Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7297/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X15) “qərarın ləğv edilməsi və orderin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli xx.xx.1989-cu il tarixli qərarının ləğv edilməsi və Nizami rayon XDSİK-nin 000826 nömrəli xx.xx.1989-cu il tarixli orderinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X2 iş yeri üzrə mənzil verilməsi barədə Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, m2488 nömrəli sərəncamı, 016926 nömrəli orderi əsasında ünvan 1 ünvanında yerləşən, 44.8 kv/m sahəsi olan mənzil verilmişdir. Hamıya bəllidir ki, həmin dövrdə kütləvi şəkildə qaçqınlar və məcburi köçkünlər yaşadıqları ərazilərdən qaçqın düşərək Bakı şəhərinə məskunlaşmışlar. Həmin dövrdə ölkənin çətin sosial vəziyyəti və eyni zamanda, Prezidentin sərəncamı üzrə qaçqın və məcburi köçkünlər məskunlaşdığı evlərdən, mənzillərdən çıxarılmırdı. İddiaçının atası da vətəndaş olaraq ona məxsus mənzildə məskunlaşmış ailəni çıxarmamışdır. X5 sonra bütün məcburi köçkünlərin yenidən öz torpaqlarına qayıdacağı məlum olduqdan sonra iddiaçı atasından qalmış mənzili özəlləşdirmək istəmişdir. ünvan 3 zorla məskunlaşmış şəxslər məcburi köçkün deyil, Gürcüstandan gəlmiş Azərbaycanlılar olmuşdur. Evi sənədləşdirmək istəyərkən, həmçinin məlum olmuşdur ki, sözügedən mənzilə dair cavabdeh artıq çıxarış (qeydiyyat vəsiqəsi) da əldə etmişdir. İsayev Şakirin adına mükiyyət hüququ barədə qeydiyyatın hansı əsasla qeydə alınmasını müəyyənləşdirmək üçün verilmiş müvafiq sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli verilmiş məktubu ilə bəlli olur ki, həmin mənzilin keçmiş Nizami rayon XDSİK-nin 000826 nömrəli, xx.xx.1989-cu il tarixli orderə, Nərimanov rayon MKTB-nin 018633 və 000349 nömrəli forma-2 arayışına, X9 razılıq ərizəsinə, keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən xx.xx.2004-cü ildə X10 adına ilkin qeydiyyata almış və hazırda onun mülkiyyətindədir. Daha əvvəl ümumi qaydada aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, mülki iş üzrə icraat zamanı müvafiq sorğular göndərilmiş və Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış, İsayev Şakirin adına qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri əldə edilmişdir. Müəyyən olmuşdur ki, qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arasında “Azərsənayetikinti” dövlət şirkətinin müvafiq orqanlara X10 ünvan 3 ünvanında yerləşən mənzili zəbt etməsi, həmin mənzilə dair onun heç bir hüququn olmaması, mənzilin onun adına qeydiyyata alınmasının qarşısının alınması və s. barədə xəbərdaredici məktublar ünvanlanmışdır. Həmin məktubda açıq-aşkar qeyd olunmuşdur ki, “Sənayetikintimexanizasiya” müəssisəsi (atasının işlədiyi müəssisə) Bakı şəhəri, Z.Bünyadov küçəsi, 58 saylı binanı öz işçiləri üçün tikir və həmin bina müəsisənin balansındadır. Həmin məktubda 1993-1994-cü illərdə mənzilin İsayev Şakirin işlədiyi müəssisədən geri alınması, İsayev və onun ailəsinin Bakı şəhəri, Z.Bünyadov küçəsi, ev 58, 80 saylı mənzilə qanunsuz olaraq pasport qeydiyyatına düşməsi barədə də qeyd vardır. “Azərsənayetikinti” dövlət şirkətinin sözügedən məktubundan da görünür ki, Bakı şəhəri, Z.Bünyadov küçəsi, 58 saylı bina “Azsantexgeliomantaj” müəsissənin balansında olmayıb. Binanı həmin müəssisə inşa etmədiyinə görə həmin müəssisənin öz işçilərinə mənzil ayırması və buna dair müvafiq sərəncamın, qərarın verilməsi də qanunsuzdur. Ona görə də keçmiş Nizami rayon XDSİK-nin 12/1321 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ləğv edilməli və Nizami rayon XDSİK- nin 000826 nömrəli, xx.xx.1989-cu il tarixli orderi etibarsız hesab edilməlidir. Həmin mənzil üzərində müliyyət hüquqları Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, m2488 nömrəli sərəncamı və 016926 nömrəli orderi ilə iddiaçının ailəsinə - atası, anası, qardaşı və özünə məxsusdur. Cavabdeh əsassız və qanunsuz olaraq Bakı şəhəri, Z.Bünyadov küçəsi, ev 58, 80 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış əldə etdiyinə görə iddiaçı həmin evə dair öz hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir və bununla yanaşı mənzildən istifadə də edə bilmir. Ona görə də cavabdehin adına verilmiş qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər - müvafiq icra hakimiyyətinin qərarı və order ləğv edilməli və mənzildə qeyri-qanuni yaşayan şəxslər mənzildən çıxarılmaqla həmin mənzil iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7297/2022 nömrəli, 02 aprel 2022-ci il tarixli qərardadı ilə X15 İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi və orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2022-ci il tarixdə yazılı münasibətində bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1113/481 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 12/1321 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə aparatın hüquq şöbəsində baxılmış və araşdırma zamanı sözügedən qərarın ləğvi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Üçüncü şəxs X15 iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. Belə ki, həmin evə dair Ş.A.İsayevin adına ailə üzvləriylə birlikdə 25 may 1989-cu il tarixli order verilmişdir. Həmin orderə əsasən ona işlədiyi idarədən həmin mənzil verilmişdir, mənzili o, öz vəsaiti hesabına təmir elətdirib, həmin tarixdən yaşamış və adına 19 avqust 2004-cü il tarixdə çıxarış almışdır. 1994-cü ildə həmin şəxslər ondan Prokurorluğa şikayət vermişlər, o vaxt Prokurorluqda araşdırma aparılmış və onun orderinin qanuni olduğu bildirilmişdir. Həmin vaxtdan 27 il keçməsindən sonra belə bir iddia ilə məhkəməyə müraciət edilməsinin heç bir qanuni əsası yoxdur. Mənzil ona qanuni əsaslarla verilmiş, 9 il ev növbəsində dayandıqdan sonra ona mənzil verilmiş və 2004-cü ildən onun mülkiyyətindədir. İddia ərizəsində qeyd olunanlar İddiaçı şəxsi mülahizələri olmaqla, cəfəngiyyatdan başqa bir şey deyil. Təqdim etdiyi sənədlərlə mübahisəsiz qaydada təsdiq edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 58, 80 saylı 44,8 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı mənzili X10, yəni onun xüsusi mülkiyyətindədir və İddiaçı həmin mənzil üzərində heç bir hüququ yoxdur. X15 bu mənzili 25 may 1989-cu il tarixli orderə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmişdir. Qeydiyyat vəsiqəsinin ləğv olunması üçün heç bir qanuni əsas mövcud deyil, mənzil ona verilərkən iddiaçınin həmin mənzil üzərində heç bir hüququ olmamışdır. Belə bir iddia ilə iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı indi də hazırkı iddia ilə məhkəməyə müraciət elmişdir. Mülki Məcəlləyə əsasən ümumi iddia müddəti on il təmin edir. İddiaçı qanunla müəyyən edilmiş 10 illik ümumi iddia müddətini də buraxaraq 27 ildən sonra qeydiyyat vəsiqəsinin ləğv olunması barədə qanunsuz və əsassız iddia qaldırmışdır. Həm qanuni baxımdan həmin mənzilin qanuni əsaslarla mülkiyyətində olması, həm də iddiaçının 27 ildən sonra belə bir iddia ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X15 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Xətai rayonu XDS İK-nin xx.xx.1994-cü il tarixli, 016926 nömrəli orderinə əsasən M.İddiaçı 4 nəfər ailə tərkibində: Mahmudov M.C. 1957 özü, Mahmudova N.C. 1960 arvadı, İddiaçı 1979 oğlu, Mahmudov R.M. 1982 oğlu - ünvan 4 ünvanında yerləşən 3 otaqlı 44,8 sahəsi olan 80 saylı mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 766210 nömrəli ölüm haqqında şəhadətnamənin suəritndən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 420 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Nizami rayonu X8 İcraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 12/1321 nömrəli qərarına əsasən X12 4 nəfərdən ibarət ailə tərkibində 3 otaqlı ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981-ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənzilin verilməsi barədə Azsantexgeliomantaj müəssisəsinin müdriyyət və həmkarlar ittifaqının qərarının təsdiq edilməsi, X12 həmin mənzildə yerləşməsi üçün order verilməsi, orderə X15 - özü 1950, X16 - arvadı 1960, X11 - qızı 1986, X13 - qızı 1987 daxil edilməsi, X10 mənzil uçotundan çıxarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Nizami rayonu X8 xx.xx.1989-cu il tarixli, 000826 nömrəli orderinə əsasən 3 otaqlı ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981-ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənzil X12, 4 nəfər ailə tərkibində: İsayev Ş.A. 1950 özü, İsayeva E.İ. 1960 arvadı, İsayeva F.Ş. 1985 arvadı, İsayeva A.Ş. 1987 qızı olmaqla yaşamaq üçün verilmişdir. “Azsantexneliomantaj” müəsissənin Nizami rayon X8 İcraiyyə Komitəsinə göndərdiyi xx.xx.1989-cu il tarixli məktubunda idarə müdriyyətinin, həmkarlar təşkilatının birgə iclasına dair 6 nömrəli protokolu göndərilərək, 4 nəfər ailə tərkibində X15 - özü, X16 - arvadı, X11 qızı, X13 – qızı olmaqla X12 ümumi sahəsi 44.8 kv.m olan K.Marks küçəsi, 1981-ci məhəllə, blok B, birinci mərtəbə 80 nömrəli mənziə dair order verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hakimiyyətinin 35 saylı Mənzil- Kommunal İstismar Sahəsinə və K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilində yaşayan vətəndaş Ş.A.İsayevə (surəti) ünvanladığı xx.xx.2001-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı ünvana pasport qeydiyyatına alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Nizami rayon XDS İK-i tərəfindən 1989-cu ildə, K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilində vətəndaş Ş.A.İsayevin adına 000826 saylı order verilmişdir. Qeyd olunanları nəzərə alaraq, vətəndaş Ş.A.İsayevin yaşadığı K.Marks prospektindəki 58 saylı evin 80 saylı mənzilinə pasport qeydiyyatına alınmasına köməklik göstərilməsi sizə həvalə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 138127 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 58 saylı evin 44,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 80 saylı mənzili X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1334 reyestr kitabında 200778 səhifədə 3/200778 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, M-37-091 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə qaldırdığınız məsələ Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığından məhkəmə qarşısında iddia qaldıra bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının iddiasına görə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 58 saylı evin 44,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 80 saylı mənzili xx.xx.1994-cü il tarixli order və Xətai rayon İK-nin xx.xx.1994-cü il tarixli m-2488 nömrəli qərarı ilə onun atasına (orderdə iddiaçının adı da var) verilmişdir. İddiaçı sözügedən mənzilə dair üçüncü şəxs X10 adına keçmiş Nizami rayon XDSİKnin 12/1321 nömrəli xx.xx.1989-cu il tarixli qərarının ləğv edilməsi və Nizami rayon XDSİKnin 000826 nömrəli xx.xx.1989-cu il tarixli orderinin etibarsız hesab edilməsini xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı sözügedən Nizami rayon XDSİK-nin 12/1321 nömrəli xx.xx.1989-cu il tarixli qərarını və onun hüquqi nəticəsi olan 000826 nömrəli xx.xx.1989-cu il tarixli orderi iddia müddəti ötürməklə mübahisələndirmişdir. Belə ki, İnzibati Prosesual Məcəllə qüvvəyə minənədək ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi iddiaçı sözügedən 1989-cı il tarixli qərarını qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Bundan əlavə məhkəmə mübahisələndirilən inzibati aktla bağlı xx.xx.2011-ci ildən qüvvəyə minmiş X3 tələbləri baxımından qiymətləndirmə aparmağı da zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, İPM-nin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mahiyyət etibarilə mübahisələndirmə haqqında iddiadır və İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi ilə tənzimlənir. Mübahisələndirmə haqqında iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilin 1994-cü il tarixli orderlə ona (atasının adına ailə üzvləri ilə birlikdə) verildiyini bildirmiş, lakin keçən müddət ərzində həmin mənzilə dair üçüncü şəxsin adına 1989-cu il tarixli qərar və orderin olmasından yalnız 2021-ci ildə Nərimanov Məhkəməsində mülki işə baxılarkən xəbər tutduğunu bildirmişdir. Məhkəmə qeyd edilən mövqeyi inandırıcı hesab etməməklə yanaşı iddia müddətinin ötürülməsinə üzrlü səbəb kimi qəbul etmir. Əvvəla qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd 1994-cü il olmaqla üçüncü şəxsə verilmiş 1989-cu il tarixli qərarından 5 il sonra verilmişdir. Yəni, üçüncü şəxsin hüquqmüəyyənedici sənədi daha ilkindir. İkincisi, mübahisə predmeti mənzildir. İddiaçının ən azından ona 1994-cü ildən verilmiş hüquqi sənədə istinad edərək daşınmaz əmlaka sahiblik, istifadəyə yönəlmiş hərəkətlər etməməsi və yaxud mülkiyyət hüququnun müdafiəsi üçün müvafiq qaydada iddia qaldırmamasına əsas gətirdiyi dəlillər ağlabatan və inandırıcı hesab olunmur. Nəzərə almaq lazımdır ki, iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək də həll edilməlidir. Başqa sözlə, hazırkı iş üzrə iddiaçının üçüncü şəxs barəsində olan 1989-cu il tarixli qərarının rəsmi olaraq məhz 2021-ci il tarixdə təqdim olunması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Qeyd edildiyi kimi mübahisəli mənzil daşınmaz əmlak olmaqla mülki dövriyyə obyektidir, iddiaçı ən geci 1994-cü ildə ona order verildiyi vaxt həmin mənzilə köçmək hüququ yaranmış, lakin özünün də iddia etdiyi kimi həmin tarixdə mənzilə köçmək imkanı realizə oluna bilməmişsə deməli həmin vaxt iddiaçının (mərhum atasının ailə üzvləri ilə) həmin mənzilə dair hüququnun pozulduğunu bilməli olduğu vaxtdır. İddiaçı nə 1994-cü ildən keçən 28 il ərzində, nə də həmin mənzilin üçüncü şəxsin adına özəlləşdiyi 2004-cü ildən keçən 18 il ərzində mənzilə dair hüquqla maraqlanmamış, iddia etdiyi mənzilə hüquqlarının müdafiəsi üçün iddia qaldırmamış, hüquq müstəvisində üçüncü şəxsə mübahisə açmamışdır. İddiaçının qeyd etdiyi 2021-ci ildə Nərimanov rayon Məhkəməsində iddia qaldırdıqdan sonra qərarla tanış olması və bundan sonra inzibati məhkəmədə iddia qaldırması halı da yenə də onun İPM-nin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməsi halını aradan qaldırmır. Nəhayətində qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Qeyd edilən müddəa hətta daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış əmlaka 10 il fasiləsiz və etirazsız sahiblik edən şəxsin mülkiyyət hüququnun müdafiəsini nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin hüququnun əsassız qeydiyyata alındığını iddia etmiş olsa da lakin hüququn qeydiyyata alındığı 2004-cü ildən keçən 10 ildən çox müddət ərzində üçüncü şəxsin mənzilə sahiblik və istifadə etməsinə hər hansı etirazını bildirməmişdir. Beləliklə, yuxarıda sadalanmış qanunvericilik normaları iddiaçının iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X15) “qərarın ləğv edilməsi və orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7297/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7297/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver