Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7302/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı həqiqi hərbi xidmətdə olarkən 2014-cü ildən “Modern Hospitalında” cərrahiyyə əməliyyatı zamanı çəkdiyi 1900 manat və 2020-ci ildə “HP Güvən” klinikasında cərahiyyə əməliyyatı zamanı 1598 manat çəkdiyi xərclərin əvəzi olaraq ümumilikdə 3.498 manat müalicə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrlərdə üç dəfə sol böyrəkdən müxtəlif özəl tibb müəssisələrində cərrahiyyə əməliyyatı keçirmiş və xx.xx.2020-ci il tarixdə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Müayinələr zamanı müəyyən olunan xəstəliklərlə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “sıradan kənar hərbi xidmətə yararlıdır qərarı verilmişdir”. xx.xx.2020-ci il tarixdə bel nahiyyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq hərbi hissə komandirinin göndərişinə əsasən silahlı qüvvələrin baş X1 bölməsində qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda müalicə aparılmış və həkimlərin çıxarış epikrizində qeyd etdiyi kimi sol böyrəyin perkutannefrolitotripsiya əməliyyatı göstəriş olmuşdur lakin nefroskop cihazı olmadığından cərrahiyyə əməliyyatının aparılması mümkün olmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı silahlı qüvvələrin Baş Klinik Hospitalından xidmət yerinə yazılmışdır. Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olduğu dövrlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında nefroskop cihazı olmadığına görə perkutannefrolitotripsiya cərrahiyyə əməliyyatının mümkün olmaması səbəbindən həmin cərrahiyyə əməliyyatının özəl tibb müəssislərində aparılması zərurəti yaranmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı növbəti məzuniyyətdə olduğu müddətdə sol böyrəyində kəskin ağrıların və səhətində halsızlığın yaranması səbəbəindən “HP Güvən” klinikasında müayinə olunmuşdur. Müayinələrin nəticələrinə görə sol böyrəyin çoxsaylı daşları diaqnozu təyin edilmiş və perkutannefrolitotripsiya cərrahiyyə əməliyyatı aparılmışdır. Qeyd olunmalıdır ki, iddiaçının keçirdiyi 2 əməliyyat üzrə cərrahiyyə əməliyyatlarına “Modern Hospitalı” üzrə 1900 “HP Güvən” klinikası üzrə isə 1598 manat məbləğində ödəniş edilmişdir. Həmin əməliyyatların özəl tibb müəssislərində həyata keçirilməsində əsas səbəb Silahlı qüvvələrin Baş Klinikasında nefroskop cihazının olmaması idi. Bu hal iddia ərizəsinə əlavə etdiyimiz Silahlı Qüvvələrin Baş X1 bölməsinin 2798 №-li, xx.xx.2020-ci il tarixli xəstəlik tarixi çıxarış epikrizində də öz əksini tapmışdır. Yəni iddiaçı məcburiyyət qarşısında qalaraq öz səhhətinin daha da pisləşməməsi üçün məcburən özəl tibb müəssisələrində əməliyyat olmuşdur. Əgər həmin tibbi avadanlıq Silahlı Qüvvələrin Baş Klinik Hospitsahnda olsa idi o zaman iddiaçı lüzumsuz xərclər çəkmədən dövlət tərəfindən pulsuz tibbi müayinədən keçərdi. İddiaçı hesab edir ki, həmin müalicə xərclərinin ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin 08 oktyabr 2021-ci il tarixli 5/1403 nömrəli imtina məktubundan görünür ki, iddiaçı Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına müraciət etmiş və orada müayinə və müalicələrdən sonra xx.xx.2020-ci il tarixdə kafi vəziyyətdə xidməti yerinə yazılmış, göstərilən dərmanları və bol maya qəbul etmək və 2 ay sonra təkrar uroluqun baxışı tövsiyyə olunmuşdur. Lakin buna baxmayaraq, iddiaçı təkrar Başk Klinik Hospitalına gəlmədən mülki tibb müəssisəsinə həkim rəyi (göndəriş) almadan öz şəxsi təşəbbüsü ilə 3 (üç) gün sonra yəni xx.xx.2020-ci il tarixdə “HB Güven” klinikasında müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin:
1. Hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicə-profilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. Hərbi qulluqçular məcburi qaydada ambulator və ya stasionar tibbi müayinədən, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilirlər.
2. Həqiqi hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır. Hərbi qulluqçuların, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
3. Hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 oktyabr 2014-cü il tarixli, 67 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2 X4 haqqında “Əsasnaməsi”nin: 12.5.1.Hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daixili Xidmət Nizamanməsinin müəyyən etdiyi qaydada göndərilirlər. 12.5.2. Xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. 12.5.3.Hərbi hissədə və yaxındaki hərbi müalicə müəssisələrində tələb olunan təxirəsalınmaz tibbi yardımın göstərilməsi mümkün olmadıqda xəstələr ehtiyac olan hallarda mülki müalicə müəssisələrinə göndərilə bilərlər. 12.5.6.Xəstələr müalicə müəssisəsinə tibb heyətinin müşayiəti ilə göndərilirlər. Ağır xəstəni müşayiət edən tibb işçisi yolda təxirəsalınmaz tibbi yardım göstərmək üçün zəruri vasitələr və dərmanlarla, infekion xəstəni müşayiət edən isə xəstəliyin xarakterinə uyğun qulluq əşyaları və dezinfeksiyaedici vasitələrlə təmin edilirlər. 12.5.7.Təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələr təcili qyadada ən yaxın tibb müəssisəsinə stasionar müalicəyə göndərilirlər. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsinə dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu səbəbdən də qüvvədə olan qanunvericilik həmin şəxslərə xüsusi hüquqlar vermişdir ki, bunlardan biri də - sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququdur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçular hərbi hissədən kənarda stasionar müayinə və müalicəyə Silahlı Qüvvələrin Daixili Xidmət Nizamanməsinin müəyyən etdiyi qaydada göndərilirlər. Xəstələr hərbi hissənin tibb məntəqəsindən dərin tibbi müayinə və müalicə üçün əlahiddə tibb taboruna, qarnizon hərbi hospitalına və ya ixtisaslaşmış hospitala göndərilirlər. Xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. Təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün hərbi hissədə yol vərəqi əvvəlcədən tərtib olunmuş tibb nəqliyyatı həmişə çıxışa hazır durmalıdır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələr təcili qaydada ən yaxın tibb müəssisəsinə stasionar müalicəyə göndərilirlər. Göründüyü normativ hüquqi aktların tələblərinə görə xəstələr digər tibbi hərbi hissə və müəssisələrdən Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı əsasında köçürülürlər. Məhkəmə hazırki işin faktiki halları ilə bağlı bildirir ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan ordusunda həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156- cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət dövründə, yəni xx.xx.2020-ci il tarixdə bel nahiyyəsində olan ağrılarla və halsızlıqla əlaqədar olaraq hərbi hissə komandirinin göndərişinə əsasən silahlı qüvvələrin baş X1 bölməsinə qəbul edilmişdir. xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək hospitalda müalicə aparılmış və çıxış epikrizində qeyd etdiyi kimi sol böyrəyin perkutannefroliotripsiya əməliyyatı göstəriş olmuş, lakin nefroskop cihazı olmadığından cərrahiyyə əməliyyatların aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli arayışı ilə şəhadətləndirilmiş və ona “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra xx.xx.2020-ci il tarixdə “HB Güven” klinikasında əməliyyat olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdə olarkən cərahiyyə əməliyyatı zamanı çəkdiyi xərclərin əvəzi olaraq ümumilikdə 3.498 manat müalicə xərclərinin ödənilməsini tələb etsə də, iddiaçının bu tələbi irəli sürməkdə hüququ olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının müalicə xərclərinin ödənilməsini tələb etməkdə hüququ yalnız o halda yarana bilərdi ki, əgər iddiaçının digər tibb müəssisəsinə köçürülməsi ilə bağlı Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı mövcud olsun. Nəzərə alınmalıdır ki, qüvvədə olan Qaydalar həmin rəyin mövcudluğunu imperativ qaydada nəzərdə tutmuşdur. Lakin, hazırki mübahisə üzrə həmin rəyin (və ya razılığın) mövcudluğu aşkar olunmamışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, Qaydalar həmin rəyin əvvəlcədən təqdim edilməsini istisna edən hal kimi vətəndaşın məhz təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin əhatə dairəsinə düşməsi ilə bağlılığını müəyyən etmişdir. Lakin, bu hallarda (təxirəsalınmaz) belə Qaydalar yol vərəqəsinin mövcudluğunu istisna etməmiş, təxirəsalnmaz ixtisaslı tibbi yardıma ehtiyacı olan xəstələrin vaxtında hospitalizasiyasını təmin etmək üçün yol vərəqəsinin tərtibini nəzərdə tutmuşdur. Başqa sözlə desək, istər təcili tibbi yardım, istər təxirəsalınmaz, istərsə də adi hallarda vətəndaş digər tibb müəssisəsinə köçürülməsi zamanı hər bir halda məlumat verməlidir. Bununla bağlı Məhkəmə hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində dəyərləndirmənin aparılması üçün xx.xx.2020-ci il tarixdə iddiaçıda olan və Silahlı Qüvvələrin Baş X3 bölməsi tərəfindən verilmiş 2798 №-li epikrizda qeyd olunan diaqnoz üzrə aparılmalı tibbi yardımın forması, həmçinin iddiaçıya münasibətdə aparılmış tibbi yardımın forması (təxirəsalınmaz və ya təcili tibbi yardım) müəyyən edilməli, bundan başqa nefroskop cihazı olduğu halda iddiaçıda aşkar olunan və epikrizda qeyd olunan xəstəliklərin müalicəsinin mümkün olub-olmaması istiqamətində zəruri araşdırma aparmış, bununla bağlı məhkəmə tibbi ekspertizası təyin etmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş ekspert rəyində qeyd olunur ki: -İddiaçı təcili surətdə SQ-in BKH-nın urologiya bölməsinə qəbul edilmiş, müalicə və müayinə prosesinin həcmi patologiyaya (Sidik daşı xəstəliyi. Sol böyrək daşı xəstəliyi) uyğun olmuşdur. Xəstəliyin kardinal əlaməti (ağrılar) aradan qalxmış, müayinə və müalicə prosesi sonrakı günlərdə planlı surətdə davam etdirilmişdir. Bu mərhələdə böyrək daşlarının çıxarılması (urolitotripsiya) göstərişdir. Xəstəyə müvafiq təyinat verilmiş və 2 aydan sonra təkrar uroloqa müraciət etməyi tövsiyyə edilmişdir. Yaxşı olardı ki, xəstədə ağrılar aradan qaldırıldıqdan sonra, yəni xəstənin stabil vəziyyətində onun TƏBİB-in ixtisaslaşdırılmış mərkəzlərinin urologiya şöbələrində ixtisaslaşmış müalicəsi təmin edilməli idi. Təcili tibbi yardım kəskin xəstəliklərə, patoloji vəziyyətlərə görə xəstəyə xəstəliyin, patoloji vəziyyətin başlandığı andan müalicə müəssisəsində ilk 24 saat, təxirəsalınmaz tibbi yardım isə ilk 2-4 saat ərzində göstərilən müalicə-diaqnostik proseduralar kompleksidir. Həmin tibbi yardım müvafiq ixtisaslı mütəxəssislər tərəfindən göstərilir. Eyni zamanda rəydə göstərilmişdir ki, nefroskop olmadığı təqdirdə xəstəliyin müalicəsi açıq əməliyyat üsulu ilə aparılması mümkün ola bilərdi. Məhkəmə qeyd edir ki, ekspert rəyinə əsasən iddiaçının SQ-in BKH-nın urologiya bölməsində müalicə və müayinəsi prosesinin həcmi patologiyaya uyğun olmuş, xəstəliyin kardinal əlaməti aradan qalxmış, müayinə və müalicə prosesi sonraki mərhələlərdə planlı surətdə davam etdirilmiş, bu mərhələlədə böyrək daşlarının çıxarılması göstəriş olmuşdur. Başqa sözlə desək, iddiaçının xx.xx.2020-ci il tarixli müayinəsindən sonra onun xx.xx.2020-ci il tarixdə əməliyyat olması bilavasitə xəstəliyin təcili tibbi yardım olması və ya təxirəsalınmaz tibbi yardıma ehtiyacı olması ilə əlaqədar olmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, işin qeyd olunan hüquqi halları iddiaçının 2014cü ildə “Modern Hospitalında” cərrahi əməliyyatlarına da tətbiq olunur. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı Baş Klinik Hospitala Silahlı Qüvvələrin baş tibb mütəxəssislərinin rəyi, Tibb Baş İdarəsinin razılığı olmadan cərrahi əməliyyat olmuşdur. Göstərilən bütün hallara əsaslanaraq, Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə müalicə xərclərinin ödənilməsini tələb etmək hüququ olmamışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov