Məhkəmə qərarları › İş №2-1(112)-7293/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7293/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7293/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********2 nömrəli, 20.04.2021-ci il tarixli cavab məktubunda iddiaçının güzəştli iş stajının olmaması səbəbindən tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu 16.02.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 10.09.2002-ci il tarixdən bu günə qədər “X2” MMC-də Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləyir. Güzəştli iş stajı 18 il, 4 ay, 25 gün təşkil edir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında İddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının olmamasını əsas gətirərək, İddiaçının “X2” MMCdə 10.09.2002-01.03.2005-ci il tarixləri arasındakı dövr ərzində Qazan-Turbin sexində qaz kompressoru və köməkçi qazan üzrə işlədiyi operator və maşinist baxıcısı vəzifələrinin Siyahının elektrik stansiyaları, enerji qatarları və güc təsərrüfatı bölməsində nəzərdə tutulmadığını bildirmiş, buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ ******* nömrəli hərbi biletin, ИТ-l ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 25.09.1978-ci il tarixdə Bakı Təcrübi-Eksperimental zavoduna ştamplayıcı şagirdi vəzifəsinə qəbul olunmuş, 16.10.1978-ci il tarixdə ştamplayıcı keçirilmiş, 31.10.1979-cu ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxmışdır. İddiaçı 26.11.1979-01.11.1981-ci illərdə hərbi xidmətdə olmuş, 07.12.1981-07.09.1982-ci il tarixlərində Bakı Təcrübi- Eksperimental zavodunda ştamplayıcı, 29.10.1982-ci il tarixdə “Krasnıy Oktyabr” mebel fabrikində üzləyici şagirdi olaraq işə qəbul olunmuş, 01.02.1983-cü il tarixdən üzləyici vəzifəsinə keçirilmiş, 30.11.1986-01.09.1988-ci illərdə həmin fabrikdə daşıyıcı, 01.09.1988-03.05.1989-cu il tarixlərində daşıyıcılar briqadasının briqada başçısı işləmişdir. 03.05.1989-cu il tarixdən 01.03.1993-cü il tarixədək dəzgahçı, 01.04.1994-22.06.1995-ci il tarixlərində üzləyici vəzifəsində işləmişdir. 26.06.1995-ci il tarixdə “Suraxanıneft” Neftqaz İdarəsinə maşinist vəzifəsinə təyin edilmişdir. 05.09.2002-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı 10.09.2002-ci il tarixdə “Şimal” DRES Qazan-Turbin sexinə qaz kompressoru və köməkçi qazan üzrə operator vəzifəsinə təyin edilmiş, 01.03.2005-ci il tarixdə Qazan-turbin sexinə qazan avadanlığına maşinist baxıcısı vəzifəsinə keçirilmişdir, hazırda həmin vəzifədə işləyir. İddiaçı hazırda ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısı birlikdə olmalıdır:

1. 60 yaşın tamam olması;

2. azı 25 il sığorta stajına malik olmaq;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmaq;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İşin məhkəmə iclasında tədqiq olunan materiallarından məlum olur ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. Belə ki, iddiaçının 60 yaşı 16.02.2021-ci ildə tamam olmuş, o, həmin tarixədək 42 il 26 gün sığorta stajına malik olmuşdur. Göründüyü kimi, iddiaçı 16.02.2021-ci il tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan yaşa və ümumi staja çatmış, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir (cavabdeh bu halı mübahisələndirməmiş, əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir). Həm iddiaçıya verilmiş imtina cavabından, həm də məhkəməyə təqdim edilmiş etirazdan müəyyən olunur ki, cavabdehin əsas mübahisələndirdiyi hal iddiaçının güzəştli stajının olmamasıdır. Bu zaman cavabdeh ona istinad edir ki, iddiaçının işlədiyi “qazanturbin sexinin qazan avadanlığının maşinist baxıcısı” vəzifəsi Siyahıda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Siyahının 24-cü hissəsində “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” üzrə qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının işlədiyi vəzifə qazanturbin sexində qazan avadanlığının maşinist baxıcısı adlanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının iş yeri olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “X2” MMC-nin 103/01-01-3 nömrəli, 03.02.2021-ci il tarixli Güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən də “X2” MMC-də güzəştli peşədə işləyir. İşçi 10.09.2002-ci il tarixdən hal-hazıradək Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcısı vəzifəsində işləyir. Arayışa əsasən güzəştli əmək stajı 18 il, 4 ay, 25 gün təşkil edir. Eyni zamanda iş materiallarında olan “X2” MMC-nin 14.07.2021-ci il tarixli, 103/01-01-76 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməsi üçün əmək stajı barədə 103/01-01-3 saylı 03.02.2021-ci il tarixli arayış verilmişdir. Həmin arayışda qeyd edilir ki, Qazan-Turbin sexində qazan avadanlığı üzrə maşinist baxıcı vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən vəzifə üzrə 18 il, 4 ay, 25 gün əmək stajına sahibdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2008-ci il tarixli 199 saylı qərarının 24 nömrəli bəndinə “Elektrik stansiyaları, Enerji qatarları, buxar və güc təsərrüfatı fəslinə daxildir. “X3” MMC-də 10.09.2002-01.03.2005-ci il tarixləri arasındakı dövr ərzində Qazan- Turbin sexində qaz kompressoru və köməkçi qazan üzrə operator və maşinist baxıcı vəzifələrində işləmişdir. Vəzifənin adı «Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabcası»na (hissə 9) uyğun olaraq tərtib olunub. Həmin ixtisas sorğu kitabçası SSSR-in vaxtında qüvvədə olan - «Единый тарифно-квалификационный справочник работ и профессий рабочих ( выпуск 9)» tərcüməsidi və «Машинист-обходчик по котельному оборудованию» -Qazanxana avadanlığı üzrə maşinist baxıcı kimi qeyd olunub (Əlavə-1). Qüvvədə olan qaydalara əsasən ölkəmizdə bütövlüklə enerji sistemi üzrə bütün fəhlə peşələrinin adları qeyd olunan kitabça üzrə təyin edilir. Həmin kitabça isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli 21.09.1998-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin təsdiqi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 30.09.1998-ci ildə qeydə almışdır. (Qeydiyyat nömrəsi 130). Azərbaycan Republikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) vəzifənin adı qazanxana avadanlığı üzrə nəzarətçi maşinist kimi göstərilib. Yəni Azərbaycan dilində olan sinonim sözlərdən istifadə etməklə texniki səhvə yol verilib. Qazanxana avadanlığı üzrə maşinist baxıcı adlı peşə ilə qazanxana avadanlığı üzrə nəzarətçi maşinist adlı vəzifə mahiyyəti üzrə eynidir və «Машинист-обходчик по котельному оборудованию» peşəsinin tərcüməsidir. Digər tərəfdən, «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»-da da həmin peşə - maşinist baxıcı kimi qeyd olunub. Yuxarıda qeyd olunanları nəzərə alaraq «машинист-обходчик» sözün tərcüməsi texniki səhvdir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlərlə qazan avadanlığının maşinist baxıcılarının eyni əmək funksiyasını yerinə yetirdiklərini, lakin fərqli peşə adının tərcümədən yaranan anlaşılmazlıqla bağlı olduğunu bildirmiş, cavabdeh bunun əksini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 20-8 nömrəli 21.09.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 30.09.1998-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə almış “Energetika və elektrikləşdirmə sahəsinə aid olan fəhlə peşələri və işlərin vahid tarif ixtisas sorğu kitabçası”ndan (hissə-9) görünür ki, elektrik stansiyaları və şəbəkələrinin istismarı və enerji tələbatçılarına (istehlakçılarına) xidmət ilə məşğul olan fəhlə peşələrinin sırasında qazanxana avadanlığı üzrə nəzarətçi maşinist peşəsi yoxdur. Həmin peşələr sırasında qazanxana avadanlığı üzrə maşinist-baxıcı peşəsi mövcuddur, hansı ki, həmin tarixədək qüvvədə olan peşə adı «Машинист-обходчик по котельному оборудованию” olmuşdur. Həmin peşə üzrə işin xüsusiyyəti - qazanın yardımçı avadanlıqlarına; qaz-hava, qaz-mazut və drenaj sistemlərinə, odluq qurğularına, qazanın buxar-suyoluna kimyəvi reagentləri daxil edən qurğulara, qazanın qızmış səthinin üfürmə sisteminə və üfürmə üzrə qurğulara, reduksiya-soyuducu qurğular, çən təsərrüfatına, texniki su və sıxılmış hava sisteminə xidmət etməklə, onların işinə nəzarət edilməsi, qazanın yardımçı avadanlığının fasiləsiz işinin təmin edilməsi, Qazan aqreqatının iş rejiminin idarə olunmasında iştirak etmək, xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, yoxlanılması, qazan qurğusunun istilik sxemində dəyişdirmələr aparılması, avadanlığın işində olan nasazlıqları aşkar edib onların aradan qaldırılması, qəza hallarının ləğv edilməsində iştirak etməkdir. Göründüyü kimi, peşənin adı qazanxana avadanlığı üzrə maşinist-baxıcı olsa da, əmək funksiyalarından biri də qazanxana avadanlığına nəzarət edilməsidir. Məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşmış mövqeyə görə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Beləliklə, iddiaçının işlədiyi müəssisənin arayışı, eyni zamanda həmin sahə üzrə vahid tarif sorğu kitabçasında olan məlumatlar iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşə olduğunu təsdiq edir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının 16.02.2021-ci il tarixə 15 ildən çox güzəştli iş stajı mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan bütün şərtləri ödədiyindən cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 16.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar