Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-730/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 ştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 17.02.1986-cı ildən 25.10.1990-cı ilədək, 25.10.1990-cı ildən 15.01.1995-ci ilədək, 16.01.1995-ci ildən 25.12.2005-ci ilədək işlədiyi dövrün sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-4965/2021 nömrəli, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Xidmət Nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23.02.1977-ci ildən 18.04.1977-ci ilədək Şamaxı qaz təchizatı kontorunda növbətçi dispetçer, 18.04.1977-ci ildən 10.03.1978-ci ilədək həmin kontorda sürücü, 16.06.1978-ci ildən 20.11.1979-cu ilədək Bakı şəhərlər arası Telefon Stansiyasının 5650 nömrəli Obyektində anbar rəisi, 23.08.1982-ci ildən 10.10.1982-ci ilədək 2 nömrəli Həştərxan kərpic zavodunda sürücü, 22.10.1982-ci ildən 02.03.1983-cü ilədək həmin zavodda fəhlə, 03.03.1983-cü ildən 02.07.1984-cü ilədək “Həştərxantikintimaterialları” Avtonəqliyyat təsərrüfat müəssisəsində sürücü, 10.08.1984cü ildən 20.02.1985-ci ilədək Şamaxı Təmir-tikinti sahəsində fəhlə, 16.11.1984-cü ildən 16.04.1985-ci ilədək Şamaxı İstiliktəchizat İdarəsində mövsümi olaraq sobaçı, 06.01.1985ci ildən 31.07.1985-ci ilədək Şamaxı Kommunal Müəssisələri Kombinatında sürücü, 16.08.1985-ci ildən 01.12.1985-ci ilədək həmin kombinatda çilingər, 17.02.1986-cı ildən 25.10.1990-cı ilədək X1 sürücü, 25.10.1990-cı ildən 15.01.1995-ci ilədək Şamaxı rayon “Səadət evi”ndə qəbulçu, 16.01.1995-ci ildən 25.12.2005-ci ilədək "xxxx" Cəmiyyətində sürücü və 20.02.2007-ci ildən 20.05.2007-ci ilədək AMEA Botanika İnstitunda sürücü işləmiş və bu barədə müvafıq qeydlər əmək kitabçasına daxiledilmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh təşkilat olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafıə Fondunun Nəsimi Rayon Şöbəsinə müraciət etsə də onun müracətinin təmin olunmaması ilə bağlı imtina məktubu təqdim edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina onun pensiya hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia tələbinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı yaşa görə əmək pensiyası 63,5 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 fevral 2021-ci il tarixli **********6 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında İddiaçı məxsus 19.12.1977-ci il tarixli əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının 17 il 04 ay olmaqla qanunla tələb olunan müddətdən az olduğu, eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və Fondun 11 saylı regional ərazi filialının 15 yanvar 2021-ci il tarixli aktına əsasən 16.01.1995-ci il tarixdən 25.12.2005-ci il tarixədək İddiaçı işləmiş olduğu “Ruslan’’ MMC-nin uzun illər əvvəl fəaliyyətinin dayandırıldığı və sənədlərinin X4 Filialına təhvil verilmədiyi və bu səbəbdən də sözügedən illərin sosial sığorta stajına daxil edilməsinin qanunun tələblərinə müvafiq olmadığı qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 63,5 yaşda, yəni 21.01.2018-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 16742,88 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən məhkəməyə ona məxsus olduğunu iddia etdiyi 19.12.1977-ci il tarixli əmək kitabçası təqdim edilmişdir. Həmçinin İddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət edən zaman sözügedən əmək kitabçasının 16.01.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş surətini də təqdim etmişdir. Sözügedən əmək kitabçası ilə 16.01.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surəti arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi əmək kitabçasının 26-cı səhifəsinə müvafiq olaraq onun 16.01.1995-25.12.2005-ci illər ərzində işlədiyi görünür. Lakin sözügedən əmək kitabçasının 16.01.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş surətinin 26-cı səhifəsində "xxxx" MMC ilə bağlı hər hansı qeyd olmadığı görünür. Bu da öz növbəsində İddiaçı sözügedən müəssisədə 16.01.1995- 25.12.2005-ci illər ərzində işləmədiyini göstərir. Həmçinin qeyd edilməlidir ki, 26-cı səhifədə qeyd edilən Şamaxı rayon İcra Hakimiyyətinin 15.01.1992-ci il tarixli sərəncamına əsasən “Səadət evi”nin icarəyə keçirilməsi ilə əlaqədar olaraq İddiaçı işdən azad edildiyi görünür. Lakin sonradan həmin hissədə düzəlişlər edilərək işdən çıxma əmrinin tarixi 15.01.1995-ci il kimi qeyd edilmişdir. Sözügedən düzəlişlər əmək kitabçasının əslinin üzərində sonradan möhürlə təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən "xxxx" MMC-nin həmin illərdə fəaliyyətdə olmasını təsdiq edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 25.04.2003, 24.06.2003, 07.07.2003, 26.09.2003, 16.10.2003, 16.08.2004-cü il tarixli vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə xəbərdarlıq məktubları təqdim olunmuşdur. Sözügedən məktublarla həmin hissəyə onun Vergi Məcəlləsinin tələblərini pozaraq qanunla müəyyən edilmiş vergi bəyannamələrini vaxtında təqdim etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağına dair xəbərdarlıq ünvanlanmışdır. Həmçinin həmin müəssisə barəsində vergi hesabatının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə 10 oktyabr 2003-cü il tarixli akt əsasında 200 min manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair eyni tarixli 60 nömrəli, habelə 600 min manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair 16 avqust 2004-cü il tarixli, 330 nömrəli qərarlar tərtib olunmuşdur. Yuxarıda qeyd edilən məsələlər "xxxx" MMC-nin həmin dövrdə faktiki fəaliyyətdə olduğunu təsdiq etsə də həmin sənədlər İddiaçı sözügedən cəmiyyətdə 16.01.1995-25.12.2005-ci illər ərzində işlədiyini müəyyən etmək üçün əsas vermir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 06.02.2019cu ildən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 17.02.1986-cı ildən 25.10.1990-cu ilə qədər, 25.10.1990-cı ilədn 15.01.1995-ci ilə qədər, 16.01.1995-ci ildən 25.12.2005-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1368/2019 nömrəli, 04.03.2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı 17.02.1986-cı ildən 25.10.1990-cu ilə qədər, 25.10.1990-cı ilədn 15.01.1995-ci ilə qədər, 16.01.1995-ci ildən 25.12.2005-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh DSMF-nin Nəsimi rayon şöbəsinin üzərinə qoyulmuşdur. İddiaçı 15.03.2019-cu il tarixdə məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1368/2019 nömrəli, 27.03.2019cu il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı iddiadan imtinasının qəbul edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1368/2019 saylı, 04.03.2019cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmış, İddiaçı iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə iddiadan imtina edilməsinin hüquqi nəticələri bir mənalı olaraq göstərilmişdir. Belə ki, şəxsin iddiadan imtina etməsi, onun eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Bu növ mübahisələr üzrə yekun məhkəmə aktı qəbul edilərkən məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq şəxs ilə müzakirə aparır və şəxsi iddiadan imtina edilməsinin nəticələri barədə xəbərdar edir. Qeyd olunmalıdır ki, eyni tərəflər arasında eyni mübahisəyə baxılması yalnız o zaman yol verilir ki, əgər mübahisə üzrə yeni əsas yaranarsa və şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi halı aşkar olunarsa mümkündür. Digər hallarda şəxsin eyni əsas və eyni tələb ilə məhkəməyə müraciət etməsi yol verilməzdir. Göründüyü kimi İddiaçı 06.02.2019-cu ildə məhkəməyə təqdim etdiyi “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı iddiasından imtina etməsi onun yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia qaldırma imkanından məhrum edilməsinə səbəb olmuş və məhkəmənin 27.03.2019-cu il tarixli qərardada ona iddiadan imtinanın hüquqi nəticələri izah edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisələndirdiyi dövrdə yaşa görə əmək pensiyasının təyinatının aparılması, yenidən hesablanması və bu istiqamətdə hər hansı tədbir görülməsi Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şöbələri tərəfindən həyata keçirilirdi. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə heyətinin 23.07.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 3.1.3-cü yarımbəndinə əsasən sosial ödənişləri təyin etmək vəzifəsinə malikdir. Məhkəmə diqqətə çatdırır ki, hər nə qədər də hər iki iddia üzrə cavabdeh qismində çıxış edən qurumların adları fərqli olsa da, həm iddiaçının ilk iddiasında, həmçinin də hazırki irəli sürdüyü iddia üzrə cavabdeh qismində çıxış edən orqan məhz pensiya təyinatı sahəsində səlahiyyətli olan orqandır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki iddia üzrə tərəflər arasında yaranmış mübahisə artıq əvvəlki məhkəmənin mübahisə predmeti olduğundan və ilkin iddia üzrə olduğu kimi hazırki iddiada da iddiaçının mübahisəsinin əsası eynilik təşkil etdiyindən, ən əsası isə iddiaçı əvvəlki iddiadan öz iradə ifadəsini nümayiş etdirərək imtina etdiyindən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etdiyindən hazırki iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, əgər yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yeni əsaslar meydana gələrsə, yalnız bu halda şəxsin yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ istisna olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-730/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-730/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver