Məhkəmə qərarları › İş №2-1(112)-7294/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7294/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7294/2021 10.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı “uşaqların soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X1 “Abbaszadə”dən “Abbasova”ya keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərara istinad edərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da iddiaçının hüquqlarını kobud formada pozulmuşdur. Belə ki, nə iddiaçıya, nə də həyat yoldaşı X6 uşaqlarına doğum haqqında şəhadətnamə alarkən izah edilməmişdir ki, uşaqları iddiaçının soyadında qala bilərlər. X11 da hazırkı iddia ərizəsinə razılığını notariat qaydasında təsdiq olunmuş ərizə ilə bildirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur; AA2977951 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 10.01.1990-cı il tarixdə doğulmuşdur; AZ-İ seriyalı 718409 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 24 noyabr 2011-ci ildə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24.11.2011-ci il, 709 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir; AZE seriyalı 11954990 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbaszadə İnci (atası İddiaçı, anası Abbasova Laçın) 05.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; AZE seriyalı 18196365 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbaszadə İpək (atası İddiaçı, anası Abbasova Laçın) 24.12.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİ seriyalı 971471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası İddiaçı, anası X11) 05.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; AZ-İİİ seriyalı 860994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası İddiaçı, anası X11) 24.12.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin 21 may 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı 02.02.1993-cü il tarixli qərarının müddəasını iddiaçı uşaqlarının doğum haqqında akt qeydlərində tətbiq etmişdir. Növbəti dəfə soyadın sonluğunun “-ov”, “-yev” sonluqlu soyada dəyişdirilmsi qeydiyyat şöbəsində mümkün deyildir; X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qızları X9 və X1 "Abbaszadə"dən “Abbasova”ya keçməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi 27 iyul 2021-ci il tarixli məktubu ilə, X9 və X3 doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. X2 doğum haqqında akt qeydinin surətindən görünür ki, o, 05.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X7r. X3 doğum haqqında akt qeydinin surətindən görünür ki, o, 24.12.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X7r. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının uşaqları X9 və X3 ilkin doğum haqqında akt qeydinə əsasən soyadları “-zadə” sonluğu ilə olmuşdur. Hazırda iddiaçı uşaqlarının soyadlarının sonluğunun “-ova”ya, hər iki valideynin soyadına uyğun olaraq dəyişdirilməsini istəyir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Eyni zamanda uşaqların anası X11 hazırkı iddia tələbinə uyğun olaraq uşaqlarının soyadlarının sonluğunun “-ova”ya dəyişdirilməsinə etiraz etmir. Uşaqların 10 yaşı tamam olmamışdır. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4-cü maddəsinə əsasən, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1-ci bəndinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir; 5.2-ci bəndinə əsasən, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir; 5.4-cü bəndinə əsasən, soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir; 5.10-cu bəndinə əsasən, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə uşaqların soyad sonluğuna növbəti dəfə dəyişiklik kimi qiymət verilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, uşaqların doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətlərindən, doğum haqqında şəhadətnamələrindən göründüyü kimi, uşaqlara “-zadə” sonluqlu soyad ilkin doğum haqqında akt qeydləri aparılarkən verilmişdir, sonradan soyad sonluğunun dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir və bu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın da istinad etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dispozitiv formada müəyyən edilmişdir. İstinad olunan normanı məhdudlaşdırıcı və imperativ norma kimi qəbul edilə bilməz. Həmçinin həmin Qərarda “ov”, “- yev” sonluqlu soyadlara dəyişilməni qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasında yeni doğulan uşaqlara soyad verilərkən, valideynlərin soyadına uyğun olaraq “-ov”, “-yev” sonluqlu soyadların verilməsində hər hansı məhdududiyyət olmadığı halda, ilkin doğum haqqında akt qeydində digər sonluqlu və ya sonluqsuz ifadə formalarında olan soyadların sonluğunun (valideynlərin soyadına uyğun olaraq) “-ov” “-yev” olaraq dəyişdirilməsinə məhdudiyyətin tətbiq edilərək, “fərq qoyulması” ədalətli olmayan və qanunvericiliyə söykənməyən differensasiyanın aparılmasına gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının uşaqlarının soyad sonluğunun dəyişdirilməsi hüququna malik olduğundan və qanunvericilikdə soyad sonluğunun “ova”ya dəyişdirilməsini istisna edən hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, 05.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 və 24.12.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 hər ikisinin soyadlarının sonluğun “-zadə”dən “ova”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 05.09.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 və 24.12.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X3 hər ikisinin soyadlarının sonluğunun “-zadə”dən “-ova”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə həvalə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar