Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7288/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 26 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********461500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12390/2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1401/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12390/2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizələrlə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********461500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsi tərəfindən təqdim edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 06 iyul 2023-cü il tarixli **********461500 nömrəli qərarda bildirilmişdir ki, “Təqdim edilmiş bəyannamə, hesab üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 21014,74 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 41910,64 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 20895,60 manat məbləğində müəyyən edilmişdir. Qərarda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 101.897,25 manat tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Tərəfinizdən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı məbləğlərinin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1№-li əlavəsində qeyd olunan əsas vəsaitlərin məbləğlərinin cəmi çıxılmaqla yaranan məbləğ arasında 83083 manat fərq yaranmışdır. Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021-ci il ərzində tərəfinizdən təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 17335 manat kənarlaşma yaranmışdır.” Həmin qərar qanunsuz və əsassız hesab edilir. Belə ki, İddiaçı MMC ilə fərdi sahibkar X4 (VÖEN **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AM/BP 01 nömrəli müqaviləyə görə, icraçı sifarişçinin tapşırığı üzrə şokolad məhsullarının hazırlanmasını öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli 1№-li təhvil-təslim aktına əsasən, icraçı X4 tərəfindən hər birinin qiyməti 12,84 manat olan, ümumi dəyəri 15408 manat olan 1200 ədəd şokolad məhsulları sifarişçi İddiaçı MMC-yə təhvil verilmişdir. X4 tərəfindən İddiaçı MMC-yə EBCL seriyalı 170469 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmişdir. İddiaçı MMC ilə fərdi sahibkar X5 (VÖEN **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KO/xx.xx.2022 nömrəli müqaviləyə görə, sifarişçinin tapşırığı əsasında icraçı şirniyyat məhsullarını hazırlanmasını öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli 1 №-li təhvil təslim aktına əsasən icraçı X5 tərəfindən hər birinin qiyməti 0,50 manat olan 1480 ədəd şəkərçörəyi, cəmi məbləği 740 manat; hər birinin qiyməti 0,30 manat olan 2845 ədəd kurabiyə, cəmi məbləği 853,50 manat; hər birinin qiyməti 0,80 manat olan 1480 ədəd kökə, cəmi məbləği 1184 manat; hər birinin qiyməti 0,60 manat olan 1110 ədəd külçə, cəmi məbləği 666 manat; hər birinin qiyməti 0,55 manat olan 1480 ədəd kətə, cəmi məbləği 814 manat; hər birinin qiyməti 0,80 manat olan 1110 ədəd badambura, cəmi məbləği 888 manat; hər birinin qiyməti 1,00 manat o,lan 1665 ədəd paxlava, cəmi məbləği 1665 manat, ümumi dəyəri 6810 manat məbləğində olan şirniyyatlar İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC ilə fərdi sahibkar X5 (VÖEN **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli KO/xx.xx.2022 nömrəli müqaviləyə görə, sifarişçinin tapşırığı əsasında icraçı şirniyyat məhsullarını hazırlanmasını öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli 1№-li təhviltəslim aktına görə, icraçı X5 tərəfindən hər birinin qiyməti 0,30 manat olan 2570 ədəd kurabiyə, cəmi məbləği 771 manat; hər bilinin qiyməti 0,55 manat olan 1385 ədəd kətə cəmi məbləği 761,71 manat; hər birinin qiyməti 0,50 manat olan 1400 ədəd şəkərçörəyi cəmi məbləği 700 manat; hər birinin qiyməti 0,60 manat olan 1050 ədəd külçə cəmi məbləği 630 manat; hər birinin qiyməti 0,80 manat olan 1220 ədəd kökə cəmi məbləği 976 manat; hər birinin qiyməti 0,80 manat olan 1050 ədəd badambura cəmi məbləği 840 manat; hər birinin qiyməti 1,00 manat olan 1600 ədəd paxlava cəmi məbləği 1600 manat; ümumi dəyəri 6278,75 manat məbləğində olan şirniyyatlar sifarişçi İddiaçı MMC-yə təhvil verilmişdir. Fərdi sahibkar X5 tərəfindən İddiaçı MMC-yə EBCL seriyalı 467814 №-li xx.xx.2022-ci il tarixli və EBCM seriyalı 038583 №-li xx.xx.2022-ci il tarixli elektron qaimələr təqdim edilmişdir. İddiaçı MMC ilə fərdi sahibkar X2 (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli, V/BU-22 nömrəli alqı-satqı və xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsi olan qiymət razılaşdırılması haqqında protokolunda hər birinin qiyməti 40 manat 185 ədəd qutu üçün 7400 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görəsatıcı X2 tərəfindən hər birinin qiyməti 40 manat 185 ədəd qutu alıcı İddiaçı MMC-yə təhvil verilmişdir. Fərdi sahibkar X2 tərəfindən İddiaçı MMC-yə EBCL seriyalı 916571 №-li xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RS-BP xx-xx-2022 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsi olan qiymət razılaşdırılması haqqında protokolunda hər birinin qiyməti 80 manat olan 200 ədəd taxtadan yumru qutu üçün 16000 manat, hər birinin qiyməti 50 manat olan 1000 ədəd karton dördkünc qutu üçün 50000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən hər birinin qiyməti 80 manat olan 200 ədəd taxtadan yumru qutu cəmi məbləği 16000 manat, hər birinin qiyməti 50 manat olan 1000 ədəd karton dördkünc qutu cəmi məbləği 10000 manat, yekun qiyməti 66000 manat dəyərində olan malları icraçı "xxxx" MMC tərəfindən sifarişçi İddiaçı MMC-yə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə EBBS seriyalı 932627 №-li xx.xx.2022-ci ü tarixli elektron qaimə təqdim edilmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 101897,25 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Əlavə olaraq, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan “Əsas vəsaitlərin dəyəri” sətrinin “Dövr ərzində daxil olmuşdur” məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir","Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 83083 manat fərq yaranmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021 -ci il ərzində təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 17355 manat kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********553600 nömrəli və xx.xx.2023-ci il tarixli **********973200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə 20895,90 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********461500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. X2 (**********) tərəfindən xx.xx.2022xx.xx.2023-cü il tarixdə cəmi 53,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Bumvinil qutu (32*22), qutu, lent yazı ilə və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. X4 (**********) tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 15,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Şokolad" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuşdur. X5 tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 13 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Külçə, Kurabiyə, Kətə, Şəkərçörəyi və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (2********) Vergi ödəyicisi tərəfindən 01.02-xx.xx.2022-ci il tarixlərində 70954,80 manat dəyərində "Karton dördkünc qutu, Taxtadan yumuru qutu, Karton qutu, Kağız canta və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin İnterner Vergi İdarəsi portalında elektron qaimə fakturaları alarkən həmin ödəyicilərin riskli olması barədə bildirişləri əldə etməmişdir. Bildirilmişdir ki, vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicisinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Bundan əlavə, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********461500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 2022-ci il üzrə 20895,90 manat əlavə vergi məbləği hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. İş materiallarından görünür ki, iddiaçının 2022-ci il ərzində X4 (VÖEN **********) ilə 1 (xx.xx.2022-ci il tarixli EBCL 170469), X5 (VÖEN **********) ilə 2 (xx.xx.2022-ci il tarixli EBCL 467814 və xx.xx.2022-ci il tarixli EBCM 038583), X2 (VÖEN **********) ilə 1 (xx.xx.2022-ci il tarixli EBCL 916571) və "xxxx" MMC (VÖEN **********) ilə 1 (xx.xx.2022ci il tarixli EBBS 932627) olmaqla, ümumilikdə 5 elektron qaimə-faktura əsasında mal və xidmət almışdır. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən vergi ödəyicilərinin həmin əməliyyatların aparıldığı dövrdə riskli vergi ödəyicisi olub-olmamasının aydınlaşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 №-li Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). İş materialları ilə müəyyən edilir ki, X4 (VÖEN **********) xx.xx.2023-cü il, X5 (VÖEN **********) xx.xx.2023-cü il, X2 (VÖEN **********) xx.xx.2023-cü il və "xxxx" MMC (VÖEN **********) xx.xx.2022-ci il tarixli qərarlarla, cavabdehin istinad etdiyi əməliyyatlardan sonra riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh vergi orqanı əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Yalnız satıcının mülkiyyətində həmin malın olmaması əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli sayıla bilməz. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********461500 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********461500 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7288/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7288/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver