Məhkəmə qərarları › İş №2-1(112)-7292/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7292/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7292/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərhəd keçirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən onun sərhəd keçib getməyinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə "xxxx" ASC-də işlədiyi zaman, müəssisənin rəhbərliyi "xxxx" ASC-dən müəssisənin istehsalatını təmin etmək üçün onun adına kredit götürülmüş və uzun müddət krediti qaytarmamışdır. Sonradan "xxxx" ASC-nin rəhbəri olmuş Cahangir Hacıyev barəsində başlamış cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılan istintaqla əlaqədar iddiaçı istintaqa dəvət edilmiş və istintaq zamanı ifadələri alınmış və istintaqın sonunda məlum olmuşdur ki, onun həmin kredit vəsaitinə heç bir aidiyyatı olmamışdır. Lakin o zaman, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılan istintaq işi ilə əlaqədar həm iddiaçının respublika sərhədlərindən çıxmağına qadağa (məhdudiyyət) qoyulmuş, həm də iddiaçının ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilinin üzərinə həbs qoymuşdur. İddiaçı uzun müddət bundan xəbərsiz olmuşdur, sonradan, yəni 2021-ci ildə əmlak barədə Arayış üçün müraciət etdikdə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyest Xidməti tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında mənzilin üzərinə məhdudiyyət qoyulmuşdur. İddiaçı hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-69/2018-ci il tarixli Qətnaməsi ilə “Beynalxalq bankın” borc hüquqlarının tələb üzrə varisi "xxxx" QSC-nin "xxxx" ASC-yə və iddiaçıya qarşı iddia tələbini təmin edilsə də, sonradan "xxxx" ASC Banka olan bütün borcunu ödəmiş və hal-hazırda nə iddiaçının, nə də müəssisənin Banka heç bir borcu yoxdur. Bu barədə “X3 Edilməsi Agentliyi” MMC-nin 2513 №-li xx.xx.2021-ci il tarixli, 2760 №-li xx.xx.2021-ci il tarixli məktublarında və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 3-11/2423 №-li xx.xx.2021-ci il tarixli məktubunda “Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-69/2018-ci il tarixli Qətnaməsi” üzrə İddiaçı Banka heç bir borcunun olmadığı göstərilmişdir. Hazırda xəstəliyi ilə əlaqədar Respublika sərhədlərini keçmək istədikdə iddiaçıya bildirilmişdir ki, “onun sərhəddən keçib getməyinə məhdudiyyət qoyulmuşdur”. İddiaçının 71 yaşı var və ürək xəstəliyindən və böyrək təzyiqlərindən əziyyət çəkir. Ona görə 2022-ci ilin fevral ayında həm AR DİN-nə, həm də AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir, lakin müraciət olunan tələblər barədə heç bir tədbir görülməmişdir. İddiaçı ilkin olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə, daha sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək onun və mənzilinin üzərinə qoyulmuş qadağa və məhdudiyyətin götürməsini xahiş etmişdir. Hər iki məhkəmə iddiaçının aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etməyini bildirməklə ərizələrini geri qaytarmış, ya da təmin etməmişdir. Ona görə iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur.

3. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı qeyd olunan mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

4. “X3 Edilməsi Agentliyi” MMC tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatmın idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasını səmərəli təşkil etmək maqsədi ilə "xxxx" QSC ilə “X3 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. Nəsimi rayon Məhkəməsinin 2(006)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı xx.xx.2010-cu il tarixli 4540 saylı kredit müqaviləsi üzrə 13233.56 (on üç min iki yüz otuz üç manat, 56 qəpik) manat faiz borcu və xx.xx.2010-cu il tarixli 4560 saylı kredit müqaviləsi üzrə 4266,92 (dörd min iki yüz altmış altı manat 92 qəpik) manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 8 (səkkiz) manatı alınaraq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Məlumat üçün bildirilmişdir ki, borclu İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)- 69/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə borcu bağlamışdır və hal-hazırda Cəmiyyət qarşısında heç bir öhdəliyi yoxdur.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X6 Nəzarəti tərəfindən ünvanlanan məktubda qeyd olunmuşdur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

10. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırki iş üzrə çatmaq istədiyi məqsəd onun Azərbaycan Respublikası sərhədlərindən kənara getməyinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasıdır. Məhkəmə iddiaçının ölkədən çıxışına məhdudiyyətin mövcudluğu və olduğu təqdirdə məhdudiyyətin əsasları barədə məlumatın təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu ünvalamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı bildirilmişdir.

11. Məhkəmə qeyd edir ki, İddiaçı ölkədən çıxışına hər hansı məhdudiyyət mövcud olmadığından iddiaçının hazırki tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

12. Odur ki, iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxilə mövcud deyildir. Beləliklə, məhkəmə real və ciddi mübahisənin mövcud olduğunu müəyyən etmir.

13. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

14. Odur ki, iddia mümkün sayılmamalıdır.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar