Məhkəmə qərarları › İş №2-1(112)-7277/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7277/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7277/2024 19.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı onun avtomobili yararsız hala salınmış, hadisə zamanı iddiaçı huşunu itirmişdir. Daha sonra aidiyyəti üzrə hadisə barədə məlumat vermişdir. Sağlamlığına az ağır zərər dəysə də, hüquqi savadı olmadığından bu barədə tibbi ekspertiza tələb etməmişdir. Hadisəni törədən şəxsin tapılması cavabdeh tərəfindən təmin edilməmiş, obyektiv araşdırma aparılmamışdır. Avtomobilinə və səhhətinə ziyan vurmuş şəxsin tapılması, zərərin ödənilməsi əvəzinə, onun tərəfindən aidiyyəti üzrə şikayətlər yazıldığından, qərəzli olaraq barəsində sonradan sürücülük hüququndan məhrumetmə barədə qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə tərəfindən ləğv edilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir İş materiallarında olan: İcbarı sığorta müqaviləsinə dair məlumat xarakterli elektron sistemdən çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində olan ** BP *** qeydiyat nişanlı Mercedes Benz markalı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkəti” ASC tərəfindən sığortalanmışdır. İddiaçının cavabdehə ünvlanmış olduğu izahatından görünür ki, baş vermiş avtonəqliyyat hadisəsi zamanı hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Cavabdehin 29 fevral 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsinə dair müraciətiniz üzrə avtomobilin etibarnamə üzrə Quba rayon sakini tərəfndən idarə edilməsi ilə əlaqədar müraciətiniz Quba Rayon Polis İdarəsinə göndərilmişdir. Cavabdehin 20 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, yolayrıcında hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verilmədiyinə görə AR İXM-nin 327.2-ci maddəsinə əsasən iddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdehin 31 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının bəhs etdiyi yol nəqliyyat hadisəsi ilə əlaqədar izahatı alınan Namik Əhmədov izahatında hadisəni törətmədiyin bildirmişdir. AR İXM-nin 38.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçədənədək verilə bilər. Cavabdehin 24 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ** BN *** nömrəli avtonəqliyyat vasitəsinin sürücünün izahatı alınmış, o, yol nəqliyyat hadisəsini törətmədiyini bildirmiş, avtomobilə baxış zamanı da hər hansı bir zədə aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İşin faktiki hallarından, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan da göründüyü kimi iddiaçı ona vurulmuş zərəri onunla əsaslandırır ki, yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə onun sağlamlığına və avtonəqliyyat vasitəsinə zərər dəymiş, lakin cavabdeh hadisəni törətmiş şəxsi tapmamış, iddiaçı sağlamlığına dəymiş zərərlə bağlı dərman xərcləri, eləcə də avtonəqliyyat vasitəsinə zərər dəyməsi ilə əlaqədar xərcləri özü ödəmiş, nəticədə cavabdehin hərəkətləri nəticəsində zərərə uğramışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Lakin, məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması o zaman mümkündür ki, həmin kompensasiya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə yaranmış olsun. Hazırkı iş üzrə cavabdehin qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyinin törədilməsi halı istinsa edilməsə də, məhkəmə hesab edir ki, inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan ehtimal olunan qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə kompensasiyanın ödənilib-ödənilməməsinə dair iddianın mahiyyəti üzrə qiymətləndirilməsi inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, AR İPM-nin 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən yaranmış inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun. İnzibati hüquq münasibətləri dedikdə isə “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və 1.2-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətindən (hərəkətlərindən) doğan münasibətlər başa düşülür. Başqa sözlə “İnzibati icraat haqqında” Qanunun tənzimləmə predmetinə aid olan münasibətlərin inzibati mübahisə olmasından söhbət gedə bilər. Həmin qanunvericiliyin tələbinə aid olmayan münasibət və həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə hesab edilməməklə fərqli tənzimləmənin tətbiqinə əsas yaradır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyanına görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Beləliklə yol nəqliyyat hadisəsinin törədilməsi ilə əlaqədar inzibati orqanın şəxsin müraicəti üzrə fəaliyyəti, eləcə də hadisəni törətmiş şəxsin cəlb edilməsi, sağlamlığı və əmlaka maddi ziyan vurulması və s çərçivəsində apardığı araşdırma üzrə fəaliyyəti inzibati icraat hesab edilmədiyindən, inzibati icraat olmaması səbəbindən yaranmış münasibət çərçivəsində mübahisə inzibati mübahisə hesab edilmədiyindən, hazırkı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə tənzimlənməli olmadığından həmin qanunvericiliyin tələblərinin pozulub-pozulmamasına münasibətdə inzibati orqanın səlahiyyətlərini aşması, zərər vurması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Hər hansı mübahisə inzibati icraatla bağlı qanunvericiliklə ilkin olaraq tənzimlənməli olan mübahisə olmalıdır ki, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxila bilsin. Əks halda zərərin ödənilməsi ilə bağlı AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə münasibətdə ilkin olaraq inzibati orqana müraciətin edilməli olması ilə bağlı şərtin də əhəmiyyəti qalmayacaqdır. Belə ki, həmin növ mübahisələr üzrə ilkin olaraq inzibati orqana müraciətin əhəmiyyəti onunla bağlıdır ki, inzibati icraat aparılmış olsun, həmin icraatın düzgün olub-olmaması inzibati məhkəmə icraatı qaydasında yoxlanılmış olsun. Lakin, hazırkı halda müraciət əsasında cavabdeh hər hansı inzibati icraat apara bilməz. Belə ki, müraciətə baxılmasına dair qanunvericilik fərqlidir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə müdafiəsi hüququ, məhkəməyə hüquqlarını pozan hərəkətlərdən şikayət vermək hüququ mövcuddur ki, iddiaçı həmin hüququnu aidiyyəti rayon məhkəməsinə şikayət verməklə reallaşdırmaq imkanına malikdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə 2-1(102)-2149/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-2070/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-984/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarında və digər aidiyyəti üzrə qərarlarında oxşar mövqedən çıxış edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar