Məhkəmə qərarları › İş №2-1(112)-7292/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7292/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7292/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdən “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – cavabeh) tərəfindən MN-22355 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - üçüncü şəxs) göndərilmiş və həmin tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır. MN-22355 nömrəli məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı – 890 manat, rütbə maaşı – 154 manat, xidmət illərinə görə 30% əlavə - 313,20 manat, ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 311,50 manat, 20% Prezident əlavəsi - 178 manat, təminat xərcliyinin cəmi məbləği – 1910,70 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” da nəzərə alınmaq yeni məlumat vərəqinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2025ci il tarixli məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikası Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən ediimişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Yuxarıda qeyd olunanlara istinad olaraq hesab edirlər ki, müraciətinizdə qeyd etdiyiniz birdəfəlik ödəniş növləri olan “Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə öz əksini tapmadığına görə Sizə əmək pensiyasının təyin olunması üçün tərəfimizdən tərtib olunmuş MN-22355 nömrəli “Məlumat vərəqi”ndə qeyd olunmuş ödəniş növlərinin göstərilməsi Qanuna müvafiq hesab olunmur.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət dövründə birdəfəlik pul mükafatını və məzuniyyət pulunu aldığına görə, həmçinin bu məbləğlərin məcburi dövlət sosial sığorta haqqını ödədiyinə görə, həmin məbləğlərin orta aylıq hissəsi nəzərə alınmaqla pensiya təminatının məbləği yenidən hesablanması üçün məlumat vərəqinin adına tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəlikləri cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyə-Büdcə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-2024-cü illlər dövründə həqiqi hərbi xidmətdə olmuşdur və xx.xx.2024-cü il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır və hal hazırda əmək pensiyaçısıdır. Cavabdeh tərəfindən üçüncü şəxsə göndərilən onun adına tərtib edilmiş məlumat vərəqinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilib. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsi üçün məlumat vərəqində məcburi sosial sığortası ödənilən bütün əlavələr tam göstərilməyib. Belə ki, hərbi qulluqçulara hər il birdəfəlik ödənişlər formasında aylıq vəzifə və rütbə maaşının 2 (iki) mislinə qədər birdəfəlik pul mükafatı və aylıq vəzifə maaşının 1 (bir) misli miqdarında məzuniyyət pulu ödənilir və bu ödənişlər 2020-ci il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aid olduğuna görə onlardan məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin cavabdeh onun aylıq pul təminatına məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növünə aid olunmuş birdəfəlik pul mükafatının və məzuniyyət pulunun hesablanmış orta aylıq məbləğini daxil etməmişdir. O cavabdehə müraciət edərək pensiya təminatının məbləği hesablanan zaman birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğlərinin orta aylıq hissəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia ərizəsinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hərbi qulluqçuların pensiyası" Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə müəyyən edilmiş "Məlumat vərəqi" əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 tərəfindən təyin edilir. Hərbi qulluqçuların pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Hərbi qulluqçuların tutduğu vəzifəsinə, xidmət növünə, xidmət müddətinə və hərbi uçot ixtisasına müvafiq olaraq aybaay aldıqları pul təminatına aylıq təminat xərcliyi deyilir. Aylıq təminat xərcliyi (pul təminatı) mütəmadi xarakter daşıyır və aşağıda qeyd olunan ödəniş növlərindən ibarətdir: aylıq vəzifə maaşı; aylıq rütbə maaşı; uzun müddət xidmətə görə faiz əlavəsi; o cümlədən vəzifə maaşından hesablanan əlavələr: məharət (ixtisas) dərəcəsinə görə əlavə; Azərbaycan Respublikasının iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə xidmətə görə faiz əlavəsi; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik pul əlavəsi; kəşfiyyat fəaliyyəti subyektlərinə məxfiçiliyə görə ödənilən vəzifə maaşına əlavə; xarici dilləri bilmək üçün verilən pul əlavəsi; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən vəzifə maaşının 20 faizi miqdarında əlavə; Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq müəyyən edilən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, həmçinin işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş əməliyyat (komando) hərbi hisələrində və X5 tərkibində olan xüsusi təyinatlı briqadalarda xidmət edən hərbi qulluqçulara ödənilən əlavə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş pilotsuz uçuş aparatlarını idarə edən və idarəetməsində iştirak edən, həmçinin onlara xidmət göstərən hərbi qulluqçulara ödənilən əlavə; elmi dərəcə və fəxri adlara görə əlavələr; təmsilçilik xərci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq müəyyən edilmiş Kibertəhlükəsizlik və informasiya texnologiyaları sistemləri üzrə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavələr; həmçinin vəzifə maaşından hesablanan xidmətin xüsusi şəraitinə görə əlavələr: tankların, özüyeriyən artilleriya qurğularının, PDM-lərin, tank şassiləri üzərində özüyeriyən zenit qurğularının, DKDM-lərin və özüyeriyən haubitsaların ekipajlarına, ZRKların özü yeriyən buraxma qurğularının və bu komplekslərin aşkaretmə və yönəltmə özüyeriyən stansiyalarının heyətlərinə daxil olanlara; aviasiya, xüsusi təyinatlı və kəşfiyyat hərbi hissələrində paraşüt sınaqları vəzifələrində olanlara və döyüş hazırlığı planları üzrə paraşütlə tullanma edənlərə; aviasiya hərbi hissələrində uçuşların təhlükəsizliyini təmin edən aviasiya mütəxəssisləri vəzifələrində xidmət edənlərə; üzən, təmirdə və konservasiyada olan gəmilərin ekipajlarına, gəmilərdə müəyyən edilmiş qaydada daimi yerləşdirilmiş birləşmələrin idarə heyətlərində xidmət edənlərə; uçuş heyəti vəzifələrində xidmət edən və döyüş hazırlığı planlarına əsasən uçuşlar həyata keçirənlərə; hərbi tibb hissələri, müəssisələri və bölmələrində sağlamlıq üçün təhlükəli və ağır iş şəraiti olan hərbi qulluqçulara. Bu siyahıdan göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq pul təminatının tərkibində öz əksini tapmamışdır. Bundan başqa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarı ilə aşağıda qeyd olunan üstəlik pul təminatı növləri təsdiq edilmişdir: zabit vəzifəli heyətə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükatatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərb təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçn birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrələmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul mükafatı; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu. Bu qərardan da göründüyü kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri nizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri, adlarında da qeyd edildiyi kimi, aybaay deyil, birdəfəlik ödəniş xarakteri daşıyırlar. Belə olan halda, bu birdəfəlik ödəniş növlərinin 12 aya bölünərək hərbi qulluqçuların aylıq təminat xərcliyinə daxil edilməsi qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd etdikləri kimi, “hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” və “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növləri hərbi qulluqçuların aylıq təminat xərcliyinə, o cümlədən vəzifə maaşından hesablanan digər əlavələrə daxil deyil və aybaay ödənilmir. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçulara verilən bütün ödəniş növlərindən (“hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım” istisna olmaqla), o cümlədən “qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı” ödəniş növündən tutulan məcburi sosial sığorta haqları hərbi qulluqçuların fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalında formalaşır və onlara pensiya təyin edilən zaman nəzərə alınır. Belə ki, hərbi quluqçuların əmək pensiyaları iki hissədən: sığorta hissəsi və qulluq stajına görə əlavədən ibarətdir. Məcburi sosial sığorta haqları hesabına toplanaraq və müvafiq qaydada hesablanaraq sığorta hissəsini təşkil edən pensiya məbləğləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qulluq stajına görə əlavəni təşkil edən pensiya məbləğləri isə dövlət büdcəsindən maliyələşdirilərək ödənilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul dilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmtəkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) hərbi xidmətdən ehtiyata buraxılmış, cavabdeh tərəfindən MN-22355 nömrəli məlumat vərəqi rəsmiləşdirilərək üçüncü şəxsü göndərilmiş və həmin tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya alır. MN-22355 nömrəli məlumat vərəqinə əsasən iddiaçının vəzifə maaşı – 890 manat, rütbə maaşı – 154 manat, xidmət illərinə görə 30% əlavə - 313,20 manat, ərzaq payı əvəzinə pul kompensasiyası – 64 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 311,50 manat, 20% Prezident əlavəsi - 178 manat, təminat xərcliyinin cəmi məbləği – 1910,70 manat müəyyən edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı birdəfəlik pul mükafatı” və “Növbəti məzuniyyətə çıxarkən hərbi qulluqçulara ödənilən əlavə pul təminatı” da nəzərə alınaraq yeni məlumat vərəqinin üçüncü şəxsə göndərilməsinə yönəlmişdir. Cavabdeh isə hesab edir ki, qeyd edilən ödənişlər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə öz əksini tapmadığına görə yeni məlumat vərəqinin göndərilməsi Qanuna müvafiq hesab olunmur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı, iddia tələbi isə əsaslıdır. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: Bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu.

2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, mövcud qanunvericlik normaları hərbi qulluqçuların əmək pensiyasının hesablanmasını onlar barəsində müvafiq səlahiyyətli orqan (hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən təminat xərcliyinə dair tərtib edilmiş məlumat vərəqəsi əsas götürülməklə nəzərdə tutur. Təminat xərcliyinə daxil olan məbləğlər "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçının təminat xərcliyinə daxil edilməsini xahiş etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri həmin maddədə göstərilməmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli qərarının 1-ci bəndi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növlərinin sırasında hazırkı iddiaçının məlumat vərəqəsində göstərilməsini iddia etdiyi birdəfəlik pul mükafatı və məzuniyyət pulu məbləğləri nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin məbləğlərin Məlumat vərəqində göstərilməsi mümkün deyildir. Cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar