Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7279/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X7, iddiaçıların qanuni nümayəndəsi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar X6 və X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün statusuna malikdir. Məcburi köçkün düşdükdən sonra ailə həyatı qurmuş, 2 övladı dünyaya gəlmişdir. Lakin nikah pozulmuş, övladları məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmişdir. Özü məcburi köçkün statusuna malik olsa da, övladları bu statusa malik deyil. Halbuki, hər iki övladı da Cəbrayıl rayonu İsaqlı kəndində qeydiyyatdadır. Hesab edir ki, övladlarına məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Nəzərə alinmalıdır ki, Qaydalarda “atası” dedikdə ailə başçısını nəzərdə tutur ki, nikahı pozulmuş, övladları himayəsinə verilmiş qadın kimi o, ailə başçısıdır. İddiaçı hesab edir ki, ailə başçısı kimi yalnız atanın məcburi köçkün statusuna malik olduqda uşaqlara məcburi köçkün statusu verilə bilməsi imtiyazı Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərə tutulmuş kişi və qadının eyni hüquq və azadlıqlara malik olması ilə bağlı prinsipin pozuntusudur. Burada kolliziya yaranmışdır ki, bu zaman konstitision normalar imperativ qəbul edilməlidir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, Vəliyeva X3 rayonunun işğalından sonra məcburi köçkün statusuna alik olmayan X8 ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan övladları anadan olmuşdur. X8 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Göründüyü kimi ata Əlizadə Kənan məcburi köçkün statusuna malik olmadığından övladlarına məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Sonradan iddiaçı dəqiqləşmə verərək İddiaçı əsl iddiaçılar övladları 14.10.2003-cü il təvəllüdlü X6 və 09.08.2005-ci il təvəllüdlü X7 ilə əvəz edilməsi, övladlarının qanuni nümayəndəsi qismində məhkəmə icraatında tanınmağım barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə İddiaçı əsl iddiaçılar X6 və X7 ilə əvəz edilmiş, İddiaçı onların qanuni nümayəndəsi qismində məhkəmə icraatında tanınmışdır. Məhkəmə qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda iddiaçının əvəz edilməsi və əsl iddiaçıların qanuni nümayəndəsi qismində tanınması ilə əlaqədar olaraq qeyd edilməlidir ki, 14.10.2003-cü il təvəllüdlü X6 və 09.08.2005-ci il təvəllüdlü X7 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 14.10.2003-cü il təvəllüdlü X6 və 09.08.2005-ci il təvəllüdlü X7 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Nəzərə alınmalıdır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında (2-1-(102)-2114/2020 saylı 25 noyabr 2020-ci il tarixli) oxşar mövqedə çıxış etmiş, iddianın mümkünlüyü baxımından subyektiv hüquqa malik şəxsin iddianı qaldırılmasına münasibətdə valideynlərin əvəzinə iddiaçılar qismində məcburi köçkün statusunun verilməsi ilə bağlı müraciət edilən yetkinlik yaşına çatmayan övladların iddiaçılar qismində tanınması barədə hüquqi mövqe müəyyən etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun: normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; 2.9. Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. 88.1. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. 88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın: 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Qanunvericiliyin tələbindən də göründüyü kimi mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, həmçinin həmin qərarla təsdiq edilmiş qaydalar Azərbaycan Respublikası ərazisində və həmin ərazidə olan şəxslər, dövlət orqanları üçün məcburi hüquqi qüvvə malikdir. Qeyd olunan səbəbdən də, məhkəmə normativ hüquqi akt statusuna malik olan Azərbaycan Respublikası qanunvericilik sisteminin tərkibində olan mərkəzi icra hakimiyyəti orqanı kimi Komitə tərəfindən qəbul edilmiş Qaydalar”ın 4.1.6-cı yarımbəndinə uyğun olaraq hesab edir ki, iddiaçılar məcburi köçkün statusuna malik olmayan şəxslərdir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı həmin yarımbəndin hazırkı vəziyyətdə tətbiq edilməsi ilə razılaşmır, övladlarını təkbaşına böyütməsinin nəzərə alınaraq və kişi və qadın hüquqlarının bərabərliyi ilə bağlı konstitusion prinsip əsas götürülməklə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh isə, qeyd olunan yarımbəndin tələbinə uyğun olaraq iddiaçıların atasının məcburi köçkün statusuna malik olmamasını əsas müəyyən edərək iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtina ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Qaydaların 4.1.6-cı yarımbəndində iddiaçılara məcburi köçkün statusu verilməsinə əsas olmuş hər iki şərt də ödənilmir. Yarımbəndin məzmunundan da göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1 Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2 hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işin faktiki hallarından isə görünür ki, hər iki şərt ödənilməmişdir. 1-ci şərtlə bağlı aparılmış qiymətləndirmə ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər hazırkı iş üzrə birbaşa məcburilik xarakteri olmasa da yuxarı instansiya məhkəməsinin hazırkı növ işlər üzrə mübahisələrə baxılmasında məhkəmə qərarının stabilliyinin qorunması baxımından əhəmiyyət kəsb edən fərdi işlər üzrə qərarlarında vurğulandığı kimi, adıçəkilən Qaydaların 4.1.6-cı yarımbəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olması, sözügedən Qaydaların atası “məcburi köşkün” statusuna malik uşaqların məcburi köçkün statusunun verilməsi barədə müddəasının, iddiaçının uşaqlarına münasibətdə ayrı-seçkilik baxımından yanaşmasına qiymət verilməməsi barədə yuxarı instansiya məhkəməsi tərəfindən mövqe nümayiş etdirilmişdir. Lakin, məhkəmə 2-ci şərtin ödənilməməsi səbəbindən 1-ci şərtin ödənilib-ödənilməməsi ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət müəyyən etmir. Belə ki, yarımbənddən də göründüyü kimi hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olması imperativ qaydada müəyyən edilmişdir ki, burada bərabərlik hüququnun pozulub-pozulmaması ilə bağlı araşdırmanın aparılmasından söhbət gedə bilməz. Göründüyü kimi məhkəmə üçün iddianın imtina əsası həmin 2-ci şərtin ödənilməməsi ilə bağlı olmuşdur ki, işin faktiki hallarından, o cümlədən şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi iddiaçıların atası X8 ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur ki, qeyd olunan hal iddiaçılara məcburi köçkün statusunun verilməsini istina edir. Belə ki, yarımbəndin tələbindən də göründüyü kimi hər yalnız iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini olmuş olması zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıların valideyni olan atası Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyət vəsiqəsinə malik olan şəxsdir. Bu zaman övladlarının iddiaçıların qanuni nümayəndəsi qismində tanınan İddiaçı himayəsində olması, nikahın pozulmuş olması vəziyyəti iddiaçıların xeyrinə dəyişməyən haldır. Belə ki, övladların İddiaçı himayəsində və yanında saxlanılması K.Əlizadənin valideynlik hüquqlarından məhrum edilməsi anlamına gəlmir. Məhkəmə iclasında da müəyyən edildiyi kimi K.Əlizadə məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilmiş şəxs olmadığından yuxarıda çəkilən yarımbəndin tələbinin hazırkı işin faktiki halına istinad edilməsini istisna edən hal mövcud deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov