Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7295/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin reyestrdə qeydiyyata alınmaqla altındakı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməsi» iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (bundan sonra – DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin reyestrdə qeydiyyata alınmaqla altındakı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestridən çıxarışın verilməs» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 32/1 və 32/3 saylı evlər “fin” tipli evlərdir. Həmin evlər İddiaçı xüsusi mülkiyyətindədirlər. Hər bir mənzilə dair texniki pasport mövcuddur. Texniki pasportlara əsasən mənzillərin altında olan tikintialtı sahə 0.02 ha və 0.0317 ha-dır. Daşınmaz əmlaklar mənzil kimi qeydiyyata alınsalar da, mənzil tipli deyillər, fərdi yaşayış evi kimi istifadə olunurlar. Ona görə də, iddiaçı mənzillərin fərdi yaşayış evi olmaqla altındakı torpaq sahələrinin qeydə alınaraq reyestrdən çıxarış verilməsi üçün cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-cı maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göstərilənlərə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən mənzillərin fərdi yaşayış evi kimi olmaqla altında olan torpaq sahələrinin mülkiyyətə verilərək daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 18 aprel 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 25 fevral 2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Qeyd olunan fərdi yaşayış evləri və yerləşdiyi torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahələrində qeyriyaşayış təyinatlı tikililər olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı elektron kadastr baza məlumatına əsasən ərazinin bir hissəsi yüksək gərginlikli (35 kV) elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin qeyd olunan daşınmaz əmlaklar yol kənarında yerləşir və həmin ərazi kənarından neft kəməri keçməsi barədə elektron kadastr bazasında məlumat mövcuddur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. «Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli 11 sentyabr 2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9, 8.0.10, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 ünvanlarında yerləşən mənzillərin fərdi yaşayış evi, onların altındakı müvafiq olaraq 0,02 ha və 0,0317 ha torpaq sahələrinin mülkiyyət kimi qeydiyyata alınmaqla reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazda) göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 29.40 kv.m olan və Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 32/1, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 92 kv.m olan daşınmaz əmlaklar hazırkı İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 32/3, 2 nömrəli mənzilin texniki pasportunda onun 0,0317 ha ölçüdə torpaq sahəsində yerləşdiyi, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 32/3, 2 nömrəli mənzilin isə texniki pasportunda onun 0,02 ha ölçüdə torpaq sahəsində yerləşdiyi əksini tapmışdır. İddiaçı həmin mənzillərin fərdi yaşayış evi olmaqla yerləşdikləri torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid əmlak kimi reyestrdən çıxarışların verilməsi ilə bağlı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, sözügedən əmlaklar dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış, qeyd olunan fərdi yaşayış evləri və yerləşdiyi torpaq sahələrinin qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, torpaq sahələrində qeyri-yaşayış təyinatlı tikililər mövcuddur və ərazinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş ünvan 4 və Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 32/1, mənzil 1 ünvanlarına dair texniki pasportlar həmin ünvanlardakı 0,0317 ha və 0,02 ha ölçüdə torpaq sahələrinin iddiaçının mülkiyyətinə verilməsini təsdiqləyən hüquq müəyyənedici sənədlərdir. Müvafiq daşınmaz əmlaklar məznil kimi qeydiyyata alınsalar da, arxiv daşıyıcısı kimi hazırkı cavabdeh inzibati orqan həmin qeydiyyatın hansı hüquqmüəyyənedici sənədlər əsasında aparılmasına dair hər hansı tutarlı sübu təqdim etməmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin daşınmaz əmlakların bir mərtəbəli olması, başqa mənzillərlə bir binada yerləşməməsi işin mübahisə olunmayan hallarına daxildir və bu xüsusatar onların fərdi yaşayılş evi olmasını təsdiqləyən cəhətlərdir. Əmlakların qeyri-yaşayış sahəsi kimi istifadə olunması, eləcə də altındakı həyətyanı torpaq sahə yerləşən ərazinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi, hətta bu hal təsdiqlənsə belə, mülkiyyət hüququnun qeydiyyata alınmasını istina etmir. Həmin torpaq sahələrində başqa tikililərə münasibətdə onların müvafiq mühafizə zonasında yerləşməsi təsirsiz olmadı. Məhkəmənin qənaətnə «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə əsasən İddiaçı ünvan 4 və Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 32/1, mənzil 1 ünvanlarında olan həyətyanı torpaq sahələri kimi 0,0317 ha və 0,02 ha ölçüdə torpaq sahələrinə mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında göstərilmiş dəlilləri formal mülahizələrə söykənmiş hal sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 ünvanlarında yerləşən mənzillərin fərdi yaşayış evi, onların altındakı müvafiq olaraq 0,02 ha və 0,0317 ha torpaq sahələrinin mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmaqla reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 ünvanlarında yerləşən mənzillərin fərdi yaşayış evi, onların altındakı müvafiq olaraq 0,02 ha və 0,0317 ha torpaq sahələrinin mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmaqla reyestrdən çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7295/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7295/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver