Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7310/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir), iddiaçının vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 21 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə 27.01.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə 27.01.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 1948-ci ildən 04.08.1959cu ilə kimi İmişli rayon icraiyyə, 04.08.1959-cu ildən 22.07.1964-cü il tarixinə kimi İmişli rayon partiya komitələrində, 23.07.1964-cü ildən 10.04.1997-ci il tarixə kimi isə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. O, 10.04.1997-ci ildə pensiyaya çıxmışdır. Ona təyin olunmuş pensiya müxtəlif vaxtlarda qanunauyğun olaraq artırılmışdır. Ən son artımlardan sonra 2682,46 manat olmuşdur. Lakin 2022-ci ilin fevral ayında kartdan pensiyasını çıxararkən məbləğin 1789,94 manat olduğunu görmüşdür. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, pensiya məbləğinin bərpa edilməsini və məbləğin azaldılması barədə inzibati aktın mənə rəsmi olaraq təqdim edilməsini xahiş etmişdir. Pensiya məbləğinin azaldılması barədə ona məlumat verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı 14 mart 2022-ci il tarixli, **********1 nömrəli məktuba əsasən bildirmişdir ki, iddiaçıya artıq pul ödənilmiş və geri qaytarılması barədə razılığı bildirilsin Cavabdeh orqan tərəfindən edilmiş hərəkət tamamilə əsassız və qanunsuz hərəkətdir. Belə ki, inzibati orqan, vətəndaşa məlumat vermədən onun barəsində qərar qəbul etməsi və ya onun hüquq və mənafelərinin pozulmasına yol açan hərəkətlərin vətəndaşa məlumat verilmədən edilməsi tamamilə qanunun pozulmasına gətirib çıxarır. İddıaçının pensiya məbləğinin yenidən hesablanması məhkəmə qərarı əsasında olmuşdur. Belə ki, 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2-1(81)-938/2018 saylı Qərarı ilə iddia tələbi təmin olunmuş və ona Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin bir dəfəlik ödənilməsi AR ƏƏSMN DSMF Binəqədi rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. Bundan sonra iddiaçının pensiya məbləği 2682,46 manat olmuş və cari ilin fevral ayına kimi bu məbləği almışdır. Məhkəmə qərarı əsasında yenidən hesablanmış pensiya məbləğinin cavabdeh tərəfindən azaldılması qanun pozuntusudur və Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik normalarında təsbit edilmiş sosial təminat hüququnun pozuntusuna gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1300,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 585,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 30,84 manat olmaqla, orta aylıq əmək haqqı 2045,84 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 32 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2045,84 manat) 80 faizi – 1636,67 manat məbləğində hesablanmalı olduğu halda, 2452,40 manat müəyyən edilməklə 01.01.2014-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 40786,50 manat artıq pul vəsaiti ödənilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə əməkdaşlarının vəizfə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1430,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 643,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 33,92 manat olmaqla orta aylıq əmək haqqı 2237,42 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 32 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2237,42 manat) 80 faizi – 1789,84 manat məbləğində hesablanmalı olduğu halda, 2682,46 manat müəyyən edilməklə 01.03.2018-31.01.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 41948,44 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 01.01.2014-31.01.2022-ci il tarixləri arasındakı 82734,94 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilib və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı ərizəyə əsasən, 01 fevral 2022-ci il tarixdən pensiya məbləğinin azaldılan hissəsinin bərpa olunaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14.03.2022-ci il tarixli **********1 nömrəli iddiaçıya ünvanladığı məktuba əsasən bildirilmişdir ki, fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1300,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 585,00 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri isə 30,84 manat olmaqla orta aylıq əmək haqqı 2045,84 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.8.3-cü maddəsinə əsasən 32 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2045,84 manat) 80 faizi-1636,67 manat məbləğində hesablanmalı olduğu halda, 2452,40 manat müəyyən edilməklə 01.01.2014-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 40786,50 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1430,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 643,50 manat, rütbəyə görə əlavəsi 130,00 manat, digər növ əlavələri 33,92 manat olmaqla orta aylıq əmək haqqının 2237,42 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 32 il 8 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2237,42 manat) 80 faizi-1789,94 manat məbləğində hesablanmalı olduğu halda, 2682,46 manat müəyyən edilməklə 01.03.2018-31.01.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq iddiaçının kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 41948,44 manat artıq pul vəsaiti ödənilib. İddiaçı 01.01.2014-31.01.2022-ci il tarixləri arasındakı 82734,94 manat artıq pul vəsaitinin ödənildiyi Fondun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilib və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılıb. Bununla əlaqədar iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən əmək pensiyası 1789,94 manat müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-938/2018 saylı 23.01.2018-ci il tarixli qərarına əsasən, İddiaçı iddia tələbi təmin edilmiş iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə müraciət etmiş və məhkəmə İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarmışdır. Azərbaycan Beynəlxalq Bankının hesabdan çıxarışına əsasən 16.08.2021, 15.09.2021, 15.10.2021, 15.11.2021, 15.12.2021, 14.01.2022-ci il tarixlərində İddiaçı 2,682,46 manat, 15.02.2022-ci ildə 1,789,94 manat, 15.03.2022 və 15.04.2022-ci il tarixlərində isə 1,968,93 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmənin 15.04.2022-ci il tarixli 2-1(112)-7310/2022 nömrəli sorğusuna cavab olaraq İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətilərini 20.04.2022-ci il tarixli **********25 nömrəli məktubla məhkəməyə təqdim etmişdir. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyasının yenidən hesablanması haqqında 27.08.2022-ci il tarixli **********0 nömrəli qərarı, pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 09.07.2018-ci il tarixli sərəncamı, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 051333 nömrəli pensiyaçının uçot vərəqi, pensiya məbləğinin dəyişdirilməsi haqqında şöbənin 30.04.2014-cü il tarixli sırəncamı, Azərbaycan Respublikası Baş Prokurorluğunun 11.02.2009-cu il tarixli 15/141 nömrəli arayışı, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 13.02.2007-ci il tarixli 05/11-379 nömrəli məktubu, Binəqədi rayon məhkəməsinin 11.06.2008-ci il tarixli (qərdadın,qətnamənin) icra vərəqəsi, Azərbaycan Respublikası Bakı Apelliyasiya Məhkəməsinin 2(103)-3758/2008 saylı 07.08.2008-ci il tarixli bildirişi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin 17/68-7 nömrəli 06.08.2008-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi,11.06.2008-ci il tarixli Binəqədi rayon məhkəməsinin icra vərəqəsi, pensiya miqdarının dəyişdirilməsi haqqında 08.02.2007-ci il tarixli sərəncamı) İddiaçı əlavə sübut qismində 04.08.1958-ci il tarixli əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. İşin faktiki hallarına əsasən iddiaçıya 1997-ci ildə əmək pensiyası təyin edilmiş, 01.01.2014-cü ildə Nazirlər Kabinetinin 24 fevral 2014-cü il tarixli, 54-2 nömrəli qərarı əsasında və 01.03.2018-ci ildə məhkəmə qərarı əsasında yenidən hesablanmışdır. 2022ci il fevral ayında cavabdeh iddiaçının pensiyası məbləğini yenidən hesablayaraq azaltmışdır. Məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunauyğun hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Qanununda cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş pensiyanın cavabdeh inzibati orqanın özü tərəfindən yenidən hesablanması kimi norma nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. Yuxarıda qeyd edilən qaydalarda “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarı” kimi inzibati aktın forması müəyyən edilməmişdir. Faktiki olaraq cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. Belə ki, qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki,” prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasının yenidən hesablanması barədə qəbul edilmişdir. Cavabdehin iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması haqqında qərarı yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, əmək pensiyasının yenidən hesablanması barədə 27.01.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Əmək pensiyasının yenidən hesablanması barədə 27.01.2022-ci il tarixli, **********0 nömrəli qərarının ləğv edilməsi və 01 fevral 2022-ci ildən 2,682.46 manat pensiya məbləğinin bərpa olunması öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7310/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7310/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver