Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7280/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxs X2 ona məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 2018-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 alıb. Həmin ünvandakı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona dövlət reyetrindən çıxarış verilmişdir. 2018-ci ildə mənzili alarkən X4 ilə aralarında olan razılığa əsasən, o, ən geci 3 ay ərzində həmin mənzildən qeydiyyatdan çıxmalı idi. X6 bu günə qədər həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Dəfələrlə bu barədə özünə bildirməsinə baxmayaraq, o qeydiyyata düşəcək başqa yerinin olmamasını bəhanə gətirərək, qeydiyyatdan çıxa bilmədiyini deyir. Şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə müraciət etsə də, Xətai RPİ tərəfindən 11.03.2021-ci il tarixli cavab məktubu verilərək, həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Hesab edir ki, qanunvericilikdə olan yeni dəyişikliyə əsasən, mənzilin əvvəlki sahibi olan X4 ilə arasında olan alqı-satqı müqaviləsinə və dövlət reyestrindən çıxarışa əsasən mənzilin faktiki mülkiyyətçisi o olduğundan və X4 mənzilə dair hüquqlarını tam itirdiyindən, o həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Bu barədə Xətai RPİ-yə ünvanladığı ərizəni həmin orqan icra emtəkdən və X3 qeydiyyatdan çıxarmaqdan əsassız imtina etdiyindən, həmin öhdəlik məhkəmə tərəfindən cavabdeh Xətai RPİ-nin üzərinə qoyulmalıdır.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxsi tanımır, onunla hər hansı qohumluq əlaqəsi yoxdur, həmin evdə yaşamır, hazırda evdəki qeydiyyatı formal xarakter daşıyır.
4. Cavabdeh Xətai rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 27.07.2021-ci il tarixli və 19.08.2021-ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir. II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. Cavabdeh Xətai rayon polis idarəsi tərəfindən iddiaçıya verilmiş 11.03.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırki iş üzrə 10.06.2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində cəlb olunmuşdur.
9. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X4 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi yaşayış yeri üzrə qeydiyyat haqqında 02.03.2021-ci il tarixli arayışa əsasən, X4 Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də qeydiyyatdadır.
11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 10.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1-ə dair X2 məhdud əşya hüquqlarının (istifadə hüquqlarının) qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.
13. Üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etmir.
14. Bakı şəhəri İcra Hakimiyyəti yanında kooperativ evlərin idarəsi "xxxx" MTK tərəfindən verilmiş 01.08.2021-ci il tarixli arayışa əsasən, X4 həqiqətən Bakı şəhəri, Xətai rayonu, Babək pr., ev 76, mən.63-də yaşamır.
IV. Məhkəmənin mövqeyi
15. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X2 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva