üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-51/2-Ə-49683/11 nömrəli məktubda bildirilmişdir ki Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 149 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğunuz ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməniz tövsiyyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsinda yerləşən 149 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. Hazrkı halda iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla eyni ünvan üzrə qeydiyyatda olan üçüncü şəxslər X10, X8 qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı adları çəkilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə üçüncü şəxslər eyni ünvan üzrə qeydiyyatda olsalar da iddiaçının əmlak hüququ olmayan onunla eyni hüquqi vəziyyətdə olan üçüncü şəxsləri həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməyə subyektiv hüququ müəyyən olunmur. Beləliklə, iddiaçının həmin ünvanda qeydiyyatda olan digər şəxslərdən əmlaka dair hüquqi cəhətdən üstünlüyü olmamaqla bərabər əmlak hüquqlarını müdafiə etmək, o cümlədən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə də subyektiv hüququ mövcud deyildir. Belə olan halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar