Məhkəmə qərarları › İş №2-1(112)-7314/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7314/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7314/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü (xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla), o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı dövr, xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 7776 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 214,69 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə ona aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası məbləği xx.xx.2020-ci il tarixindən 250,33 manata, xx.xx.2021-ci il tarixindən 278,87 manata, xx.xx.2022-ci il tarixindən isə 288,35 manata çatdırılmışdır. Eyni zamanda "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində illik maddi yardım İddiaçı əmək pensiyasının üzərinə əlavə edilməklə rüblər üzrə ödənilmişdir. Qeyd olunmuşdur ki, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi əmək stajının yenidən hesablanmaqla, Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan 10 001 manat pensiya kapitalının hesablanması və 41 il əmək stajına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və ümumi əmək stajının yenidən hesablamaqla Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci ilədək olan 10.001 manat pensiya kapitalının hesablanması və 41 il əmək stajına görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin icra edilməsi üçün cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2-1(112)-7314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1954-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Hazırda Bakı X1-Satış və Təchizat şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Sumqayıt şəhərində yerləşən 41 nömrəli Texniki Peşə Məktəbində təhsil almış və tokar peşəsinə yiyələnmişdir. Əmək fəaliyyətinə xx.xx.1972-ci ildən Sumqayıt SK zavodunda tokar kimi başlamışdır. 2007-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Bakı X1-Satış və Təchizat şöbəsinin rəisi vəzifəsində işləyir. Hər ay 700 manata yaxın əmək haqqı alır. 2018-ci ildən yaşla əlaqədar, 64 il 6 ayla əmək pensiyasına çıxmışdır. Hazırda təhsillə və hərbi xidmətlə birlikdə 52 ilə yaxın əmək stajı var. Lakin yaşla əlaqədar əmək pensiyasına çıxarkən onun 46 il fasiləsiz əmək stajı olmuşdur. Əvvəl onun əmək stajı 31 il, sonra isə 41 il kimi hesablanmış və ona 273,06 manat məbləğində pensiya hesablanmışdır. Hesab edir ki, onun yaşla əlaqədar əmək stajı və əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu 2018-ci ildən hazırkı vaxta kimi çoxsaylı müraciətləri ilə bağlı əsl mətləbdən uzaqlaşaraq, xx.xx.2007-ci ildən xx.xx.2018-ci ilədək toplanan pensiya kapitalını qanunamüvafıq qaydada hesablanaraq ona ödənilməsini təmin etməmişdir. Həmin illərin pensiya kapitalı 19.500 manat olduğu halda, 9.449 manat ödənilmiş, lakin 10.001 manat ödənilməmişdir. Ona görə də onun Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci ilədək pensiya kapitalı düzgün hesablanmamışdır. Bu səbəbdən əmək pensiyası 41 il əmək stajına görə məhkəmə qaydasında yenidən hesablanmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 31 il 08 ay 17 gün sığorta stajına əsasən həmin tarixə hesablanmış pensiya kapitalı 9704,45 manat təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixədək olan pensiya kapitalının xx.xx.2018-ci il tarixə indeksləşdirilmiş məbləği 22246,58 manat təşkil edir. İddiaçı iddia ərizəsində ona pensiya təyin edilərkən xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilmədiyini bildirsə də, sözügedən dövr mübahisələndirilməyən sosial sığorta stajı kimi qiymətləndirilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 250,33 manata, xx.xx.2021-ci il tarixdən 278,87 manata, xx.xx.2022-ci il tarixdən 288,35 manata, xx.xx.2023-cü il tarixdən 345,93 manata çatdırılmışdır. İddiaçı pensiyasının məbləği xx.xx.2023-cü il tarixə münasibətdə 349,93 manat müəyyən edilərək iddiaçının kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının 1.2-ci bəndinə əsasən, 2022-ci il üzrə 200 manat məbləğində illik maddi yardım İddiaçı pensiyasına rüblər üzrə əlavə edilməklə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 12 iyul 1972-ci il tarixli, 2178 nömrəli Attestatın notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı 1971-ci il tarixdə 41 nömrəli Sumqayıt texniki peşə məktəbinə daxil olmuş və tokar sənəti üzrə tam kursu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona dördüncü dərəcəri tokar ixtisası verilmişdir. 10 may 1982-ci il tarixli, ИВ seriyalı, 433543 nömrəli diplomun surətinə əsasən İddiaçı 1976-cı ildə Krasnodar Politexnik institutuna daxil olmuş və 1982-ci il tarixdə Ümumittifaq qida sənayesi qiyabi institutunun Yeyinti sənayesi mallarının iqtisadiyyatı və təşkili ixtisası üzrə tam kursu bitirmişdir. İmtahan komissiyasının 08 may 1982-ci il tarixli qərarı ilə ona mühəndis-iqtisadçı ixtisası verilmişdir. ВЧ seriyalı, 054434 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək 41 nömrəli Sumqayıt texniki peşə məktəbində təhsil almış, xx.xx.1972-xx.xx.1973-cü il tarixlərdə Sumqayıt “SK” zavodunda tokar vəzifəsində işləmiş, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1976-xx.xx.2003-cü il tarixlərdə leytenant Şmidt adına zavodunda işləmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 688 nömrəli qərarına əsasən leytenant Şmidt adına zavodun adı dəyişdirilərək Səttərxan adına maşınqayırma zavodu adı verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən Səttərxan adına maşınqayırma zavodu” X4 Cəmiyyətinə çevrilmişdir). İddiaçı xx.xx.2004-xx.xx.2006-cı il tarixlərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləmiş, xx.xx.2007-ci il tarixdə “Bakı Cihazqayırma Zavodu”na işə qəbul edilmişdir, hazırda həmin müəssisədə işləyir. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsi əsasında cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçıa hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı məktubda onun xx.xx.2006-cı il tarixə 31 il 8 ay 17 gün sığorta stajının olduğunu iddia edərək həmin müddət nəzərə alınmaqla ona pensiya hesablandığını bildirmişdir. İddiaçı hazırda bu hesablama ilə razılaşmır və 41 il əmək stajı və Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməli olan 10 001 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ): - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.7-ci maddəsinə əsasən fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.9-cü maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 4.2-ci maddəsinə görə yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. - 10.2-ci maddəsinə görə yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. -10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. İstinad olunan normalardan görünür ki, əmək pensiyası şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan və yığım hissəsində toplanan vəsaitlərin məbləğinin, yəni pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə hesablanır. Lakin qanunverici pensiya kapitalının hesablanmasında şəxsin əmək fəaliyyəti ilə məşğul olduğu iki əsas dövrü fərqləndirir:

1. 2006-cı il yanvarın 1-dək olan dövr;

2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə şəxsin pensiya kapitalının hesablanması ƏPQ-nin 27-ci maddəsinə əsasən aparılır. Belə ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilməklə müəyyən edilir. Yəni şəxsin 2006-cı il yanvarın 1-dək ümumi iş stajının hər ili üçün 306 manat pensiya kapital hesablanmaqla, onun fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, cavabdeh iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüquqlarını pensiya kapitalına çevirərkən səhvə yol vermişdir. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 17 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 31 il 8 ay 17 gün sığorta stajına əsasən həmin tarixə hesablanmış pensiya kapitalı 9704,45 manat təşkil edir: (31 +(8+17/30)/12)x306=9704,45 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan pensiya kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 22246,58 manat təşkil edir: 2006 - 9704,45 2007 8,3 10509,92 2008 16,7 12265,08 2009 20,8 14816,21 2010 1.5 15038,45 2011 5,7 15895,65 2012 7,9 17151,40 2013 1.1 17340,07 2014 2,4 17756,23 2015 1,4 18004,82 2016 4,0 18725,01 2017 12,4 21046,91 2018 5,7 22246,58 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən vətəndaşın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 7776 manat pensiya kapitalı (xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği) qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən xx.xx.2006-cı il tarixə 32 il 3 ay 17 gün ümumi iş stajı olduğu halda, cavabdeh iddiaçının xx.xx.2002-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X4 cəmiyyətində işlədiyi iqtisadçı vəzifəsini onun əmək stajına daxil etməmiş, bununla da onun 31 il 8 ay 17 gün əmək stajının olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. İşdən görünür ki, iddiaçının xx.xx.2003-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X4 cəmiyyətində iqtisadçı vəzifəsində işləməsi onun əmək kitabçasında qeyd edilmiş, ümumiyyətlə, iddiaçı xx.xx.1976-xx.xx.2003-cü il tarixlərdə leytenant Şmidt adına zavodunda (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 688 nömrəli qərarına əsasən leytenant Şmidt adına zavodun adı dəyişdirilərək Səttərxan adına maşınqayırma zavodu adı verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 649 saylı fərmanına əsasən Səttərxan adına maşınqayırma zavodu” X4 Cəmiyyətinə çevrilmişdir) fasiləsiz işləmişdir. Cavabdeh iddiaçının həmin müəssisədə xx.xx.1976-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi dövrü qəbul etsə də, heç bir əsas olmadan xx.xx.2003-xx.xx.2003-cü illərdəki iş stajını iddiaçının sığorta stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə həmin dövrlərə dair qeydlərin iddiaçının əmək kitabçasında qeyd edildiyini, bununla da iddiaçının işləməsinin təsdiq edilməsini, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə hər hansı mötəbər sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, bəhs edilən dövrlər də iddiaçının sosial sığorta stajına daxil edilməklə onun əmək pensiyası yenidən hesablanmalıdır. İddiaçının 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək stajının pensiyanın hesablanması zamanı nəzərə alınmasına gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunverici xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin və bu zaman şəxsin həmin sığorta stajı pensiya kapitalına çevrilməklə onun fərdi hesabına köçürülmür. Çünki şəxsin xx.xx.2006-cı ildən sonrakı pensiya kapitalı onun işlədiyi sığorta stajının pensiya kapitalına çevrilməsi ilə deyil, həmin dövrdə ödənilmiş sosial sığorta haqları əsasında formalaşan fərdi hesabın sığorta hissəsində və yığım hissəsində qeydə alınan vəsait hesabına formalaşır. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı Cihazqayırma zavodunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə ödənilməyən 10.001 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə görə məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Əmək Məcəlləsinin 9-cu maddəsinə görə əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək. 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək (...). Göründüyü kimi məcburi dövlət sosial sığorta ödəmələri işçinin əmək haqqından sığortaçıya ödənilən pul vəsaitidir ki, həmin vəsait əsasında işçinin müvafiq pensiya kapitalı formalaşır. Qanun məcburi dövlət sosial sığorta ödəmələrinin yerinə yetirilməsini işəgötürənin vəzifəsi kimi müəyyən etməklə yanaşı, işçinin də işəgötürəndən müvafiq ödəməni yerinə yetirməsini tələb etmək hüququnu tanımışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunla yalnız xx.xx.2006-cı il tarixədək müəssisə, idarə və təşilatların yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir, lakin həmin tarixdən sonra ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi nəzərdə tutulmamışdır. Başqa sözlə, xx.xx.2006-cı il tarixdən sonra fərdi uçot sistemi məcburi dövlət sosial sığorta əsasında hesablandığından, yalnız büdcəyə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının xx.xx.2017-ci il tarixədək 50%i, xx.xx.2017-ci il tarixdən sonra 90%-i əsas götürülməklə müvafiq pensiya kapitalı hesablandığından vaxtında müəssisə tərəfindən ödənilməmiş, məcburi dövlət sosial sığorta üzrə büdcəyə daxil olmamış sığorta ödəmələrinə görə pensiya kapitalının hesablanaraq ödənilməsi, habelə 2006-cı ildən sonrakı əmək stajının pensiya kapitalına çevrilməklə hesablanması vəzifəsi cavabdeh orqanın üzərinə qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.2003-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X4 cəmiyyətində işlədiyi 7 ay 6 onun ümumi iş stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2003-xx.xx.2003-cü illərdə “Səttərxan adına maşınqayırma zavodu” X4 cəmiyyətində işlədiyi 7 ay 6 gün müddətin onun ümumi iş stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar