Məhkəmə qərarları › İş №2-1(112)-730/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-730/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-730/2020 03.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə (üçüncü şəxs X2) qarşı bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun fiziki şəxs X4 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5151/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla fiziki şəxs X4 arasında bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, mənzil 1, 2, 3, 4, 5-də olan obyektdə əmək müqaviləsi əsasında işləyir. Obyekt sahibi fiziki şəxs X4 uzun müddətdir ki, Azərbaycan Respublikasının hüduqları kənarındadır və bu səbəbdən də işə gəlmir. Onunla əlaqə saxlamaq mümkün deyildir. Həmçinin onun şəxsiyyət vəsiqəsinin etibarlılıq vaxtı bitdiyinə görə sistem tərəfindən bloklanmışdır. Buna görə də işçilərin işə qəbulu və çıxması mümkün deyil və onun etibarnamə əsasında olan hüquqi nümayəndəsi X5 verdiyi etibarnamənin vaxtı bitdiyi üçün problemin həlli mümkün olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 02 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının hazırlıq icraatı mərhələsində iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan fiziki şəxs X2 aid olan gözəllik salonunun işçiləri adından cavabdehə ünvanlanmış ərizədən görünür ki, fərdi sahibkar X1 adına olan vergi orqanında gözəllik salonu adı altında qeydiyyatdan keçən obyektdə əmək müqaviləsi əsasında işləyən İddiaçı və digər şəxslər müraciət edərək, X1 uzun müddətdir ki, Azərbaycan Respublikasından kənarda olduğu üçün və etibarnamə əsasında hüquqi nümayəndəsi X3 etibarnaməsinin vaxtı bitdiyi üçün, M.Məmmədzadənin şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün asan imza ilə işdən çıxan, işə qəbul olan işçilərin elektron qaydada əmək müqavilələrinin qeydiyyatının aparılmasının mümkün olmadığı, yaranmış problemlərin həlli üçün köməklik göstərilməsi, problem hər hansı səbəbdən həll olunmadıqda, onlara rəsmi imtina cavabı verilməsi barədə cavabdehə müraciət etmişlər. Lakin iş materialları ilə ərizəyə baxılaraq, cavab verilməsi müəyyən edilməmişdir. Məhkəmə ərizəyə cavab verilməməsini, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina kimi qiymətləndirir. Məhkəmə araşdırması dövründə X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin hazırda qüvvədə olub-olmaması ilə bağlı məlumatın, buna dair sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətindən tələb edilsə də, lakin sorğuya cavab verilməmişdir. Buna dair cavabdehə təkrar sorğu göndərilsə də, məhkəmə sorğusunun icrası təmin edilməmişdir. Halbuki hazırki halda sübut etmək yükü inzibati orqanın üzərinə düşür. İnzibati orqan tərəfindən lazımi sənədlərin təqdim edilməməsini məhkəmə iddiaçının xeyrinə mövcud olan hal kimi qiymətləndirərək, iddiaçının göstərdiyi xüsusatları əsas götürməklə işin faktiki halları üzrə müəyyən edilənlərə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı fiziki şəxs X2 məxsus gözəllik salonunda işləmiş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. İddiaçı hazırda işdən çıxmışdır və tərəflər arasında faktiki olaraq əmək münasibətləri mövcud deyildir. Lakin iddiaçının işəgötürən X4 ilə əlaqə yaratması və sonuncunun harada olması barədə məlumatı olmadığından, həmçinin iddia ərizəsində göstərilən məlumatlara əsasən sonuncunun səlahiyyətli nümayəndəsinə verdiyi etibarnamənin müddəti keçdiyindən əmək müqaviləsinə xitam verilməsi və elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin daxil edilməsi mümkün olmamışdır. Buna görə də iddiaçı haqlı olaraq əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 2.1ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). Həmin Qaydaların 3.2-ci bəndinə əsasən Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericliyin tələblərinə əsasən əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsi ilə mümkündür. Hazırki halda iddiaçının işəgötürən tərəfindən və ya işəgötürənin səlahiyyət verdiyi şəxs tərəfindən əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasənBu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, lakin onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının adına hazırda hər hansı qüvvəsi olmayan X4 tərəfindən “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud olduğu halda, onun başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı onun fiziki şəxs X4 arasında bağlanmış əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 tərəfindən əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilmiş İddiaçı aid “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin” elektron informasiya sistemindən çıxarılması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar