Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7286/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 doğum akt qeydində adının “Abas”, ata adının “Babəli”, doğum təvəllüdünün “xx.xx.1955-ci il”, həmçinin ata qrafasında ata adının “Babəli”, ana qrafasında “Raisa” kimi qeyd edilməsi və həmin məlumatlara uyğun müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən cavabdeh inzibati orqana müraciət edilərək, X1 (iddiaçıların müvafiq olaraq atasının və ərinin) doğumu haqqında arayışın verilməsi xahiş edilmişdir. Müraciəti üzrə cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3-16-5/7-R-70-1153/24 saylı məktubla imtina etmişdir. X1 doğum haqqında arayışının verilməsində aidiyyəti şəxslər, yəni mərhumun vərəsələri arasında mübahisə mövcud deyil və notariat ofisi tərəfindən verilən arayışdan görünün ki, tək vərəsə olaraq iddiaçılardan biri, yəni İddiaçı2 müəyyən edilmişdir. Bununla yanaşı, arayışın verilməsi üçün cavabdeh inzibati orqana tərəflərindən mərhum Abas Qayıbova məxsus müvafiq doğum haqqında şəhadətnamənin əsli təqdim edilmişdir. Həmin şəhadətnamədən görünür ki, əvvəllər Abas Qayıbovun adı və ata adı yalnış qeyd edilmiş, yəni adı “Eldar”, ata adı “Baba” kimi qeyd edilmişdir. Lakin, xx.xx.1959-cu ildə həmin şəhadətnamədə düzəliş edilmiş və mərhumun adı “Abas”, ata adı “Babəli” düzəldilmişdir. Qeyd olunan düzəliş həmin dövrdə müvafiq qurumun möhürü ilə təsdiqlənmişdir. Cavabdeh inzibati orqan həmin düzəlişi nəzərə alıb, sistemdə düzəliş etməli və zəruri arayışın verilməsini təmin etməli idi. O da qeyd olunur ki, X6 X1 qardaşıdır və onun özünə məxsus doğum haqqında şəhadətnaməsi mövcuddur. Digər tərəfdən, cavabdeh inzibati orqan bildirmişdir ki, arxiv sənədlərində X1 doğum təvəllüdü xx.xx.1958-ci il kimi qeyd edilib. Halbuki, təqdim olunan doğum haqqında şəhadətnamədən görünür ki, doğum Abas Qayıbovun təvəllüdü xx.xx.1955-ci ildir, hətta doğum təvəllüdü yazı olaraq da qeyd edilmiş və həmin hissəyə heç bir müdaxilə edilməmişdir. Daha sonra həm şifahi, həm də yazılı şəkildə cavabdeh inzibati orqana müraciət edilərək, X1 doğum haqqında şəhadətnaməsində mərhumun atasının və anasının adında müvafiq düzəlişlərin edilməsini xahiş etmişdirlər. Vətəndaşların akt qeydlərində və bazada mərhumun ata və anasının adları müvafiq olaraq “Babəli” və “Raisa” kimi qeyd olunmuşdur. Lakin, iddiaçılarda mövcud olan doğum haqqında şəhadətnamədə müvafiq qeydlər yalnış aparılmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən ərizəçinin atası X5 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 755 saylı ölüm haqqında akt qeydində ölən şəxsin, ərizəçinin Qaradağ rayon Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1981-ci ildə tərtib edilmiş 182 saylı doğumu haqqında akt qeydində ata haqqında məlumat qrafasında, valideynlərinin xx.xx.1980-cı ildə tərtib edilmiş 343 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında adı “Abas”, ata adı “Babəli”, doğum tarixi “xx.xx.1955-ci il” yazıldığı aşkar edilmişdir. Ərizəçinin ərizəsinə əlavə edilmiş atasının doğum haqqında şəhadətnaməsinə əsasən Qaradağ rayon qeydiyyat şöbəsinin arxivində aşkar edilən Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydinin həm Qaradağ rayon qeydiyyat şöbəsindəsaxlanılan nüsxəsində, həm də Vətəndaşlıq Vəziyyəti aktlarının arxivində saxlanılan nüsxəsində uşaq haqqında məlumat qrafasında adı “Eldar”, ata adı “Baba”, doğum tarixi “03.01,1958-ci il” qeyd edildiyi tərəfimizdən müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, vətəndaşın şöbəyə təqdim etdiyi atasına məxsus doğum haqqında şəhadətnamədə göstərilən qeydiyyat tarixi və nömrəsi şöbədə saxlanılan akt qeydinin tarix və nömrəsi ziddiyyət təşkil edir. Belə ki, şəhadətnamədə akt qeydinin tərtib edilmə tarixi xx.xx.1955-ci il, nömrəsi 08 göstərilsə də, akt nömrəsi 11 göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 755 saylı ölüm haqqında akt qeydində şəxsin adı “Abas”, ata adı “Babəli” qeyd edilmişdir. Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu tərəfindən verilmiş 018927 nömrəli diplomda diplom sahibinin adı “Abas”, ata adı “Babəli” qeyd edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 13 saylı ölüm haqqında akt qeydində şəxsin adı adı “Babalı”, soyadı “Qayıbov”, ata adı “Abas” qeyd edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə tərtib edilmiş 275 saylı ölüm haqqında akt qeydində şəxsin adı adı “Raisa”, soyadı “Qayıbova”, ata adı “Qara” qeyd edilmişdir. X3 doğum haqqında şəhadətnaməsində ata adı “Babali”, ana adı “Raisa”, doğum tarixi “xx.xx.1961-ci il” qeyd edilmişdir. X2 doğum haqqında şəhadətnaməsində ata adı “Babali”, ana adı “Raisa”, doğum tarixi “xx.xx.1965-ci il” qeyd edilmişdir. X4 doğum haqqında şəhadətnaməsində ata adı “Babali”, ana adı “Raisa”, doğum tarixi “xx.xx.1953-cü il” qeyd edilmişdir. Qaradağ rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş: Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydində şəxsin adı “Eldar”, ata adı “Baba”, ana adı “Raisa”, doğum tarixi “xx.xx.1958-ci il” qeyd edilmişdir. xx.xx.1980-ci il tarixli, 343 nömrəli nikahın bağlanması haqqında akt qeydində kişi qrafasında adı “Abas”, ata adı “Babali”, doğum tarixi “xx.xx.1955-ci il” qeyd edilmişdir. İddiaçı1 aid xx.xx.1981-ci il tarixli, 182 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatlarda adı “Abas”, ata adı “Babali”, doğum tarixi “xx.xx.1955-ci il” qeyd edilmişdir. X5 doğum haqqında şəhadətnaməsində ata adı “Baba”, ana adı “Raya”, doğum tarixi “xx.xx.1955-ci il” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İddiaçı1 mərhum atası, İddiaçı2 mərhum ərinin adı “Abas”, ata adı “Babəli”, doğulduğu vaxt “xx.xx.1955” olduğu halda, Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydində şəxsin adı “Eldar”, ata adı “Baba”, doğulduğu vaxt “xx.xx.1958” qeyd edilmişdir. İş materiallarından görünür ki, mərhum şəxsin bacılarının və qardaşının doğum haqqında şəhadətnamələrinə, valideynlərinin ölüm haqqında şəhadətnamələrinə, şəxsə aid nikahın bağlanması haqqında akt qeydinə, uşağının doğum haqqında akt qeydinə, onun diplomuna əsasən adı “Abas”, ata adı “Babəli”, doğulduğu vaxt “xx.xx.1955” olmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda, şəxsin məlumatlarının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər, ölüm haqqında akt qeydi və s. doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumatlar texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Eldar”dan “Abas”a, “ata adı” qrafasında “Baba”dan “Babəli”yə, “doğulduğu vaxt” qrafasında “xx.xx.1958”dən “xx.xx.1955”ə, ata haqqında məlumatların “adı” qrafasında “Baba”dan “Babəli”yə dəyişiklik edilməsi dəyişiklik edilməsi öhdəliyi Qaradağ qayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Ələt icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 11 saylı doğum haqqında akt qeydində səhvlər düzəldilərək uşaq haqqında məlumatların “adı” qrafasında “Eldar”dan “Abas”a, “ata adı” qrafasında “Baba”dan “Babəli”yə, “doğulduğu vaxt” qrafasında “xx.xx.1958”dən “xx.xx.1955”ə, ata haqqında məlumatların “adı” qrafasında “Baba”dan “Babəli”yə dəyişiklik edilməsi öhdəliyi Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov