Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7309/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) “imtahan nəticəsinin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 23 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı keçirilmiş imtahanın ona aid hissədə ləğv edilməklə öncədən müəyyən edilmiş meyarlar əsasında yenidən qiymətləndirilməsinin cavabdehə həvalə edilməsi, onun müsahibə mərhələsinə buraxılması, habelə imtahan keçirməsi üçün cavabdehin bank hesabına xx.xx.2021-ci il tarixdə ödənilmiş 110 manat pulun və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 23 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Keçirilmiş imtahanın nəticəsi elan edildikdə cavabdeh tərəfindən imtahanın nəticəsi əvvəlcədən elan edilmiş formada deyil, naməlum səbəblərdən başqa formada qiymətləndirilmiş, nəticədə təxminən 40 nəfərin, o cümlədən də onun imtahan nəticəsi düzgün hesablanmamış və o, əsassız olaraq müsabiqənin ikinci mərhələsinə keçə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir. İmtahan nəticələri açıqlanana qədər cavabdeh tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir ki, bu da öz növbəsində qanunsuz və ədalətsiz yanaşmadır. Cavabdeh orqanın onun müraciətinə cavabından da aydın olur ki, qaydalar sonradan dəyişdirilmiş və namizədlər bu barədə əvvəldən məlumatlandırılmamışdır. Yeni qaydaya əsasən Qanun+Məntiq+Dünyagörüşü (QMD) 65 bal və esselərdən 120 bal toplamış şəxs, eləcə də QDM 73 bal və esselərdən 80 bal toplamış şəxs imtahandan keçməmiş sayılır. Halbuki imtahan haqqında əvvəldən elan edilmiş qaydalara əsasən (10+10 və 50% limitsiz) bu şəxslər imtahandan keçmiş olur. İndiki halda QMD 55 bal toplamış namizəd essedən 140 bal toplayarsa keçmiş sayılır. İmtahan nəticələri əvvəlki qaydada hesablanarsa, 3-cü namizəd 69 bal, 2-ci 81 bal, 3-cü isə 77 bal toplamış olur. Bu halda 3-cü şəxs yox, digər iki namizəd uğur qazanmış hesab olunur. Göründüyü kimi, bu faktlar imtahan nəticələrinə ciddi şəkildə təsir etməklə, köklü dəyişiklikərə səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və X9 arasında bağlanan 23 noyabr 2021-ci il tarixli xidmət müqaviləsinə uyğun olaraq Nazirlikdə diplomatik xidmətə qəbul imtahanı keçirilmişdir. İmtahanın keçiriləcəyinə dair elan Mərkəzin internet portalı vasitəsilə verilmiş, habelə portalda Nazirliyə diplomatik xidmətə qəbul olmaq istəyən vətəndaşlara dair tələblər, qəbul qaydaları və müsabiqə şərtlərinə dair məlumatlar yerləşdirilmişdir. Qeyd edilən xidmət müqaviləsi əsasında təşkil olunan imtahan barədə Mərkəzin internet portalı vasitəsilə təqdim edilən məlumatlarda tapşırıqların tipi (test və inşa (esse)), sayı, məzmunu, qiymətləndirilməsi meyarları, keçid balları qeyd edilmişdir. Müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Tapşırıqlar iki tipdə: test və inşa (esse) tipində təqdim edilmişdir. Namizədlərə 100 test tipli tapşırıq, 2 inşa (esse) tipli tapşırıq təqdim edilmişdir. Nazirliyə diplomatik xidmətə qəbul olmaq istəyən vətəndaşlara dair tələblərə əsasən namizədlər Azərbaycan dili üzrə tam sərbəst danışma, dinləmə, oxuma və yazma bacarıqlarına malik olmalı, xarici dil (ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars, çin, portuqal dillərindən ən azı biri) üzrə ən azı biri üzrə C1 səviyyəsində biliklərə malik olmalıdır. C1 səviyyəsi dedikdə müxtəlif mövzularda geniş həcmli və mürəkkəb mətnləri başa düşmək, lüğətdən istifadə etmədən öz fikirlərini sərbəst və birbaşa ifadə edə bilmək, sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilmək, mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilmək nəzərdə tutulur. Namizədlərə təqdim edilən məlumatlarda inşa (esse) tipli tapşırıqların 2 dildə təqdim ediləcəyi və hər bir tapşırığın 10 ballıq şkala ilə qiymətləndiriləcəyi, həmçinin namizədin hər iki dildə yazılmış inşa (esse) tapşırıqları üçün maksimum 20 bal toplaya biləcəyi bildirilmişdir. Nazirliyin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq xarici dil üzrə qiymətləndirmə meyarları dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında tərtib edilmişdir. Nazirlik tərəfindən namizədlərə dair xarici dil üzrə müəyyən edilən tələblərə uyğun olaraq xarici dil üzrə inşa (esse) tapşırığının qiymətləndirilməsində nisbi nəticə ən azı 50 faiz olaraq müəyyən edilmişdir. Yəni namizədlər xarici dil üzrə inşa (esse) tapşırığından ən azı 50 faiz uğurlu nəticə əldə etməlidir. Namizədlərin 10 ballıq şkala üzrə əldə etməli olduğu ən azı 50 faizlik nəticə dedikdə xarici dil üzrə inşa (esse) tapşırığından minimum 5 balın toplanılması nəzərdə tutulur. Namizədlərə test tipli tapşırıqlardan doğru cavabların hər biri 1 balla qiymətləndiriləcəyi, yəni namizədlərin test tapşırıqları üzrə maksimum 100 bal toplaya biləcəyi bildirilmişdir. Namizədlərin 100 ballıq test tapşırığından 80 bal toplaması 80%-lik nəticə əldə etməsi deməkdir. İmtahanda uğurluluq nəticələrinin obyektiv qiymətləndirilməsi məqsədilə digər - inşa (esse) tipli tapşırıqlar da test tapşırıqları kimi faizlə hesablanmalıdır. Çünki test və inşa (esse) tipli tapşırıqlar eyni əhəmiyyətli müəyyən edilmiş, birinin digərindən daha əhəmiyyətli olması müəyyən edilməmişdir. Test tapşırıqları 100%-lik maksimal nəticə üzrə qiymətləndirildiyi kimi, inşa (esse) tipli tapşırıqlarda 10 ballıq şkalada 100%-lik maksimal nəticə üzrə qiymətləndirilməlidir. Əks hal test tapşırıqlarının inşa (esse) tapşırıqlarından daha əhəmiyyətli olması kimi qiymətləndirilə bilər. Qeyd edilənlərə uyğun olaraq, test tapşırıqlarından 80 doğru cavab 80 bala, müvafiq bal da 80% uğurluluq göstəricisinə uyğundur. İnşa (esse) tapşırıqlarından isə 5 bal 50% uğurluluq göstəricisinə uyğundur. İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qəbul üzrə keçirilən imtahanda iştirak etmişdir. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5.25 bal (52.5%) toplamışdır. İddiaçı ümumilikdə 81.25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173.5%-dir. Yəni iddiaçı mümkün ola biləcək 300%-lik nəticədən 173.5% nəticə əldə etmişdir. İddiaçı həmçinin xarici dil üzrə inşa (esse) tapşırığı üçün nəzərdə tutulan 50 faizlik minimal nisbi nəticə tələbinə uyğundur. İddiaçı müsabiqədə nəzərdə tutulan minimal tələblərə uyğun olsa da növbəti - müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Müsabiqədə 460 nəfər iştirak etmişdir. Bütün namizədlərin inşa (esse) tapşırıqları eyni meyarlar - Ümumavropa çərçivə sənədinin (CEFR) meyarları əsasında iki fərqli ekspert tərəfindən qiymətləndirilmişdir. Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququ qazanan 100-cü namizəd imtahandan 189.5% nəticə əldə etmişdir. İddiaçının cavabdeh orqana ünvanlandığı apellyasiya şikayəti əsasında onun inşa (esse) tapşırıqları üzrə nəticələri başqa ekspert tərəfindən yenidən qiymətləndirilmiş, nəticə qüvvədə saxlanılmışdır. İddiaçı 189.5%-lik nəticə əldə bilmədiyi üçün Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsində iştirak etmək hüququna malik deyildir. Həmçinin iddiaçı iddiasında imtahanda iştirak etmək üçün ödənilməli olan 110 manat ödənişin və Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Həmin məbləğlərin iddiaçıya ödənilməsinin qanunvericiliklə heç bir əsası yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin günün tələbləri səviyyəsində təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun peşəkar meyarlar, bərabərlik və şəffaflıq prinsipləri əsasında mərkəzləşdirilmiş qaydada təşkil edilən müsabiqə formatında həyata keçirilməsinə qərar verilmişdir. Qeyd olunan məqsədə nail olmaq üçün bu sahədə ixtisaslaşmış təşkilat olan X9 ilə geniş və hərtərəfli müzakirələr həyata keçirilmiş, həmin müzakirələr zamanı diplomatik xidmətə qəbul üçün kadrların seçilməsi zamanı nəzərə alınmalı ən zəruri tələblər, bu tələblərdən irəli gələrək işə qəbul prosesinin təşkili qaydası, müsabiqə proqramının məzmunu və bu kimi digər məqamlar təhlil edilmişdir. Görülən işlərin yekunu olaraq, mərkəzləşdirilmiş qaydada təşkil edilən və iki əsas mərəhələdən (yazılı imtahan və müsahibə) ibarət nəzərdə tutulan müsabiqə prosesinin elan edilməsi, namizədlərə qoyulan tələblər, müraciətlərin qəbulu, yazılı imtahanın təşkili, müsahibə mərhələsinə buraxılan namizədlərin sayı və sair bu kimi məsələləri tənzimləyən müsabiqə proqramı tərtib edilmiş və əldə olunmuş razılığa əsasən müsabiqənin yazılı imtahan mərhələsi X9 tərəfindən təşkil edilmişdir. Beləliklə, X6 rəsmi internet saytında Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul ilə bağlı müsabiqə əsasında təşkilinə dair 03 dekabr 2021-ci il tarixdə elan verilmişdir. Müsabiqə şərtləri və müraciət qaydaları ilə ətraflı tanış ola bilmək üçün müvafiq link yaradılmışdır. Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı X6 internet portalında xx.xx.2021-ci il saat 10:00-dan xx.xx.2022-ci il saat 18:00-dək həyata keçirilmişdir. Yazılı imtahan mərhələsi 23 yanvar 2022-ci il tarixində təşkil olunmuşdur. Yazılı imtahan mərhələsinin nəticələrinə əsasən Xarici İşlər Nazirliyinin sifarişinə uyğun olaraq ən yüksək nəticə göstərmiş ilk 100 (yüz) iştirakçı X9 tərəfindən müəyyən edilmişdir. Bu zaman əvvəlcədən elan edilmiş müsabiqə şərtləri və namizədlərə olan tələblər nəzərə alınmışdır. Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər (təhsil (Azərbaycan dili və xarici dil (C1 səviyyəsinə uyğun) bilikləri və informasiya texnologiyalarından istifadə bacarıqları üzrə) elanda aydın şəkildə əks etdirilmişdir. Bununla əlaqədar olaraq, yazılı imtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları, həmçinin esse tapşırıqları (Azərbaycan dili və xarici dil blokunda) təqdim olunmuşdur. Namizədlər qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 (yüz) iştirakçının müəyyən edilə bilməsi üçün yazılı imtahanın hər bir tərkib hissəsi (test, Azərbaycan dilində icra edilən esse və xarici dildə icra edilən esse) bərabər səviyyədə nəzərə alınmışdır. Yuxarıda qeyd edilən məsələlər ilə bağlı müraciət etmiş şəxslərə həmin məsələlərin aid olduğu sahə üzrə ixtisaslaşmış qurum olan X9 tərəfindən müraciət etmiş şəxslərə verilmiş cavabda yazılı imtahanın nəticələrinə əsasən ən yüksək nəticə göstərmiş ilk 100 (yüz) iştirakçınin müəyyən edilməsi zamanı tətbiq edilmiş yanaşma ilə bağlı ətraflı izah verilmişdir. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün X9 tərəfindən 14 fevral 2022-ci il tarixindən etibarən onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edilmişdir. Ümumilikdə 74 namizəd apelyasiyaya müraciət etmiş və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılmışdır. Apelyasiyaya müraciət etmiş namizədlərin yazı işlərinə komissiya tərəfindən baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası X9 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: X9 Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır: Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub - test imtahanı (qanunvericilik və ümumi sahəvi biliklər; ümumi dünyagörüşü; rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə), verilmiş mövzu üzrə Azərbaycan dilində yazılan esse və verilmiş mövzu üzrə namizədin seçdiyi xarici dildə yazılan esse. Qiymətləndirilən hər üç hissəyə ayrılıqda baxılıb və tələblərə əsasən, bu hissələrin hamısı eyni çəkiyə malik olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib. Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb. 100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən diplomatik xidmət orqanlarında vəzifələrə təyin edilmə və vəzifələrdən azad edilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsin Nazimnaməsi»: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X9 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 1.3-cü bəndinə əsasən Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Azərbaycan Respublikası X6 internet portalından olan Diplomatik xidmətə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydalarına əsasən: Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq aparılır. Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçirilir: onlayn qeydiyyat, yazılı imtahan, müsahibə. Yazılı imtahanda namizədlərin aşağıdakı sahələr üzrə bilik və bacarıqları qiymətləndiriləcək: test tapşırıqları formasında, qanunvericilik və ümumi sahəvi biliklər, ümumi dünyagörüşü, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə və esse tapşırıqları formasında, dil bilikləri (Azərbaycan dili və seçdiyi xarici dil üzrə). İmtahanda namizədlərə qapalı və açıq tipli tapşırıqlar, həmçinin esse tapşırıqları (dil bilikləri blokunda) təqdim olunur. Test tapşırıqlarının sayı qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70 sual, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20 sual, ümumi dünyagörüşü üzrə 10 sual olmaqla 100 sual təşkil edir. Yazılı imtahan mərhələsi üzrə ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək. Yazılı imtahan və müsahibə mərhələsi üçün proqram eynidir. Müsahibə mərhələsində namizədlərin dil və kompüter bilikləri də yoxlanılır. Müəyyən edilmiş müsabiqə proqramı üzrə hər iki (yazılı imtahan və müsahibə) mərhələni uğurla başa vurmuş iştirakçılar mövcud vakant vəzifələr üzrə xidmətə müvafiq ardıcıllıqla qəbul edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və X9 arasında imzalanmış xidmət müqaviləsinə uyğun olaraq Nazirlikdə diplomatik xidmətə qəbul imtahanı keçirilmişdir. İmtahanın keçiriləcəyinə dair elan cavabdehin internet portalı vasitəsilə verilmiş, həmin portalda Nazirliyə diplomatik xidmətə qəbul olmaq istəyən vətəndaşlara dair tələblər, qəbul qaydaları, müsabiqə şərtlərinə dair məlumatlar, tapşırıqların tipi (test və inşa (esse)), sayı, məzmunu, qiymətləndirilməsi meyarları, keçid balları da göstərilmişdir. Müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizədin Nazirlik tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcəyi nəzərdə tutulmuşdur. Tapşırıqlar iki tipdə: test və inşa (esse) tipində təqdim edilmişdir. Namizədlərə 100 test tipli tapşırıq, 2 inşa (esse) tipli tapşırıq təqdim edilmişdir. Test tipli tapşırıqlardan doğru cavabların hər biri 1 balla qiymətləndirilməsi nəzərdə tutulmuşdur (test tapşırıqları üzrə maksimum 100 bal). Namizədlərə təqdim edilən məlumatlarda inşa (esse) tipli tapşırıqların 2 dildə təqdim ediləcəyi və hər bir tapşırığın 10 ballıq şkala ilə qiymətləndiriləcəyi, həmçinin namizədin hər iki dildə yazılmış inşa (esse) tapşırıqları üçün maksimum 20 bal toplaya biləcəyi bildirilmişdir. İmtahanda test tapşırıqları və inşa (esse) tipli tapşırıqlar üzrə qiymətləndirmələrin faizlə hesablanması müəyyən edilmişdir (test tapşırıqları 100%-lik, inşa (esse) tipli tapşırıqlar 10 ballıq şkalada 100%-lik maksimal nəticə). İddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qəbul üzrə keçirilən imtahanda iştirak etmişdir. İddiaçı test tapşırıqlarından 71 bal (71%), xarici dil üzrə inşa (esse) tapşırığından 5 bal (50%), Azərbaycan dili üzrə inşa (esse) tapşırığından 5.25 bal (52.5%) olmaqla ümumilikdə 81.25 bal toplamış, onun uğurluluq nəticəsi isə 173.5% olmuşdur (71+5+5.25=81.25 bal / faizlə isə 71%+50%+52.5%=173.5%). İddiaçı mümkün olan 300%-lik nəticədən 173.5% nəticə əldə etmiş, müsabiqənin şərtlərinə əsasən birinci mərhələdə ən yüksək nəticə əldə edən 100 namizəd sırasına daxil ola bilməmiş, müsahibə mərhələsində iştirak etmək hüququ qazana bilməmişdir. Göründüyü kimi, imtahan və namizədlərin nəticələrinin qiymətləndirilməsi qaydaların tələblərinə uyğun həyata keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin «imtahan keçirməsi üçün cavabdehin bank hesabına ödənilmiş 110 manat pulun və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi» hissələri ilə əlaqədar qeyd edir ki, 110 manat imtahanın keçirməsi üçün ödənildiyindən və iddiaçının imtahanda iştirak etməsi və imtahanın keçirilməsi baş tutduğundan, 100 manat isə digər məhkəmənin icraatında olan işlə əlaqədar ödənildiyindən və həmin iş üzrə məhkəmə xərclərinə aid olduğundan, bunlardan başqa hazırki iddia tələbi təmin edilmədiyi və iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona qeyd olunan məbləğlərdə ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7309/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7309/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver