Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7289/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qaz xəttinin çəkilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün aidiyyatı üzrə Cavabdehnə ünvanlanmış müraciət müxtəlif əsassız səbəblərə görə öz müsbət həllini tapmır. Bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyinə iddiaçının müraciəti də müsbət nəticə verməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tyarixli 2-1(112)-11979/2023 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilməklə, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1452/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-11979/2023 saylı qərardadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, qeyd olunan iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012- ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı təbii qazın çəkilişi ilə bağlı müraciəti Cavabdeh işçiləri tərəfindən yerində araşdırılılmış və iddiaçı tərəfindən mülkiyyət sənədləri təqdim edilmədiyi üçün rəy və təkliflər verilməsi mümkün olmamış və torpağın sənayə təyinatlı olduğu müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclaısnda iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1011 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü tarixli, 13-15-2-1/2-M-5-889/2023 nömrəli məktubunda qeyd etmişdir ki, ilkin müraciətinizin araşdırılması məqsədilə Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2023-cü il tarixində sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilən zaman fərdi yaşayış evindən 20-25 metr məsafədə 057 mm-lik küçə qaz xəttinin mövcud olduğu və ərazidə yerləşən bir neçə fərdi yaşayış evinin qazlaşdırıldığı müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, xx.xx.1998-ci il tarixli 513-İQ nömrəli “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci və 12-ci hissələrinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, fərdi yaşayış evinin qazlaşdırılması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün Cavabdehnə (bundan sonra - İB) xx.xx.2023-cü il tarixli 3- 15-2-1/2-M-5-493/2023 nömrəli, təkrarən xx.xx.2023-cü il tarixli 3-15-2/2-M-5-40/2023 nömrəli məktublarla sorğular göndərilsə də, İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/2- 1919/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 14-2- 2/3-7-3050/2023 nömrəli cavab məktublarında sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin SOCAR-ın sənaye təyinatlı ərazilərinə aid olması səbəbindən həmin fərdi yaşayış evinin qazlaşdırılmasının İB-nin səlahiyyətləri xaricində olduğu və SOCAR-dan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı icazə alınacağı təqdirdə Qarabağ müharibəsi iştirakçısı olmanızı nəzərə alaraq fərdi evin qazlaşdırılmasının İB-nin daxili imkanları hesabına aparıla bilinəcəyi bildirilmişdir. Yaranmış mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllini tapmadığını nəzərə alaraq, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən, qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-1/2- 1048/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən İddiaçı Məmməd oğluna məxsus fərdi yaşayış evinin qazlaşmasının mümkünlüyü barədə 2-1(112)-7289/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, qaz qurğularının quraşdırılması “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) və bu Qanun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifariş ilə, onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsi və satılmasını təşkil etməlidir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydasının 2.2-ci yarımbəndinə əsasən evin qazlaşması haqqında texniki şərt alınması üçün evin yerləşdiyi torpaq sahəsinin və ya evin mülkiyyət sənədi qazpaylayıcıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması Qanunun 13-cü maddəsinin 10-1-ci hissəsinə əsasən qadağandır. Cavabdeh İddiaçı Məmməd oğlu ilə əlaqə saxlanılmış və o, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Məmməd oğlu fərdi yaşayış evinin mülkiyyətini təsdiq edən sənədi əldə etdikdən sonra sözügedən fərdi yaşayış evinin qazlaşdırılması üçün “ASAN xidmət” və ya “Asan kommunal” mərkəziləri vasitəsilə Cavabdehnə müraciət edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan cavabdehin qazla təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir, lakin cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.4-cü bəndinə əsasən hər bir sifarişçinin bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə qoşulması və qaz sayğacının quraşdırılmasını mübahisələndirir. İddiaçının iddia etdiyi fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı iddia etdiyi fərdi yaşayış evi ilə bağlı memarlıq planlaşdırma bölməsi (fərdi evin layihəsi) iş materiallarına əlavə etsə də həmin yaşayış evinin tikintisi ilə bağlı təqdim edilmiş layihənin Binəqədi Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılması və tikintinin aparılması üçün vacib olan şərtlər barədə iddiaçı tərəfindən məlumatlandırılması (məlumatlandırma icraatı) müəyyən olunmur. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən: qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi; texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; -4-cü maddəsinin 2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. -7.1-ci maddəsinə əsasən qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir: 1.1. qazın istehsalı və təbii qazın emalı; 1.2. qazın nəqli; 1.3. qazın paylanması; 1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı; 1.5. sənaye qaz qurğusunun istismarı. -11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 1-ci bəndinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -3-cü bəndinə görə qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz qurğusu dedikdə, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları), texniki şərtlər dedikdə isə tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd başa düşülür. Həmin Qaydaların: -1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. -2.1-ci bəndinə görə yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydasının aşağıdakı bəndlərinə əsasən: -2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. -2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan qazın ümumi saatlıq buraxılış həcmi; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). xx.xx.2023-cü il tarixli 893-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilərək, 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qanunun 2-ci maddəsinə əsasən dəyişikliyin 2023-cü il oktyabrın 1-dən qüvvəyə minməsi təsbit edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İstinad olunan normalardan görünür ki, qanunverici şəxsin müraciəti əsasında onun qaz qurğusunun qazpaylayıcı şəbəkəyə qoşulmasını və istehlakçıya qazın verilməsi üçün alqı-satqı müqaviləsinin bağlanmasını mümkün hesab etmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən evin qazlaşması haqqında texniki şərt alınması üçün fərdi yaşayış evi və ya evin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd, eləcə də fərdi yaşayış evinin məlumatlandırma icraatına riayət edilməsini təsdiq edən sənədlərin qazpaylayıcıya təqdim edilməsi tələb olunur. Qeyd edilən sənədlər isə hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdehnə qarşı "qaz xəttinin çəkilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7289/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7289/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver