Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7316/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Simihov Əmrulla Kəbir oğlunun adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.03.2019-cu il tarixli qərardadına əsasən Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli 21(81)1411/2019 saylı qərardadı ilə (hakim Ş.Süleymanova) İddiaçı mərhum həyat yoldaşı Simihov Əmrulla Kəbir oğlunun adına olan torpaq sahəsinin faktiki 400 m2, lakin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 qeyd olunduğundan həyat yoldaşının adına olan sənədlərdə uyğunsuzluq və yaşadıqları evə çıxarış almaq üçün müvafiq qanunvericiliyə uyğun olaraq düzəliş edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.07.2019-cu il tarixli 2-1(103)-1566/2019 saylı qərardadı ilə (Hakimlər: A.Nuriyeva, V.Ağayev, C.Yusifov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli 2-1(81)1411/2019 saylı qərardadının ləğv edilərək işin təkrar baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı 09.10.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən evin faktiki ölçülərinin 400 m2 texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda 300 m2 göstərildiyindən uyğunsuzluğu aradan qaldıraraq həqiqi ölçü göstərilməklə (400 m2) çıxarışın X1 adına mərhum həyat yoldaşının adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X4 28.11.1958-ci ildə Yasamal rayonu Zaur Kərimov küçəsi 162 evə dair X3 Oktyabr (indiki Yasamal) rayonu ispolkomu ilə icarə müqaviləsi bağlamışdır. Mərhum həyat yoldaşı X4 24.06.1995-ci ildə rəhmətə getmişdir. ünvan 1 ünvanda yerləşən evə mərhum həyat yoldaşı X1 adına çıxarış almaq üçün o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə və 1 saylı Bakı Ərazi idarəsinə çıxarış verilməsi barədə göstəriş verilməsinə dəfələrlə sənədlərlə birlikdə müraciət etsə də, sənədləri ondan qəbul etməyərək bildirmişlər ki, mərhum həyat yoldaşı X1 ölüm haqqında şahadətnaməsi ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportakı adam eyni adam deyil. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsi faktiki olaraq 400 kv.m təşkil edir. Torpaq sahəsi yol hissəsindən genişləndirilmiş, əlavə tikililər inşa edilmişdir. Layihədə nəzərdə tutulan tikililərlə faktiki ölçülər arasında uyğunsuzluq vvardır. Eyni zmanda müvafiq hüquqmüəyyənedici sənədlər yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(81)1411/2019 nömrəli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən evin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna uyğun olaraq 300 m2 çıxarışı (arayışı) X1 adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.08.2020-ci il tarixli 21(103)- 842/2020 nömrəli qərardadına əsasən iddiaçının apellyasiya şikayətinin rədd edilməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli 2-1(81)-1411/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2211/2020 saylı 08 dekabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.08.2020-ci il tarixli 21(103)-842/2020 nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.04.2021-ci il tarixli 2- 1(103)- 972/2021 nömrəli qərardadına əsasən qərar ləğv edilmiş iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşə baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 3 olan torpaq sahəsi və onun üzərində tikilən evin mərhum X2 məxsus olması barədə dövlət reyestrində qeydin aparılması və müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İşə baxılarkən iddiaçı iddia tələbinə növbəti dəfə dəqiqləşmə verərək ünvan 3 ünvanda yerləşən faktiki istifadədə olan 400 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış sahəsinin mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbindən göründüyü kimi tələb iddiaçı ünvan 3 ünvanda yerləşən ümumilikdə 400 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə iddialıdır. Məhkəmə göstərilən tələblə bağlı ünvan 3 ünvanda yerləşən 300 kv.m ölçüdə torpaq sahəsinin mərhum X2 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi hissəsində hesab edir ki, iddia təmin edilməlidir. İddia tələbinin təmin edilən hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, imtina onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə bitişik və üstündə əlavə olaraq ikinci mərtəbə inşa edilmiş, texniki pasportda torpaq sahəsi 300 kv.m olduğu göstərilsə də, faktiki olaraq 398,0 kv.m təşkil edir və əlavə inşa edilmiş tikililərin bir hissəsinin həmin əlavə torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Digər oxşar məzmunlu imtina məktubunda isə qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq yol hissəsindən genişləndirilərək 400 kv.m təşkil edir, əlavə tikilər inşa edilmiş və layihədə göstərilən tikililər faktiki ölçülərlə uyğunsuzluq təşkil edir. 28 noyabr 1958-ci il tarixli Oktyabr Rayon zəhmətkeş Deputatları Sovetinin qərarı (protokolundan çıxarış) əsasında Ə.Simixova 300 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin yeri, ölçüləri və istifadə vəziyyətinin naturada dəqiqləşdirilməsi ilə bağlı məktubundan da görünür ki, Komitə hesab etmişdir ki, texniki pasportda nəzərdə tutulan ölçülər gözlənilməmiş, tikinti işləri aparılan zaman 39,0 kv.m torpaq sahəsi zəbt edilmişdir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda birbaşa adı göstərilməsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”da adı qeyd edilmiş torpaq sahələrinin ayrılması barədə zəhmətkeş deputatları sovetlərinin qərarları torpaq sahəsinə şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Hazırkı iş materiallarında olan 28 noyabr 1958-ci il tarixli Oktyabr Rayon zəhmətkeş Deputatları Sovetinin qərarından (protokolundan çıxarış) da göründüyü kimi iddiaçının mərhum əri Ə.Simixova 300 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olan hüquqmüəyyən edici sənədlərdən biri kimi zəhmətkeş deputatları sovetlərinin qərarı iddianın qismən təmin edilməsi üçün əsas yaratmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddiaçının mərhum əri Ə.Simixova 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququna malik hüquqmüəyyənedici sənədə malik olduğundan, həmin şəxs vəfat etdiyindən Ə.Simixovanın vərəsəsi kimi iddiaçı 300 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun Ə.Simixova məxsus olması haqqında arayışı tələb etməkdə haqlıdır. İddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı isə məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını, o cümlədən iddiaya təmin edilməyən hissədə də tətbiq edilməli olan yuxarıda adıçəkilən maddi hüquq normaları nəzərə alaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunan müddəalardan da göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının tanınması hüquqmüəyyənedici sənədin mövcudluğundan asılıdır. İddianın təmin edilən hissəsindən də göründüyü kimi məhkəmə iddia ilə bağlı 300 kv.m torpaq sahəsi ilə bağlı müvafiq arayışın verilməsi o əsasla qanuni hesab etmişdir ki, torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd qismində zəhmətkeş deputatları sovetinin protokoldan çıxarış formasında qərarı mövcuddur. Lakin məhkəmə hesab edir ki, iddiaçı iddianın digər hissələrdə, yəni əlavə 100 kv.m zəbt olunmuş torpaq sahəsi və ümumilikdə 400 kv.m torpaq sahəsi üzərində mövcud tikililərə münasibətdə həmin sənədləri təqdim edə bilməmişdir. Belə ki, işin faktiki hallarından, o cümlədən cavabdehin imtina məktubu və etirazından da göründüyü kimi Ə.Simixovun qanuni istifadəsində olmuş 300 kv.m torpaq sahəsi ilə yanaşı əlavə torpaq sahəsi də istifadə olunmuşdur. Qeyd olunan hal iddia tələbinin dəqiqləşdirilməsindən əvvəl məhkəmə təqdim olunmuş iddianın ilkin formasının nəticə hissəsindən və iş materiallarına daxil olan digər sənədlərdən də məlum olur. Belə ki, iddia tələbindən də görünür ki, pasportda torpaq sahəsinin ölçüsü 300 kv.m göstərilsə də, əslində 400 kv.m olduğu qeyd edilmiş, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış ərizədən də görünür ki, iddiaçı əlavə sənədsiz torpaq sahəsində tikili işlərinin aparıldığı qəbul etmişdir. Ərizə də məhz həmin torpaq sahəsinin onun mülkiyyətinə ayrılması üçün ona satılması ilə bağlı olmuşdur. Analoji müraciət həmçinin Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə də ünvanlanmışdır. Göründüyü kimi əlavə torpaq sahəsinin istifadə edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılması istər iddiaçının ərizələrindən, istər cavabdehin imtina məktublarından, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin məktubu ilə təsdiq edildiyindən işin mübahisə edilməyən halını təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə işin mübahisə edilməyən halı ilə bağlı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə lüzum müəyyən etməmişdir. Göründüyü kimi işin faktiki halları ilə 100, 98, 39 kv.m kimi göstərilməsindən asılı olmayaraq əlavə torpaq sahəsinin istifadə edildiyi və həmin əlavə torpaq sahəsində də evin tikintisinin həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunan işin faktiki halları isə iddianın zəbt olunmuş torpaq sahəsi və ümumilikdə 300 kv.m torpaq sahəsindən kənara çıxan tikiliyə münasibətdə iddianın təmin edilməsini mümkünsüz edir. Əlavə torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaması əsası onunla bağlıdır ki, həmin əlavə sahə ilə bağlı ümumiyyətlə hər hansı hüquqmüəyyən edici sənəd təqdim edilməmişdir. Tikili ilə bağlı mülkiyyət hüququnun tanınmaması ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini mütləq hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanunun 1.0.1-cü maddəsinin tələbindən də göründüyü kimi daşınmaz əmlak dedikdə üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər başa düşülür. Göründüyü kimi torpaq sahəsi, bina, həmçinin mənzil və fərdi yaşayış evləri daşınmaz əmlak hesab edilir. Lakin torpaq sahəsi və fərdi yaşayış evlərinin o cümlədən digər əşyalarına mülkiyyət hüququnun tanınması baxımından daşınmaz əmlakın xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır. Belə ki, formalaşmış məhkəmə təcrübəsi ilə müəyyən edilir ki, torpaq sahəsinin müvafiq hissədə, yəni müvafiq ölçüdə təmin edilərək digər hissədə ləğv edilməsi qəbul edilən hesab edilmişdir. Lakin, tikililərlə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması baxımından qeyd olunan formada bölgüsü, hissə-hissə mülkiyyət hüququnun qeydiyyatı mümkün olmadığından qanuni istifadədə olmayan torpaq sahəsində tikilinin müəyyən hissəsinin yerləşməsi onun tam əmlak kimi qeydiyyatını mümkünsüz edir. Başqa sözlə fərdi yaşayış evinin tərkibinə daxil olan ayrı-ayrı hissələr (otaqlar, mətbəx otağı, eyvan və s) ayrıca mülkiyyət hüququ qeydiyyata alınmalı olan daşınmaz əmlak hesab edilmədiyindən fərdi yaşayış evinin hər-hansı hissəsinin əlavə istifadə olunmuş torpaq sahəsində yerləşməsi fərdi yaşayış evinə mülkiyyət hüququnun bütövlükdə qeydiyyata alınmasını əsassız edir. Halbuki, fərdi yaşayış evi bütövlükdə mülkiyyət hüququ qeydiyyata alınması mümkün olan daşınmaz əmlak qismində çıxış edir. Qanunvericiliklə onun ayrı-ayrı hissələrinin qeydiyyatı isə nəzərdə tutulmadığından, iddiaçıya torpaq sahəsində olduğu kimi fərdi yaşayış evinin qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş hissələrinə dair arayışın verilməsi, qanuni istifadəsində olmayan torpaq sahəsində inşa edilmiş tikilinin hissəsinə dair arayışın verilməməsi barədə nəticəyə gəlinməsi yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın: 18.5. Reyestr nömrəsi formalaşdırıldıqda aşağıdakı xüsusi kodlardan istifadə edilir: 18.5.1. Daşınmaz əmlakın bölmələri: 01 - torpaq sahəsi, 02 - ayrıca su obyektləri, 03 - meşələr, 04 - çoxillik əkmələr, 05 - çoxmərtəbəli yaşayış binalan, 06 - qeyri-yaşayış binalan, 07 - qurğular, 08 - qeyri-yaşayış sahələri, 09 - mənzillər, 10 - fərdi yaşayış evləri, 11 - bağ evləri, 12 - əmlak kompleksi kimi müəssisələr, 13 - müəssisə filialları, 14 kommunikasiyalar Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən 300 kv.m torpaq sahəsinin mərhum X2 məxsus olması haqqında arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov