Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7308/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, R-22-159 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən ünvandakı mənzil Bakı şəhər X24 İcraiyyə Komitəsinin Yaşayış sahələrinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən verilən 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli orderə əsasən X1 istifadəsinə verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 100 nömrəli evin 9 saylı mənzilinə dair 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli order iddiaçının əri X4 adına olmadığından onunla kirayə müqaviləsinin bağlanması üçün hüquqi əsas yoxdur. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. 19 aprel 1990-cı il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 535 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin tarixdə də X9 anası X2 razılığı ilə 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli order əsasında ona verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinə uşaqları xx.xx.1983-cü il təvəllüdlü X18 və xx.xx.1989-cu il təvəllüdlü X18 ilə birlikdə köçərək pasport qeydiyyatına alınmışdır. Həmin tarixdən hazıradək həmin ünvanda yaşayır. Elə həmin ildə X11 və uşaqları X13, X14 və X25 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilindən pasport qeydiyyatından çıxaraq daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Rəsmi nikahda olduğu X13 16 iyun 1993-cü il tarixdə vəfat etmişdir. 26 noyabr 1994-cü il tarixdə ona ölüm haqqında şəhadətnamə verilmişdir. 1990-cı ildən hazıradək 9 saylı mənzil onun istifadəsindədir və mənzilin bütün kommunal xərclərini özü ödəyir. Eyni zamanda uşaqları X18, xx.xx.1989-cu il təvəllüdlü X19 və nəvələri də onunla birlikdə yaşayırlar. Həmin mənzilə 1990-cı ildən sahiblik etməsinə baxmayaraq, mənzilin icarədarı hələ də orderə əsasən X3. Halbuki X11 1990-cı ildən həmin mənzildə yaşamır. Artıq 31 ildən artıqdır ki, ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Həmin mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi və mənzilin kirayədarı hesab edilməsi barədə sərəncam qəbul edilməsi üçün cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə 01 mart 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, cavabdehin imtinası onun Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbit olunmuş hüquqlarını pozur. 31 ildir yaşadığı mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilməlidir. Mənzildə qeydiyyatda olan və yaşayan ailə üzvləri də kirayə müqaviləsinin dəyişdirilərək onun kirayədar hesab edilməsinə razıdırlar. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazda göstərilmişdir ki, müvafiq mənzilə dair order X2 adına verilmişdir. Həmin orderdə X5 yanaşı M.K.Yevlentyevanın digər övladlarının da adları qeyd edilmişdir. İddiaçı əri G.V.Yevlentyevin ölüm haqqında şəhadətnaməsini təqdim etsə də, orderdə adları olan digər vərəsələr haqqında hər hansı bir sənəd təqdim etməmişdir. AR Mənzil Məcəlləsinin 81.2-ci maddəsinin məzmunundan görünür ki, ilkin kirayəçinin əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb edən şəxs həmin mənzilə istifadə hüququ olan digər şəxslərin razılığını almalıdır. Həmçinin İddiaçı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənləri müdafiə etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edən iddiaçının səlahiyyətli inzibati orqana ünvanlanmış hazırkı tələbi məcburetmə haqqında iddia növünə uyğun olmaqla inzibati mübahisədir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə (İPM), maddə 2.2.2). İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş (İPM, maddə 33.2), ona imtina cavabı verildikdən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM, 38.2). Məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 26 saylı MKİS-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzili dövlət mülkiyyətində olmaqla Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İşdə olan Azərbaycan SSR Bakı Şəhər X24nin İcraiyyə Komitəsinin Yaşayış sahələrinin uçotu və yaşayış sahəsinin bölüşdürülməsi şöbəsinin 11 noyabr 1976-cı il tarixli 058500 saylı orderinin surətindən görünür ki, X6 3 ailə üzvü ilə birlikdə U.İ.L adlı şəxsin mənzili ilə dəyişmə üsulu ilə ünvan 2 ünvanında yerləşən mənzil verilmişdir. Orderə əsasən mənzildə yaşamaq hüququ olan şəxslər aşağıdakılardır: X11, X14, X25 və X13. İşdə olan V-ЖГ seriyalı 344670 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı 19 aprel 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 535 nömrə ilə qeyd aparılmışdır. İİ-ЖГ seriyalı 470851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 iyun 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 noyabr 1994-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2109/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X20 iddia tələbi təmin edilmiş, cavabdehlər X2, X7 və X15 ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “...məhkəmə araşdırması zamanı iş materialları, həmçinin şahid ifadələri ilə müəyyən olundu ki, cavabdehlər 1982-1988-ci il tarixlərindən mənzildən qeydiyyatdan çıxmış və uzun illərdir ki, ünvan 2 ünvanında yerləşən mənzildə yaşamırlar. Bu müddət ərzində mənzil iddiaçının istifadəsində qalmış və o öz ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam etmişdir. Mübahisələndirilən mənzil fasiləsiz olaraq iddiaçının istifadəsində qalmış və o, mənzilə faktiki olaraq sahiblik edir. Cavabdehlər isə mübahisələndirilən mənzili tərk etmiş, özlərinə yeni yaşayış yeri seçmiş, onlar başqa yaşayış yerinə köçmələri ilə əlaqədar olaraq 30 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır və həmin mənzildə onlara məxsus heç bir əşya yoxdur. Cavabdehlər keçən müddət ərzində həmin ünvana qayıtmamış, bununla da həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulduğu kimi, yaşayış sahəsindən istifadə hüquqlarını itirmişlər. Belə olan halda, Mənzil Məcəlləsinin 87- ci maddəsində nəzərdə tutulduğu qaydada yaşayış sahəsinin icarə müqaviləsi cavabdehlərin getdiyi gündən pozulmuş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli yaşayış sahəsindən daimi olaraq başqa yaşayış yerinə köçüb getdiklərindən və 30 ildən çoxdur ki, mübahisə predmeti olan mənzildə yaşamadıqlarından iddia tələbi təmin edilməli, onların mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2109/2022 saylı məktubundan görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-2109/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-10473- 1222 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında xx.xx.1989-cu il təvəllüdlü X16 xx.xx.2007-ci il tarixdən, xx.xx.1983-cü il təvəllüdlü X18 xx.xx.2002-ci il tarixdən, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən, xx.xx.2008-ci il təvəllüdlü X21 xx.xx.2015-ci il tarixdən, xx.xx.2013-cü il təvəllüdlü X22 xx.xx.2015-ci il tarixdən, xx.xx.2014-cü il təvəllüdlü X23 isə xx.xx.2015-ci il tarixdən daimi qeydiyyatdadırlar. İşdə olan X10 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilinin (31,22 kv.metr sahəsi olan 2 otaqdan ibarət) kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. X8 ərizəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilinin (31,22 kv.m sahəsi olan 2 otaqdan ibarət) kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Bu zaman tələb olunan yeganə şərt mənzilə hüququ olan digər şəxslərin razılığının alınmasıdır. İşdən görünür ki, iddiaçı xx.xx.1990-cı ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin icarədarı M.Yevlentevanın ailə üzvü olan və orderdə adı çəkilən Qennadiy Yevlentevlə nikaha daxil olmuş və onların icazəsi ilə həmin mənzilə köçərək birgə təsərrüfat aparmış, xx.xx.1990-cı ildən həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə olan halda ayındır ki, 30 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. İşin yuxarıda sadalanan hallarından məlum olur ki, 9 saylı mənzilin icarədarı və orderdə adı çəkilən şəxslər olan X2, X7 və X15 həmin mənzilindən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə itirilmiş hesab edilmiş, Qennadiy Yevlentev isə 16 iyun 1993-cü ildə ölmüşdür. Hazırda həmin mənzildə qeydiyyatda olan və yaşayan yetkinlik yaşına çatmış X19 və X17 isə həmin mənzilə kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə etiraz etməmişlər. Belə olan halda aydın olur ki, 9 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçıya imtina cavabı verərəkən orderin iddiaçının əri Qennadiy Yevlentevin adına olmadığına istinad etmiş, lakin bu zaman icarədarın ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmalarını nəzərə almamışdır. Cavabdeh etirazında orderdə adları olan digər vərəsələr haqqında hər hansı bir sənəd təqdim edilmədiyini göstərsə də, məhkəmə hesab edir ki, həmin şəxslərin mənzildən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə itirilmiş hesab olunduğundan onlarla bağlı hər hansı bir sənədin təqdim edilməsinə zərurət yoxdur. İddiaçının cavabdeh tərəfindən mənzil uçotuna alınmaması barədə dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında əlavə olunan Nümunəvi qaydalarının 10-cu bəndinə əsasən ailədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna dayanmaq hüququna bir neçə nəfər malik olduqda, ailə üzvlərinin arzusu ilə onlardan yalnız biri uçota götürülür. Qaydaların 19-cu bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Həmin Qaydaların 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Həmin Qaydaların 39-cü maddəsinə əsasən orderdə mənzil sahəsi verilən vətəndaşın və onunla birlikdə köçən ailə üzvlərinin familiyası, adı və atasının adı, qohumluq münasibətləri və doğulduğu il göstərilir. İşdən görünür ki, iddiaçı uçota alınmış və daha sonra mənzillə təmin edilmiş M.Yevlentevanın ailə üzvü kimi yaşayış sahəsinə köçmüş, buna görə də yuxarıda qeyd olunan qaydalara əsasən uçota alınmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas təşkil etmir. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.-ci maddəsinə əsasən qaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görəyaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı hazırda 9 saylı mənzilə dair kirayə müqaviləsinin öz adına dəyişdirilməsi, yəni müqavilənin onunla bağlanması barədə sərəncam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 100 ünvanında yerləşən 9 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7308/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7308/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver