Məhkəmə qərarları › İş №2-1(112)-7303/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7303/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7303/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) əlillik dərəcəsinin bərpa edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. Məhkəmə baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinin ödənildiyi qənaətindədir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, İddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 35№-li, xx.xx.2016-cı il tarixli Qərarına əsasən iddiaçı Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağrılmış döyüş zonasında xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Mina partlamasından sonrakı qapalı kəllə beyin travması. Baş-beyin kontuziyası”dır. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş 18 №-li Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş Ambulator kartadan çıxarışdan görünür ki, iddiaçya qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. İddia ərizəsinə əlavə edilmiş digər tibbi sənədlərdən görünür ki, iddiaçı müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona təyin edilmiş diaqnozlar ilkin diaqnoz ilə eynilik təşkil edir. Daha sonra Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 tərtib edərək xx.xx.2022-ci ilədək ikinci dərəcəli əlillik təyin etmişdir. Göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Kəllədaxili travmaların nəticələri, qapalı kəllə beyinbeyin travması. Baş-beyin kontuziyası Postravmatik ensefalopatiya. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Vegeto-damar distoniya sindromu, hipertoniya tipli" dir. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi şəxsə 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında xx.xx.2022-ci il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona beş il müddətinə 2-ci dərəcəli əllik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə onun sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Bundan başqa iddiaçı qeyd edir ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqam vardır. İnzibati icraat aparılmışdırmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilmişdirmi? İnzibati icraat aparılan zaman vətəndaşın yəni maralı şəxsin iştirakı təmin etmişdirmi? Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilmişdirmi? Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi, etibarsız hesab edilməsinə deyil. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz oloduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Qapalı kəllə-beyin travması.Baş -beyin kontuziyası. Postravmatik pasial eplepsiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixindən aparılan müalicə müddəti yetərli deyil" səbəbi ilə imtina verilmişdir. Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: .Keçirilmiş qapalı kəllə-beyin travması və baş beyin kontuziyasından sonrakı davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin stasionar şəraitdə müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Qapalı kəllə-beyin travması.Baş-beyin kontuziyas Posttravmatik ensefalopatiya.Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom,tez-tez təkrarlanan qıcolma tutmaları ilə.Vegeto-damar distoniya sindromu,hipertoniya tipli; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (214-cü sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı hüquqi əsaslara görə təmin olunmalıdır. İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli 35 №-li Qərardan görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Füzuli rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma, yaralanmadiaqnoz: “Mina partlamasından sonrakı qapalı kəllə-beyin travması. Baş-beyn kontuziyası’’ (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Binəqədi rayon idarəsinin xx.xx.2016-cı il tarixli 4054 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 263 nömrəli arayışı, Füzuli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992- ci il tarixli çıxarış epikrizi, Füzuli rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 265 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadir, Azərbaycan Respublikasinin Müdafiəsi Zamani Alinmişdir”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilən cranial kompüter tomoqrafiyasının nəticəsindən görünür ki, nativ müayinə aparılaraq aşağıdakılar qeyd olunmuşdur: Yan mədəciklərdə genişlənmə izlənir. İntrakranial hipertenziyaya xarakter. Alın-gicgah paylarında subaraxnoidal sahədə genişlənmə izlənir. Silvi yarıqları asimmetrik olub, dərinləşmişdir. Kəllə sümüklərinə aid patoloji destruktiv dəyişiklik izlənmir. İV, İİİ mədəciklərin genişliyi adidir. Bazal sistemalar açıqdır. Supratentorial sahədə orta xətdə dislokasiya müşahidə olunmur. Bazal qanqliyaların, talamusun, daxili kapsulun morfologiya və strukturu normaldır. Mastoid sümüyü hücrələrinin pnevmatizasiyası normaldır. -18 №-li Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş Ambulator kartadan çıxarışdan görünür ki, iddiaçya qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri diaqnozu qoyulmuşdur. -İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 4110003AACD4 nömrəli, xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsini və əlilliyin əlillik al sistemindən etibarsız sayılmasına dair sənədləri və aparılmış inzibati icraat meteriallarının ona təqdim edilməsini Azərbaycan Respublikası ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xahiş etmişdir. Ərizə cavabdeh inzibati orqan tərəfindən qəbul edilsə də, lakin ərizəyə cavab verilməmişdir. İddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı sorğu əsasında iddiaçıya təyin edilmiş 2-ci dərəcə əlilliyin etibarsız hesab edilməsi barədə qərarın və həmin qərarın əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 26 aprel 2022-ci il tarixli məktubda Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlərin (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran, eləcədə nazirliyin Xüsusi Həkim Komissiyaları tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edildiyi, 2018-ci ildə aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarında tibbi qeydiyyatda durmayan, XHK-sı tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib edilmiş göndərişlər əsasında əlillik təyinatlarının aparıldığının aşkarlanmasına dair məlumat ƏƏSMN-nə verildiyi, bu səbəbdən qeyd olunan göndərişlərin etibarsız hesab edildiyi və Daxili İşlər nazirinin müvafiq əmri ilə poliklinikaların bu işə məsul vəzifəli şəxsləri daxili işlər orqanlarında xidmətdən xaric edildiyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AACD4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından, ona dair tərtib olunmuş 4110003AACD4 nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Məktubda o cümlədən məlumat xarakterli məsələ olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilir. Bununla əlaqədar, qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, İddiaçı əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli xidməti məruzədən görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmış və müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirildiyi, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması bildirilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 411000AACD4 saylı göndərişi əsasında qiymətləndirilmiş və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona 5 illik müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xidməti məruzəsi ilə 843 nəfərin Daxili işlər Nazirliyinə aidiyyətinin olmadığı və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi, bununla əlaqədar göndərişlərin etibarsız hesab olunması barədə daxil olduğu məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş 2-ci dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi, məhz xidməti məruzə məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı bir maddi hüquq normasına istinad edilmədən sadəcə 843 nəfərin göndərişlərinin tibb işçiləri tərəfindən əsassız olaraq rəsmiləşdirildiyi göstərilimişdir. İddiaçının 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ yalnız yuxarıda göstərilmiş xidməti məruzə məktubu ilə həll olunmuşdur, yəni bu məsələyə dair hər hansı bir rəsmi qərar qəbul edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarında dəyişiklik edilərək "Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, iddiaçının əlilliyi barədə yuxarıda istinad olunan Əsasnamənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki ən azından "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1. 1 -ci maddəsinin tələbi baxımından sonradan iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, məhz Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti - cavabdeh inzibati orqanının iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. "İnzibati icraat haqqında” Qanunun 36.3-ü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi cavabdeh sadalanan inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qərar qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1 -ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1 -ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı İddiaçı 411000AACD4 nömrəli xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 411000AACD4 nömrəli xx.xx.2017-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar