Məhkəmə qərarları › İş №2-1(112)-7288/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7288/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7288/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlunun (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “X1 dövlət qeydiyyatına alınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, “X2”nun dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin 2-1(112)-7288/2021 saylı 21.10.2021-ci il tarixli Qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-7288/2021 saylı 15.11.2021-ci il tarixli Qərardadına əsasən iddia tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı olan hissədə qeyri-mümkün hesab edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar bildirirlər ki, İddiaçı3 “X1” dövlət qeydiyyatına alınmasına dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ona ünvanlanmış 25.01.2021-ci il tarixli, 05/6276-13 məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökümət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin tələblərinə riayət edilməsi müəyyən edilmişdir. İddiaçlar tərəfindən fondun nizamnamə kapitalına dair sənədi əlavə edilməmişdir. Buna görə də “X1” dövlət qeydiyyatına alınmasından imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Daha sonra nizamnamə kapitalının bank hesabına mədaxil qəbzini sənədlərə əlavə edərək, yenidən qeydiyyat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi 02.04.2021ci tarixdə 05/1298-13 saylı cavab məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Buna görə də nöqsanın aradan qaldırılması üçün sənədlər iddiaçılara geri qaytarılmışdır. İddiaçılar sonra yenidən “X1” dölvlət qeydiyyatına alınmasına mane olan halları aradan qaldıraraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişlər. Yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi 26.05.2021-ci tarixdə 05/1298/2-13 saylı cavab məktubunda bildirmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurumun nizamnaməsində Himayəçilik Şurası və onun formalaşması haqda məlumatlar qeyd olunmamışdır. Buna görə də nöqsanın aradan qaldırılması üçün sənədlər geri qaytarılmışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi “X1” dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edir. Belə ki, hər dəfə müraciət zamanı fərqli səbəblərlə sənədlər geri qaytarır. Halbuki nöqsanların aradan qaldırılması üçün sənədlərin geri qaytarılmasına heç bir ehtiyac yoxdur. Təsisçi olaraq iddiaçılarla telefon və digər əlaqə vasitələri mübahisəli məsələni aydınlaşdırmaq mümkün olardı. Qeyri-kommersiya təşkilatlarının yaranmasından fərqli olaraq, kommersiya təşkilatlarının yaradılması zamanı imtinada göstərilənlərə dair hər hansı bir tləb yoxdur. Qeyd edilməlidir ki, hüquqi şəxs yaradıldıqdan və hesablaşma hesabı açıldıqdan sonra təsisçi tərəfindən nizamnamə kapitalının ödənilməsi praktikası artıq bir neçə ildir ki, tətbiq edilir...Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, cavabdeh qeyd edir ki, Qurumun təsis sənədləri ilk dəfə 11.12.2020-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra 25.01.2021-ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin müddəalarına zidd olaraq fondun nizamnamə kapitalına dair sənəd təqdim olunmamışdır. 16.02.2021-ci il tarixdə qurumun sənədləri yenidən nazirliyə təqdim olunmuşdur. Sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, qurumun dövlət qeydiyyatına alınması üçün ərizə bütün təsisçilər tərəfindən imzalanmamış və notariat qaydasında təsdiqlənməmişdir. Sonuncu dəfə qurumun sənədləri 13.04.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən fondun nizamnaməsində digər məsələlərlə yanaşı Himayəçilik Şurası və onun formalaşması qaydası haqda məlumatlar qeyd olunmalıdır. Lakin nizamnamədə həmin məlumatlar qeyd olunmadığından 26.05.2021-ci il tarixdə sənədlər geri qaytarılmışdır. İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlu iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilmiş, habelə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməklə şifahi məhkəmə baxışı iclasına çağırılmış, lakin tərəflərdən İddiaçı1, İddiaçı2 və cavabdehlərin nümayəndələri səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, işə qeyd olunan tərəflərin iştirakları olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materaillarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 02.04.2021-ci il tarixli, 05/1298-13 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Qurumun dövlət qeydiyyatına alınması üçün ərizənin bütün təsisçilər tərəfindən imzalanmadığı və notarial qaydada təsdiq olunmadığı bildirilmişdie. Göstərilənlərə və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 26.05.2021-ci il tarixli, 05/1298-13 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinin tələblərinə əməl edilməməsi, qurumun nizamnaməsində Himayəmilik Şurası və onun formalaşması haqqında məlumatların qeyd olunmadığı, bu baxımdan «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Növbəti dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı3 ünvanlanmış 25.01.2021-ci il tarixli, 05/6276-13 saylı məktubundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən «Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsinin tələblərinə riayət edilməyərək, fondun nizamnamə kapitalına dair sənədin müraciət ərizəsinə əlavə olunmadığı, göstərilənlərə əsasən «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılmışdır. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasi Qanununun 12.1-1-ci maddəsinə əsasən fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. «Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Məhkəmə qeyd edir ki, Respublikada insan hüquqları sahəsində kifayət qədər ictimai birliklər qeydiyyata alınmışdır. Ona görə də, məhkəmə hesab edir ki, birliyin sənədlərində uyğunsuzluq olduğundan onun qeydiyyatından imtina edilməsi heç də insan hüquqlarının pozuntusu kimi xarakterizə edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Nazirlik tərəfindən sənədlərin geri qaytarılması barədə məktub «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırıldığından əsassız hesab edilə bilməz. Belə ki, sonuncu imtina məktubu ilə təsis sənədlərindəki (nizamnamə kapitalına dair sənədlər) çatışmazlıqların aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə olmadığı müəyyən edilir. Bu isə, təşkilatın təqdim etdiyi ərizəyə əlavə edilmiş təsis sənədlərində aşkar olunmuş pozuntuların aradan qaldırıldıqdan sonra fondun dövlət qeydiyyatına alınmasının və dövlət reyestrinə daxil edilməsinin qanunauyğun olacağını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar