Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7302/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə dair iddiaçı ilə kirayə bağlanması barədə sərəncamın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda yaşadığı ünvan 1 saylı ev Bakı şəhəri Nəsimi rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 91/2 saylı qərarına əsasən mərhum X6 adına rəsmiləşdirilmişdir. Sonradan Bakı şəhəri Nəsimi rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 190/5 saylı qərarına əsasən mənzil 2 nəfər şəxs arasında bölünmüş və sahəsi 15,8 kv olan 1 otaqlı mənzil X6 adına rəsmiləşdirilmişdir. X10 mərhum X9 ilə rəsmi nikahda olmuşlar. İddiaçı onlar tərəfindən övladlığa götürülmüşdür və körpəlikdən bu günə kimi bu mənzildə yaşayır. X10 xx.xx.2008-ci il tarixində vəfat etmişdir. X9 isə xx.xx.2013-cü il tarixində vəfat etmişdir. X2 bütün adına olan əmlakı iddiaçıya vəsiyyət etmişdir. Bununla əlaqədar xx.xx.2013-cü il tarixli vəsiyyətnamə də tərtib olunmuşdur. İddiaçının hal-hazırda bu mənzildən başqa yaşayış sahəsi yoxdur. Onun başqa yerdə mənzil almağa da maddi imkanı yoxdur. Bu mənzil iddiaçının yeganə yaşayış sahəsidir. İddiaçı mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Lakin lazımi sənədləri təqdim etməyinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif sənədləri ondan tələb etmiş, daha sonra isə tələbini təmin etməkdən imtina etmişdir. Bu səbəbdən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək mənzil icarə müqaviləsinin onunla bağlanmasına köməklik edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, qeydiyyat haqqında “Asan Xidmət” mərkəzindən arayış, Forma № 2 arayışı, şəxsi hesab vərəqəsinin surəti və doğum haqqında şəhadətnaməsinin surəti təqdim edildikdən sonra ərizədə qeyd edildiyi məsələyə yenidən baxıla bilər. İddiaçını cavab qane etmədiyidən o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. İddiaçı mənzilin keçmiş icarədarı mərhum X6 və onun hayət yoldaşı mərhum X4 onu övladlığa götürülməsinə və mərhum X.Ə.Kazımovanın ona vəsiyyətnamə verməsinə istinad etməsinə baxmayaraq mərhumların onu övladlığa götürülməsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda sözügedən mənzil mərhum X.Ə.Kazımovanın mülkiyyətində olmadığından mənzillə bağlı onun verdiyi vəsiyyətnamə keçərli deyildir. Ərizəçi tərəfindən təqdim olunmuş əraziyə xidmət göstərən 41 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli arayışından görünür ki, həmin mənzildə ərizəçidən başqa X17, X18 və X5 qeydiyyatda olmasına baxmayaraq onların razılıq ərizələri təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan 25 yanvar 2013-cü il tarixli X9 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, o, ölən günədək ona məxsus olan nədən ibarət olmasından, harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını və hüquqlarını iddiaçıya vəsiyyət etmişdir. İddia ərizəsinə əlavə edilən 41 saylı Mənzil-Kommunal İstismar sahəsinin 250 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 149 saylı evin 1-ci mərtəbəsində 15,8 kv.metr yaşayış sahəsi olan 1 otaqlı 2 nömrəli mənzilində iddiaçı ilə bərabər X17, X18 və X8 qeydiyyatdadırlar və yaşayırlar. İşdəki cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, qeydiyyat haqqında “Asan Xidmət” mərkəzindən arayış, Forma № 2 arayışı, şəxsi hesab vərəqəsinin surəti və doğum haqqında şəhadətnaməsinin surəti təqdim edildikdən sonra ərizədə qeyd edildiyi məsələyə yenidən baxıla bilər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 11 mart 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə keçmiş Nəsimi rayon XDS İK-nın arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 110/5 saylı qərarının surəti məhkəməyə təqdim edilmişdir. Qərardan görünür ki, 149 saylı mənzil X10 və onun bacısı arasında bölünmüş və X10 həmin mənzilin 15,8 kv.metr sahəsi olan 1 otağının icarədarı hesab edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış X6 xx.xx.2008-ci il tarixli 829 nömrəli və X4 xx.xx.2013-cı il tarixli 72 nömrəli ölümü, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış İddiaçı xx.xx.1978-ci il tarixli 1828 nömrəli doğumu haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən İddiaçı övladlığa götürülməsi barədə hər hansı məlumat aşkar olunmamışdır. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış İddiaçı xx.xx.1978-ci il tarixl, 1828 nömrəli doğumu haqqında akt qeydindən görünür ki, o, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X14, anası X3r. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış X6 xx.xx.2008-ci il tarixli 829 nömrəli akt qeydinə əsasən o, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış X4 xx.xx.2013-cı il tarixli ********* nömrəli ölüm haqqında akt qeydinə əsasən o, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda ünvan 2 ünvanında qeydiyyatda olan şəxslərə dair məlumatlar məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 17 aprel 2025-ci il tarixli cavab məktubu ilə ünvan 3 ünvanı ilə bağlı arxiv sənədləri məhkəməyə təqdim edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən 149 saylı fərdi yaşayış evi X7 (********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyata əsasən) və X11 (********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyata əsasən) paylı mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehə inzibati aktın qəbul olunması üçün 30 gün müddət təyin edilmişdir. Cavabdehin 31 may 2025-ci il tarixli məktubundan görünür ki, qərardadın icrasını təmin etmək məqsədi ilə iddiaçının müraciətinə yenidən baxılmış və imtina cavabı verilmişdir. Məktuba müvafiq məhkəmə aktları əlavə edilmişdir. Cavabdehin 31 may 2025-ci il tarixli iddiaçının müraciətinə cavab məktubunda göstərilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixi, 2(006)-451/2014 nömrəli qətnaməsi ilə iddiaçının azyaşlı qızı X8 ilə birlikdə Nəsimi rayonu, R.Rza küçəsi 149 nömrəli evə istifadə hüquqları tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5977/2014 nömrəli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-903/15 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 4/2016 nömrəli qətnaməsi ilə iddiaçı X12 iddiaçıya qarşı “yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək iddiaçının Nəsimi rayonu, R.Rza küçəsi 145 nömrəli evdən çıxarılması qət edilmişdir. Qeyd edilənlərə əsasən Nəsimi rayonu, R.Rza küçəsi 149 nömrəli evə dair onunla kirayə müqaviləsi bağlamaq mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadə və sahibliyində olan mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1). Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir (60.2.). Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır (62.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (62.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək (66.1.). İşdən göründüyü kimi iddiaçı ünvan 1 saylı evin bir otağının Bakı şəhəri Nəsimi rayon XDS-nin İK-nin xx.xx.1989-cu il tarixli, 190/5 saylı qərarına əsasən X6 adına rəsmiləşdirildiyini, onun X10 və X9 tərəfindən övladlığa götürüldüyünü, X1 bütün əmlakını ona vəsiyyət etdiyini bildirərək mənzilə dair onunla sosial kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsini istəyir. Məhkəmə iddia tələbinin hər bir dəlilinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən övladlığa götürmə haqqında ərizələrə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır (305.1.9.). Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamənin nəticə hissəsində övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Qətnamə yalnız qapalı məhkəmə iclası iştirakçıları üçün elan edilir (350.1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 4.2-ci bəndində göstərilmişdir ki, övladlığa götürmənin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respub-likası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi övladlığa götürülmə yalnız məhkəmə qətnaməsi əsasında müvafiq qeydiyyat şöbəsində qeydə alındınqdan sonra mümkündür. İş materiallarında isə iddiaçının yuxarıdakı şəxslərin övladlığa götürdüyü şəxs olması barədə hər hansı sübut yoxdur. Həmçinin, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının övladlığa götürülməsi barədə hər hansı məlumatın aşkar olunmadığı bildirilmişdir. İddiaçı isə bu halı təsdiq edəcək hansısa sənədi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddiaçının həmin şəxslər tərəfindən övladlığa götürülməsi faktı öz təsdiqini tapmır. Digər tərəfdən, iddiaçı onu övladlığa götürən şəxslərin adına olan əmlakın ona təqdim etdiyi vəsiyyətnamə əsasında vəsiyyət etdiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1.). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər (1166). Mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır (1226.1.). Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır (1226.2.). Qeyd edilməlidir ki, ünvan 1 saylı ev X9 vəfat etdiyi vaxt onun mülkiyyətində olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının həmin evin ona vəsiyyət edildiyi barədə dəlilini əsassız hesab edir. Eyni zamanda həmin mənzilə dair məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 2 saylı fərdi yaşayış evi X13 və X11 paylı mülkiyyətindədir. Qeyd edilməlidir ki, həmin evdə qeydiyyatda olan şəxslərin dairəsini müəyyənləşdirmək üçün məhkəmə tərəfindən müvafiq sorğu göndərilmişdir və xx.xx.2025ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan həmin ünvanında 30 nəfər şəxsin qeydiyyatda olması aşkar olunmuşdur. Fərdi yaşayış evinə dair sosial kirayə müqaviləsinin bağlanmasına həmin şəxslərin razılıq ərizələri isə iş materiallarında mövcud deyildir. Son olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixi, 2(006)-451/2014 nömrəli qətnaməsi ilə iddia İddiaçı azyaşlı qızı X8 ilə birlikdə Nəsimi rayonu, R.Rza küçəsi 149 nömrəli evə istifadə hüquqları tanınsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-5977/2014 nömrəli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-903/15 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə xx.xx.2014cü il tarixli 2(103)-5977/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-4/2016 nömrəli qətnaməsi ilə iddiaçı X12 iddiaçıya qarşı “yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək İddiaçı Nəsimi rayonu, R.Rza küçəsi 145 nömrəli evdən çıxarılması qət edilmişdir. Göründüyü kimi işdə olan qanuni qüvvəyə minmiş hər iki məhkəmə qətnaməsindən yekun olaraq aydın olur ki, iddiaçının sözügedən mənzilə dair istifadə hüquqları mövcud deyil və onun həmin evdən çıxarılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Beləliklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, sözügedən mənzil üzərində iddiaçının hər hansı bir hüququnun olması müəyyən edilmədiyindən, habelə onunla kirayə müqaviləsinin bağlanması üçün hər hansı bir əsas aşkar edilmədiyindən cavabdehin iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Odur ki, iddianın təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7302/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7302/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver