Məhkəmə qərarları › İş №2-1(112)-7296/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7296/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7296/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Solaris İnstitutu” KM-də işlədiyi dövrün tam olaraq əmək stajına daxil edilərək, pensiyasının məbləğinin xx.xx.2015-ci il tarixdən yenidən hesablanması və fərqin bütün aylar üzrə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək pensiyası hesablanarkən “Solaris İnstitutu” Kiçik Müəsisəsində işlədiyi və əmək kitabçasında əks olunan dövr (xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixədək) ancaq onun xx.xx.2021-ci il tarixdə DOST Mərkəzinə şikayətindən sonra qismən nəzərə alınıb (1994-cü ilin tam 12 ayı və 1995-ci ilin 2 ayı olmaqla, cəmi bir il iki ay). Səbəb kimi də, göstərilmşdir ki, “Solaris İnstitutu” Kiçik Müəsisəsinin 1992-1995-ci illəri əhatə edən sənədləri tam olaraq iş qovluğunda aşkar edilməmişdir. Qeyd edir ki, 2016-cı ildə o, oxşar iddia ilə məhkəməyə müraciət etmişdir. Onda ayrı müəssisə - “Pelas” KM-də işlədiyi dövr nəzərə alınmamışdır. Məhkəmənin qərarına əsasən müəssisədə işlədiyi dövr kimi nəzərə alınıb və pensiyasının fərqini tam ala bilmişdir. Ancaq nə məhkəmədə, nə də, sonrakı müraciətlərində ona məlumat verilməmişdir ki, “Solaris İnstitutunda” işlədiyi dövr də, stajına daxil edilməmişdir. Bu ancaq Nazirlər Kabinetinə müraciətindən sonra məlum olmuş və onda o, xx.xx.2021-ci ildə bu məsələ ilə əlaqədar DOST mərkəzinə müraicət etmişdir. DOST mərkəzi tərəfindən tapılan 1 il 2 ay “Solaris İnstitutu” əmək stajına görə pensiya pulun fərdini ancaq 3 ilini hesablayıb, pensiyanın məbləğinə əlavə ediblər. Hərçənd, o, pensiyaya xx.xx.2015-ci ildə çıxmış və 6 ildən çox vaxt keçmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, İddiaçı müraciəti əsasında ona yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək 30 il 2 ay 18 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16982,93 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 286,15 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği 01.01,2019-cu il tarixdən 294,73 manata, 01.01,2020-ci il tarixdən 343,66 manata, 01.01,2021-ci il tarixdən 382,83 manata çatdırılmışdır. Və iddiaçıya “Solaris İnstitutu” KM-də işlədiyi 1992-1993-cü illərin əmək stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanmasının müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, hazırki iş üzrə Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı səhəri üzrə X4 Departamentinin xx.xx.2016-cı il tarixli No 88/03- 89 saylı məktubuna əsasən, xx.xx.1992-xx.xx.1995-cı illər ərzində işlədiyi “Solaris" firmasında iddiaçıya 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 2 ay əmək haqqı ödənilmiş, firmanın 1992-1993- cü illərə aid sənədləri iş qovluqunda aşkar edilməmişdir. Həmçinin həmin firmada iddiaçıya əmək haqqı ödənilmiş 1 il 2 ay sığorta stajına daxil edilmiş, qalan müddətin isə sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və maraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiysına əlavə edilərək ödənilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 sentyabr 2021-ci il tarixli, **********3 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən ona xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusudur. Müraciəti əsasında yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 30 il 2 ay 18 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16982,93 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2018-ci il tarixində 286,15 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 294,73 manat, xx.xx.2020-ci il taixindən 343,66 manat, xx.xx.2021-ci il tarixindən 382,83 manata çatdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı şəhəri üzrə X4 Departamentinin xx.xx.2016-cı il tarixli 88/03-89 saylı məktubuna əsasən xx.xx.1992xx.xx.1995-ci illər ərzində işlədiyi "xxxx" Firmasında ona 1994-cü il üzrə 12 ay, 1995-ci il üzrə 2 ay əmək haqqı ödənilmiş, firmanın 1992-1993-cü illərə aid sənədləri iş qovluğunda aşkar edilməmişdir. Beləliklə, xx.xx.1992-xx.xx.1995-ci illər üzrə ona əmək haqqı ödənilmiş 1 il 2 ay onun sığorta stajına daxil edilmiş, qalan müddətin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraicət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənlir. Əlavə olarq bildirilmişdir ki, ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilməklə ödəniləcəkdir. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixədək "xxxx" İnstitutunda işləmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 27 aprel 2022-ci il tarixli, **********8 nömrəli məktubla İddiaçı pensiya işinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının məbləği 378 manat 58 qəpik təşkil edir. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrdə 1994-cü ildə 1 il, 1995-ci ildə isə 2 ay sığorta stajı Bakı şəhəri X4 Departamentinin xx.xx.2016-cı il tarixdə verdiyi arayışda öz əksini tapmışdır. Qalan müddət staja daxil edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının "xxxx" Firmasındakı iş stajı ilə bağlı cavabdeh tərəfindən araşdırmalar 2015-2016-cı illərdə də, aparılaraq Bakı şəhəri üzrə X4 Departamentinə sorğu göndərilmş, sorğuya verilən cavab məktubuna əsasən onun əmək stajı 1 il 2 ay artırılmışdır. "xxxx" Firmasının 1992-1993-cü illəri əhatə edən sənədləri iş qovluğunda aşkar edilmədiyindən iş stajına daxil edilməmişdir. Eləcə də, "xxxx" Firmasında işlədiyi dövrlərin əmək stajına daxil edilməsi ilə bağlı iddiaçının sonrakı dövrlərdə də, cavabdehə müraciətləri olmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 02 iyun 2022-ci il tarixli, **********235000 nömrəli məkubla cavab verilərək bildirilmişdir ki, İdarədə olan reyestrdə “Solaris İnstitutu” kiçik müəsisəsi (və ya “Solyaris İnstitutu”) adlı kommersiya qurumu aşkar edilməmişdir. bu səbəbdən, müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 20 iyul 2022-ci il tarixli, **********60 nömrəli məktubla təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, müraciətdə qyd olunan “Solaris İnstitutu” Kiçik Müəssiəssi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Sığorta stajına daxil edilməyən dövrlər haqqında” 29 sentyabr 2022-ci il tarixli, **********3 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının çoxsaylı müraciətlərindən sonra xx.xx.2021-ci il tarixdən onun yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Lakin, yenidən hesablanma zamanı onun "xxxx" Firmasındakı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrdə 1994-cü ildə 1 il, 1995-ci ildə isə 2 ay sığorta stajı Bakı şəhəri X4 Departamentinin xx.xx.2016-cı il tarixdə verdiyi arayışda öz əksini tapdığından sığorta stajına daxil edilmiş, qalan müddət staja daxil edilməmişdir. Hazırki mübahisənin predmetini iddiaçının əmək kitabçasında qeyd olunan "xxxx" Firmasındakı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ərzindəki əmək fəaliyyətinə dair sənədlərin firmanın qovluğunda aşkar edilməməsi səbəbindən əmək stajına daxil edilməməsi təşkil edir. Məhkəmə ilk öncə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin böyük hissəsinin iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-cı il tarixədək iş stajının əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, həmin dövrə aid iş stajı müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış və o, pensiya hüququnun yarandığı tarixdən hal-hazıradək mütəmadi olaraq cavabdehə müraciət edərək, onun "xxxx" Firmasında işlədiyi dövrlərin əmək stajına daxil edilməsini xahiş etmişdir. Lakin, Bakı şəhəri X4 Departamentinin xx.xx.2016-cı il tarixdə verdi arayışa əsasən cavabdeh tərəfindən iddiaçının sadəcə həmin Firmadakı 1 il 2 aylıq iş stajı nəzərə alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının "xxxx" Firmasında işlədiyi dövrlər tam olaraq onun əmək stajına daxil edilməklə, onun pensiya hüququ yarandığı tarixdən etibarən yenidən hesablanmalı və ödənilməmiş məbləğ ona ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1992-xx.xx.1995-ci illər ərzində “Solaris İnstitutu” ("xxxx" Firmasında”)dakı işlədiyi dövrün iş stajına daxil edilməklə xx.xx.2015-ci il tarixdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar