Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7315/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla həmin məhkəməyə müraciət edərək borclu X1 həyat yoldaşı olaraq huquqi əsaslarla qeydiyyatdan keçmiş iddiaçının mülkiyyəti olan Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,05 ha ərazi üzərinə həbs qoyulması barədə xahiş etmişdir. İşə baxan birinci və apelyasiya instansiyaları məhkəmələri tərəfindən sözügedən icra məmurunun təqdimatı təmin edilərək qeyd olunan ünvanda yerləşən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İcra məmuru İsmayıl İsmayılov məhkəmə qətnaməsi üzrə icra sənədinin könüllü icra etmə borclu X2 həvalə edilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərar çıxarmışdır. Həmin mülki mübahisə ilə bağlı dəfələrlə Yasamal rayon və Bakı Apellyasiya Məhkəməsində baxışın predmeti olmuş, sonuncu məhkəmə istisna olmaqla əvvəl işə baxan məhkəmələr "mülkiyyətin toxunulmazlığı" kimi fundamental prinsipi əsas tutaraq icra məmurunun təqdimatını təmin etməmişlər. Qeyd edilən torpaq sahəsi və əlavə olaraq ona bitişik eyni həcmdə tikili ilə birlikdə sahə onun tam mülkiyyətindədir və həyat yoldaşı X3 ilə tələbkar X5 arasında olan 15000 ABŞ dolları məbləği həcmində borc münasibətləri barədə heç bir məlumatı olmamışdır. Yasamal rayon icra və probasiya şöbəsi məmurunun çıxardığı xx xxxxxxxx 2020-cı il tarixli qərarı Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanununun 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İş materiallarında olan Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, böyük icra məmuru İsmayıl İmsayılov tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4696/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədinin Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4696/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun qərarının ləğv edilməsi tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən ümumi məhkəməyə şikayət ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7315/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7315/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver