Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7297/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X1 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyində açılmış ev kitabına əsasən ona məxsusdur. Həmin evdə onun icazəsi ilə qardaşı X3 və onun arvadı X1 yaşayış yeri üzrə qeydiyyata alınmışlar və yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş və həmin vaxtdan etibarən ayrı yaşayırlar. X1 hələ məhkəmə qətnaməsi çıxmazdan əvvəl əşyalarını da, yığışdırıb onun evindən getmişdir. Hazırda harada yaşadığı ona bəlli deyil. Lakin, o, onun evində yaşayış yeri üzrə qeydiyyata qalmışdır. Onun evində formal qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Bununla əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayədəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. - Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən həmin evə dair xx.xx.2012-ci ildə ev kitabı tərtib edilmişdir. - cavabdeh tərəfindən hazırki tələblə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının müraciətinin cavablandırılması müəyyən edilmir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-17971/2023 **********71 nömrəli məktuba əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, 14 A saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-46/2-18437/2023 nömrəli məktuba əsasən X1 xx.xx.2012ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/2- 2578-1/2023 nömrəli məktuba əsasənxx.xx.1970-ci il təvəllüdlü X1 xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Biləsuvar rayonu, Nəsimi kəndində, xx.xx.2012-ci il tarixədən hazıradək isə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə işin hallarından göründüyü kimi, mübahisəli ünvan özbaşına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. İddiaçının təqdim etdiyi ev kitabı qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7297/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7297/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver