Məhkəmə qərarları › İş №2-1(112)-731/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-731/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-731/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində cəlb edilməklə mülkiyyət hüququ haqqında arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2020ci il tarixli məktubunun icrası ilə əlaqədar bütün hərəkətlərin edilməsinə dair öhdəliyin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X12 adına Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair mülkiyyət hüququ haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-731/2022 №-li qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun tərəfindən Bakı şəhəri 54 saylı Notariat Ofisinə müraciət daxil olmuşdur. X12 xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə onun müraciəti əsasında xx.xx.2013-cü il tarixində vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. Bununla əlaqədar olaraq Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair çıxarış verilməsinə dair Notariat ofisi tərəfindən İdarəyə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. İdarənin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd olunur ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi digər bağ sahələri ilə birlikdə ümumi hasar daxilində yerləşir, həmçinin faktiki sahə 2375 saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş 184 BTK üzvlərinin siyahısında adı aşkar edilsə də, orderin arxiv nüsxəsi aşkar edilməmişdir. İdarənin xx.xx.2021-ci il tarixli imtina məktubunda isə (hər iki imtina məktubu bizə xx.xx.2021-ci il tarixində təqdim olunub) qeyd olunur ki, bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İnzibati orqanın imtina məktubunda qeyd olunanlar əsassız və qanunsuzdur. Belə ki, ilk öncə bağların bölgüsünə dair sxematik xəritənin hansı xəritə olduğu, hansı orqan tərəfindən təsdiq olunduğu, ümumiyyətlə həmin xəritənin hansı hüquqmüəyyənedici sənəd olduğu qeyri-müəyyəndir. İnzibati orqanın belə bir “xəritəyə” istinad edərək bağ sahəsində ölçmə işlərinin aparılmasından imtina edilməsi absurddur. Digər tərəfdən bağ sahəsinin ümumi hasar daxilində və faktiki olaraq digər bağ sahəsinin ərazisində yerləşməsi imtina üçün əsas ola bilməz. Bu hal əksinə onu təsdiq edir ki, mülkiyyətində olan bağ sahəsi qanunsuz olaraq zəbt edilmişdir və qanunsuz olaraq zəbt edilmə ilə əlaqədar olaraq mülkiyyətində olan torpaq sahədə ölçmə işlərinin aparılmasından və digər hərəkətlərin edilməsindən imtina olunmamalıdır. Mülkiyyət hüququ haqqında çıxarış alındıqdan sonra həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı tərəfindən mülki iddia qaydasında iddia qaldırılacaqdır və bu məsələnin İdarəyə heç bir aidiyyatı yoxdur. İnzibati orqan ona göndərilmiş notariat ofisinin məktubunu icra edərək ölçmə işləri aparmalı və bununla bağlı çıxarış təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan öz səlahiyyətlərinə aid olmayan məsələlərə toxunaraq həmin torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini bildirir. İmtina məktubundan görünmüşdür ki, inzibati orqan heç bir hüquqmüəyyənedici sənədə əsaslanmır və bağ sahəsinin faktiki olaraq onun mülkiyyətindəki bağ sahəsinə uyğun olduğunu qeyd etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli DƏDRX-nin məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 2374 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X10 və istismarı birliyinin 7 №-li orderindən və 184 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısından müəyyən olunur ki, Ləhiş bağlar sahəsi 2374 saylı bağ sahəsi 0.12 ha ölçüdə X15 ayrılmışdır. Maraqlı hal odur ki, bütün bu sənədlərin olduğu təqdirdə inzibati orqan orderin arxiv nüsxəsinin aşkarlanmadığını qeyd edir. İnzibati orqana orderin əsli və 184 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı barədə arxiv çıxarışı təqdim olunub. Bununla inzibati orqan Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 19.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən tərəflərindən təqdim edilmiş sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tərəflərindən etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X20 İdarəyə xx.xx.2021-ci il tarixli müraciəti daxil olmuşdur. Sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki sahə “2375” saylı bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə, İdarəyə təqdim edilmiş “184” ВТК üzvlərinin siyahısında X12 adı aşkar edilsə də, orderin arxiv nüsxəsi aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə aparılan yerli baxış zamanı İddiaçı tərəfindən göstərilən bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuş və həmin bağ sahəsinin çatışmayan 584,5 kvm. hissəsinin isə şimal tərəfdə, qonşu bağın ərazisində olduğu iddiaçı tərəfindən bildirilmişdir. Bu səbəbdən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kvm. olsa da faktiki 615,5 kvm. təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X5 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 809 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş Bakı şəhər X22 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 nömrəli qərarından çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 184 №-li bağ tikinti kooperativinin üzvlərinə bağ sahələrinin ayrılması təsdiq edilmiş və həmin siyahıda X12 adı qeyd olunmuşdur. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X10 və istismarı birliyi Ləhiş bağ sahəsindəki 184 №-li kooperativi tərəfindən verilmiş 7 №-li orderin notatial qaydada təsdiq edilmiş surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/134 №-li qərarına əsasən X15 Ləhiş bağlar sahəsində 184 №-li BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 2374 №-li bağ ayrılımışdır. - Bakı şəhəri, Nəsimi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 may 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 31 iyul 2003-cü il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 2 ünvanlanmış Xu-455 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, mərhum X8 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhədatnamənin verilməsi ilə bağlı İddiaçı tərəfindən Bakı şəhəri 54 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X12 xx.xx.2003-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı müraciəti əsasında xx.xx.2013-cü il tarixində vərəsələrin dairəsi müəyyən olunmuş, vərəsəlik işi açılmışdır. Bununla əlaqədar Bakı şəhəri, Ləiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. - İdarənin xx.xx.2020-ci il tarixli, **********10 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2374 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, vətəndaş tərəfindən göstərilən bağ sahəsi digər bağ sahələri ilə birlikdə ümumi hasarlar daxilində yerləşir. Göstərilən bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır, cənub tərəfi isə şərtidir. Bağ sahəsində tikili yoxdur. Vətəndaş göstərdiyi ərazinin 2374 saylı bağ sahəsi olduğunu iddia edir. Bağın torpaq sahəsinin çatışmayan hissəsinin isə (584,5 kvm.) şimal tərəfdə, qonşu bağın ərazisində olduğunu bildirir. Həmin ərazinin girişi bağlı olduğundan daxili hissəyə keçmək mümkün olmadı. Nəticə etibarı ilə bağ sahəsinin yerləşdiyi ərazi mübahisəlidir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********83 nömrəli və xx.xx.2021-ci il tarixli, **********09 nömrəli məktublardan görünür ki, mərhum X8 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 2374 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlərinə baxılmışdır. Müraciətləri ilə əlaqədar olaraq bildirilir ki, sözügedən ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazi digər bağ sahələri ilə birlikdə ümumi hasar daxilində yerləşir, həmçinin faktiki sahə “2375” saylı bağ sahəsinə uyğun gəlir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “184” BTK üzvlərinin siyahısında adı aşkar edilsə də orderin arxiv nüsxəsi aşkar edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının,o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək,onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2375 saylı bağ sahəsinə sənəd, həmçinin sxematik xəritə İdarənin arxivində aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş 184 BTK üzvlərinin siyahısının və yerləşmə sxeminin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 4/143 nömrəli qərarına əsasən 5 №-li əlavə ilə 184 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı Komitənin katibi və Birliyin direktoru tərəfindən təsdiq edilmiş, siyahının 7-ci sırasında ünvan 5 ünvanında yaşayan X12 adı qeyd olunmuşdur. BTK-184 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində 2098, 2098A, 2099, 2099A, 2374, 2375, 2519A, 2519, 2521A, 2663, 263A, 2664A, 2973A, 2974A, 2975A nömrələri qeyd edilmişdir. “2374” və “2375” nömrələri yanaşı qeyd olunmuşdur. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********44 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2375, 2374, 2099 və 2099a nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahələrinə dair məlumat, həmçinin sözü gedən bağ sahələrinə dair mövcud bazaya əsasən sənəd idarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli, **********66 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən və sxemlərdən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin” mütəxəsisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri hec bir məlumatın olmaması və müraciətə əlavə edilmiş sxemin miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən iddiaçının iddia etdiyi torpaq sahəsinin 2374 nömrəli bağ sahəsi olub-olmamasını və hər hansı bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə 0,12 hektar hissəsi X2 adına verilmiş reyestr nömrəsi **********48- 11301 olan çıxarışla üst-üstə düşür. Ümumi ölçülən sahə 2520 kvm.-dir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********77 nömrəli, xx.xx.2022-ci il tarixli, **********47 nömrəli, xx.xx.2022-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktublardan və onlara əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər X22 İcraiyyə Komitəsinin Bağlar təsərüfatının inkişafı və istismarı birliyi ilə X16 arasında bağlanmış xx.xx.1990-cı il tarixli, 11165 nömrəli müqaviləyə əsasən Ləhiş qəsəbəsindəki 0,25 hektarlıq 2376 nömrəli bağ sahəsi X9 icarəsinə verilmişdir. Müqaviləyə əlavə edilmiş yerləşmə sxemində 2376 nömrəli bağ sahəsinin şimal hissəsində 2375 nömrəli bağ sahəsinin, cənub hissəsində 2377 nömrəli bağ sahəsinin, qərb hissəsində 2231 nömrəli, şərq hissəsində isə 2520 nömrəli bağ sahəsinin yerləşdiyi qeyd olunmuşdur. X16 xx.xx.1992-ci il tarixli ərizə ilə müraciət edərək istifadəsində olan 0,25 ha-dan ibarət 2376 nömrəli bağ sahəsinin oğlu X13 ilə arasında bölünməsini xahiş etmişdir. Bağlar təsərüfatının inkişafı və istismarı birliyi ilə X16 arasında bağlanmış xx.xx.1992-cı il tarixli, 11165 nömrəli müqaviləyə əsasən Ləhiş qəsəbəsindəki 0,12 hektarlıq 2376 nömrəli bağ sahəsi və 22,0 kvm. olan 1 otarqan ibarət bina X9 icarəsinə verilmişdir. X16 vəfat etdiyindən arvadı X14 müraciətinə əsasən sonuncu ilə Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 2376 nömrəli bağ sahəsinə 22,0 kvm. yaşayış otağı ilə birlikdə istifadəyə verilməsinə dair 18 may 2007-ci il tarixli, 11165 nömrəli müqavilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 33,0 kvm. olan bağ evi xüsusi mülkiyyət hüququ üzrə X14 adına xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, 4 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış xx.xx.2010-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X19 həmin bağ evini və yerləşdiyi torpaq sahəsini tam olaraq X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 33,0 kvm. olan bağ evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022–ci il tarixli, **********10 nömrəli məktuba əlavə edilmiş mütəxəsis rəyindən və mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, göstərilən bağ sahələri ümumi hasar daxilində olmaqla 4983,0 kvm. təşkil edir. Bağ sahələrinin ara sərhədləri şərtidir. Sözügedən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2373, 2374, 2375, 2376 və 2377 saylı bağ sahələrinin ərazilərinə uyğun gəlir. 2376 saylı bağ sahəsi 2375 saylı bağ sahəsi ilə birlikdə 2556 km.-dən ibarətdir. 2377 saylı bağ sahəsi 1227 kvm.-dən ibarətdir. 2374 saylı bağ sahəsinin 1044 kvm.-dən, 2374 saylı bağın 2375 və 2376 saylı bağların hüdudları daxilində yerləşən hissəsi isə 156 kvm.-dən ibarətdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubdan görünür ki, Ləhiş bağ massivində yerləşən 0.25 ha. torpaq sahəsi olan 2373 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X10 və İstismarı Birliyi ilə Həcərxanım Məmmədova arasında bağlanmış xx.xx.1970-ci il tarixli, 17941 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli invertarlaşdırma aktında və cizgidə bağ sahəsinin nömrəsi 2373/2169 kimi qeyd edilmişdir. xx.xx.1970-ci il tarixli 17941 nömrəli müqavilənin, cizginin və aktın təsdiq edilmiş surəti təqdim edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/134 №-li qərarına əsasən X15 Ləhiş bağlar sahəsində 184 №-li BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 2374 №-li bağ ayrılımış və bununla bağlı 184 №-li BTK-a tərəfindən X15 7 №-li order verilmişdir. X18 31 iyul 2003cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə İddiaçı X12 vərəsəsidir və sonuncu vərəsəsi olduğu şəxsə məxsus Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 2374 №-li bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan göstərilən ərazinin digər bağ sahələri ilə birlikdə ümumi hasar daxilində yerləşməsini, həmçinin faktiki sahənin “2375” saylı bağ sahəsinə uyğun gəlməsini, bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “184” BTK üzvlərinin siyahısında X12 adının aşkar edilsə də orderin arxiv nüsxəsinin aşkar edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinası inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən qeyd olunan səbəblər çıxarışın verilməsinə münasibətdə imtina olaraq göstərilsə də, bu mahiyyət etibarilə arayışın verilməsindən də imtina kimi qəbul olunmalıdır. Belə ki, arayışın verilməsi də şəxsin mülkiyyət hüquqlarının təsdiqi mənasını daşıdığından, şəxs qeyd olunan arayışı aldıqdan sonra mülkiyyət hüquqları təsdiqlənmiş olduğu üçün daha sonra müraciət edərək, çıxarış ala bilər. Bu səbəbdən də imtinanın dəlilləri həmçinin arayışın verilməsinə münasibətdə də eynilik təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin X10 və istismarı birliyi Ləhiş bağ sahəsindəki 184 №-li kooperativi tərəfindən X15 verilmiş 7 №-li orderin əsli iddiaçıda mövcuddur və onun arxiv nüsxəsinin cavabdehdə olmaması iddiaçının iradəsindən asılı olmayan haldır. Bundan əlavə həmin order mübahisələndirilməmiş və onun mötəbər olmaması ilə bağlı hər hansı hal mövcud deyildir. İddiaçının vərəsəsi olduğu X12 184 №-li bağ tikinti kooperativinin üzvü olması işin mübahisəsiz halıdır. İşin araşdırılmış hallarından göründüyü kimi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/134 №-li qərarına əsasən X15 Ləhiş bağlar sahəsində 184 №-li BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 2374 №-li bağ ayrılımışdır. Belə olan halda sonuncu “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddia edilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, orderin arxiv nüsxəsinin aşkar edilməməsi, bağın çatışmayan hissəsinin qonşu bağın ərazisi daxilinə düşməsi hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş bağların bölgüsünə dair sxematik xəritədə 2374 nömrəli bağ mövcduddur. Hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən də aydın olur ki, 2374 nömrəli bağ sahəsi 1044 kvm.-dən ibarət olmaqla həmin bağın 2375 və 2376 nömrəli bağların hüdudları daxilində yerləşən hissəsi isə 156 kvm.-dən ibarətdir. 2376 nömrəli bağ sahəsi üzrə üçüncü şəxsin 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmış olsa da, sonuncu tərəfindən faktiki olaraq 2375 və 2376 nömrəli bağ sahələrinin ümumi sahəsindən istifadə edilir. 2375 nömrəli bağ sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlərin mövcudluğu isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Məhkəmə həmçinin qeyd edir ki, mərhum X12 184 №-li BTK-nın üzvü kimi təsdiq edilərək bağ sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyət orqanının qərarı (sərəncamı) və ona uyğun olaraq müvafiq BTK tərəfindən verilmiş Ləhiş qəsəbəsində sahəsi 0,12 hektar olan 2374 nömrəli bağ sahəsinin ayrılmasına dair 7 №-li order ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Qanunvericiliyə görə müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının vərəsəsi olduğu şəxsə qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ" əldə edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 nömrəli bağ sahəsi üzərində mərhum X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, habelə İddiaçı mərhum X12 vərəsəsi olduğundan, vəfat etmiş şəxs həmin bağ sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və müvafiq bağ sahəsinin qanuni istifadəçisi kimi o həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X15 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X15 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar