Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7303/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun doğum aktı qeydi bərpa edilməklə, yeni şəhadətnamədə doğum tarixinin “xx.xx.1960-cı il”, doğulduğu yer “Bakı şəhəri”, soyadı, adı, atasının adı qrafasında “İddiaçı”, ata adı qrafasında “......oğlu”, ana adı qrafasında “......qızı”, milliyəti “azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli Sabunçu rayon Balaxanı icra nümayəndəliyində qeydə alınmış xx.xx.1960-cı il tarixli 24 saylı doğum haqqında akt qeydinin təkrar şəhadətnamə verilməsi barədə iddiaçının ünvanladığı məktuba baxılmış və bu barədə ona xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına, tərbiyə müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Yetkinlik yaşına çatdığınız səbəbindən və şəxsiyyətinizi təsdiq edən sənəd olmadığından ərizəmin təmini mümkün olmamışdır”. İddiaçı şəxsiyyəti təsdiq edən sənədi bu günə kimi almadığı üçün məhkəməyə təqdim edə bilmir. O, uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi, korpus 43-də yerləşən 486 saylı evdə yaşayır. Evdar xanımdır. Bu günə kimi doğum haqqında şəhadətnamə, şəxsiyyəti təsdiq edən sənəd ona lazım olmadığı üçün aidiyyəti qurumlara müraciət etməmişdir. Hazırda isə zərurət yarandığı üçün doğum haqqında şəhadətnaməni əldə etməsi vacibdir. Bu məsələ ilə bağlı ilk əvvəl rayon məhkəməsinə müraciət etmişdir. Lakin ona şifahi şəkildə izah olunmuşdur ki, ərizə Azərbaycan Respublikası mülki -Prosessual Məcəlləsinin xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuş işlərə aid olmamasıdır. Şifahi olaraq ona izah edilmişdir ki, məsələ ilə bağlə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edildiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.1960-cı il tarixli, 24 saylı doğum haqqında akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən, “Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığı götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə, təkrar şəhadətnamələr verilə bilər”. İddiaçının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. -Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 399 №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. -Bakı şəhəri Nəsimi rayonunun İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin 3-cü bölməsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, İ-ЖГ 528458 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının pasportunun surətindən görünür ki, X1 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş iddiaçıya məxsus xx.xx.1960-cı il tarixli, 24 №-li doğum akt qeydinin surətindən görünür ki, İddiaçı Əli Heydər qızı xx.xx.1960-cı il tarixdə Bakı şəhəri, Lenin rayonu, Balaxanı qəsəbəsində doğulmuşdur. Doğum akt qeydinin “uşaq haqqında məlumat” bölməsində “soyadı” qrafasında “Ələkbərova”, “adı” qrafasında “Yaqut”, “atasının adı” qrafasında “Əliheydər qızı” kimi göstərilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, iddiaçının digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı barəsində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. -Binəqədi Rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı barəsində hər hansı məlumat aşkar olunmamışdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının doğum haqqında akt qeydi mövcuddur. İddiaçı hazıradək şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müvafiq ərizə ilə Binəqədi rayon Qeydiyat Şöbəsinə müraciət etmiş, sonuncu 11 yanvar 2023-cü il tarixli məktubla iddiaçının yetkinlik yaşına çatması səbəbindən və şəxsiyyəti təsdiq edən sənəd olmadığı əsası ilə ərizənin təmin edilməməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə ki, hazırkı tələbin hüquqi əsasını «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. İstinad olunan Qaydaların: - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsi qadağan edilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan - Bakı şəhəri Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə 24 nömrəli akt qeydi mövcuddur və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir, yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıya 12 yanvar 1960-cı il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində aparılmış, 24 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 12 yanvar 1960-cı il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində aparılmış, 24 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7303/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7303/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver