Məhkəmə qərarları › İş №2-1(112)-7293/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7293/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7293/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb olunmaqla) “mənzilin üzərində olan müvəqqəti məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə "xxxx" ASC-də işlədiyi zaman müəssisənin rəhbərliyi "xxxx" ASC-dən müəssisənin istehsalatını təmin etmək üçün iddiaçının adına kredit götürülmüş və uzun müddət krediti qaytarmamışdır. Sonradan "xxxx" ASC-nin rəhbəri olmuş Cahangir Hacıyev barəsində başlanılmış cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılan istintaqla əlaqədar istintaqa dəvət edilmiş və istintaq zamanı ifadələri alınmış və istintaqın sonunda məlum olmuşdur ki, iddiaçının həmin kredit vəsaitinə heç bir aidiyyatı olmamışdır. Lakin o zaman, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən aparılan istintaq işi ilə əlaqədar həm iddiaçının Respublika sərhədlərindən çıxmağına qadağa (məhdudiyyət) qoyulmuş, həm də onun Bakı şəhəri Nəsimi rayonu, F.Əmirov küçəsi, ev 13, 21 saylı mənzilinin üzərinə həbs qoymuşdur. İddiaçı uzun müddət bundan xəbərsiz olmuşdur. Sonradan, yəni 2021-ci ildə iddiaçı əmlakı barədə arayış üçün müraciət etdikdə, AR Daşınmaz Əmlakın Reyest Xidməti bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45 -243m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında mənzilinin üzərinə məhdudiyyət qoyulmuşdur. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2018-ci il tarixli Qətnaməsi ilə “Beynəlxalq bank”ın borc hüquqlarının tələb üzrə varisi "xxxx" QSC "xxxx" ASC-yə və İddiaçı qarşı iddia tələbi təmin edilmişdir. Sonradan "xxxx" ASC Banka olan bütün borcunu ödəmiş və hal-hazırda nə iddiaçının, nə də müəssisənin Banka heç bir borcu yoxdur. Bu barədə “X1 Edilməsi Agentliyi” MMC-nin 2513 №li xx.xx.2021-ci il tarixli, 2760 №li xx.xx.2021-ci il tarixli məktublarında və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının 3-11/2423 №li xx.xx.2021-ci il tarixli məktubunda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-69/2018-ci il tarixli Qətnaməsi üzrə İddiaçı Banka heç bir borcunun olmadığı göstərilmişdir. Hazırda xəstəliyi ilə əlaqədar Respublika sərhədlərini keçmək istədikdə iddiaçıya bildirilmişdir ki, onun sərhəddən keçib getməsinə məhdudiyyət qoyulmuşdur. Cavabdehə müraciət edərək əmlakının üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etsə də bu vaxta kimi mənzili üzərinə qoyulmuş qadağa götürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh AR Daxili İşlər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli digər qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Üçüncü şəxs məhkəməyə iddiaya dair yazılı münasibət təqdim etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsi, ev 13, 21 mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı qeyd olunan mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 6/45-243m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulduğu müəyyən edilmiş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı sənəd İdarəyə daxil olmamışdır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12, 11.1-ci maddəsinə də istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilin üzərinə AR Daxili İşlər Nazirliyinin 6/45-243 nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən iddiaçının müraciətinə verilmiş 19 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin İ5 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, iddiaçının "xxxx" ASC-yə olan 113.137,85 manat məbləğində faiz borcu üzrə tələb hüququ "xxxx" QSC-yə keçmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)- 69/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin borcun yalnız 17.500,48 manat məbləğində hissəsi təmin edilmiş və məhkəmə qərarı ilə təmin edilmiş həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Hazırda "xxxx" QSC-nin həmin borcla bağlı iddiaçıya qarşı heç bir tələbi və iddiası yoxdur. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən iddiaçının müraciətinə verilmiş 08 iyul 2021-ci il tarixli cavab məktubunda aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-yə məxsus problemli aktivlərin mərhələli şəkildə bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatmm idarəetməsinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSCyə keçmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasını səmərəli təşkil etmək məqsədi ilə "xxxx" QSC ilə “X1 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı xx.xx.2010-cu il tarixli 4540 saylı kredit müqaviləsi üzrə 13233.56 (on üç min iki yüz otuz üç manat, 56 qəpik) manat faiz borcu və xx.xx.2010-cu il tarixli 4560 saylı kredit müqaviləsi üzrə 4266,92 (dörd min iki yüz altmış altı manat 92 qəpik) manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 8 (səkkiz) manatı alınaraq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Məlumat üçün bildiririk ki, borclu İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə borcu bağlamışdır və hal-hazırda Cəmiyyət qarşısında heç bir öhdəliyi yoxdur. Nəzərə almağınızı xahiş edirik.” -Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş 02 may 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli 4540 saylı və xx.xx.2010-cu il tarixli 4560 saylı kredit müqavilələrinə əsasən "xxxx" BOKT QSC-yə borcu yoxdur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konsititusiyasının: -13-cü maddəsinin İ hissəsin əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində hüquqların dövlət qeydiyyatının dayandırılması əsasları öz əksini tapmışdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Cinayət işinin icraatı zamanı əmlak üzərində həbsin qoyulması CPM-in 249-cu maddəsinə uyğun olaraq məhkəmə və ya müstəntiqin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlak üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlak üzərinə həbs qoyulmamışdır. Cavabdehin etirazının dəlilini əsasını təşkil edən Daxili İşlər Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2015-ci il tarixli, 6/45-243 saylı məktub əmlak üzərində qanun və ya əqd əsasında yüklülük yaradan hal kimi qiymətləndirilə bilməzdi. Yəni qeyd edilən məktub iddiaçıya məxsus əmlak üzərinə məhdudiyyətin qoyulmasına heç bir hüquqi əsas yaratmır. Odur ki, hazırkı iş üzrə cavabdeh orqanın iddiaçıya məxsus əmlaklar üzərinə həbs qoyulmasını bildirməsi iddiaçının əmlak hüquqlarını pozulmasına səbəb olmuşdur. İnzibati işin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçıya məxsus daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) qanun və ya əqd əsasında mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və bu halı sübut edə bilməmişdir (cavabdeh inzibati orqan bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir). Təqdim edilən yeganə məhdudlaşma əsası isə yuxarıda qeyd edilən, qanuna və əqdə əsaslanmayan Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan məktub olmuşdur. Məhkəmə araşdırması iş materiallarında olan və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən əldə edilən məlumatlara əsasən müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-69/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu İddiaçı xx.xx.2010-cu il tarixli 4540 saylı kredit müqaviləsi üzrə 13233.56 (on üç min iki yüz otuz üç manat, 56 qəpik) manat faiz borcu və xx.xx.2010-cu il tarixli 4560 saylı kredit müqaviləsi üzrə 4266,92 (dörd min iki yüz altmış altı manat 92 qəpik) manat faiz borcu, 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı və ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 8 (səkkiz) manatın alınaraq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi barədə məhkəmə qətnaməsi borclu İddiaçı tərəfindən icra edilmiş, başqa sözlə iddiaçının xx.xx.2010-cu il tarixli 4540 saylı və xx.xx.2010-cu il tarixli 4560 saylı kredit müqavilələrinə əsasən "xxxx" BOKT QSC-yə borcu tam ödənilmişdir, hazırda hər hansı yerinə yetirilməyən öhdəliyi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki,cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müvəqqəti xarakter daşıdığı göstərilən məktub uzun müddət ərzində mülkiyyətçinin əmlak üzərində hüquqlarının həyata keçirilməsinə məhdudiyyət tətbiq etməsini nəzərdə tutmamışdır.Həmin məktub mahiyyət etibarilə mülki və cinayət prosessual qaydada tədbirlərin həyata keçirilməsinə qədər olan hüquqi mexanizmi nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsindən imtina edilməsinin qanuni əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunzidd qiymətləndirilməli və iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilin üzərinə qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar