Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7316/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndələri X10, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “hərbi rütbənin bərpa olunması və sərhədçi formasının daşımağı üçün əmrin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək “Polkovnik” hərbi rütbəsinin bərpa olunması, eləcə də 28 il geyindiyi sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ilin noyabrından 2020-ci ilin fevralınadək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında zabit kimi müxtəlif vəzifələrdə (zastava rəisinin müavini, zastava rəisi, X1 müavini, ŞHÜŞ-də baş zabit, Mənəvi-psixoloji hazırlıq üzrə bölmənin rəisi, ŞHÜŞ-nin rəis müavini, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, ŞHÜŞ-nin rəisi vəzifələrində) xidmət etmişdir. Eləcə də xidmətdə əldə etdiyi nailiyyətlərə görə “leytenant” rütbəsindən “polkovnik” hərbi rütbəsinədək yüksələ bilmişdir. Xidmətdə əldə etdiyi nailiyyətlərə görə 12 müxtəlif medallarla təltif olunmuşdur. Silahlı Qüvvələrdə 25 ildən artıq xidmət etdiyinə görə isə “Silahlı Qüvvələrin veteranı” medalını almışdır. Lakin bütün bunlarla yanaşı 2019-cu ilin sentyabr ayının 26-da X8 hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Şöbənin rəisi vəzifəsində xidmət etdiyi zaman Sərhəd Dəstəsinin 13-cü sərhəd zastavasında (indiki 14-cü sərhəd zastavası) bədbəxt hadisə baş verdi. Belə ki, sərhəd zastavasının müddətli hərbi qulluqçuları - kiçik çavuş X11 ilə əsgər X5 arasında qarşılıqlı münasibətlər pozulmuş və nəticədə əsgər S.Baxşeyişov xx.xx.2019-cu il tarixdə, “Yat” komandasından sonra “Zastava Gözətçisi” xidmətində olarkən xidmət yerini özbaşına tərk edərək əsgər kazarmasına daxil olaraq kiçik çavuş Ə.Səlimovu istismarında olan xidməti silahdan atəş açaraq yaralamış, sonra isə intihar etmişdir. Hadisə ilə bağlı DSX rəisinin şəxsi heyət üzrə müavininin (hal-hazırda təqaüddədir) rəhbərliyi ilə araşdırma işi aparılmışdır. Lakin araşdırma zamanı hadisənin səbəbləri düzgün təhlil edilərək real deyil, birtərəfli, qərəzli aparılmışdır. X14 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 0284 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı endirilmişdir. 2020-ci ilin fevralın 27-də isə öz arzusu ilə yaşa görə istefaya buraxıldı. 11 yanvar 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik cənab Elçin Quliyevə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 181-ci maddəsinə uyğun olaraq “polkovnik” rütbəmin bərpa olunması eləcə də 28 il geyindiyi sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmr verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli K/108/30/A-202 saylı cavab məktubu ilə müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd etdiyi məsələ məqsədə uyğun hesab edilməmişdir. 28 il ərzində vətənə qüsursuz xidməti, xidmətdə əldə etdiyi nailiyyətlərə görə təltifləri nəzərə alınmadan digər şəxslər cəzalandırılmalı olduğu halda onlar cəzalandırılmadan iddiaçı cəzalandırılır və dolayısı ilə ona aidiyyəti olan hadisədən 3 ildən artıq müddət keçməsinə baxmayaraq heç bir əsas göstərilmədən hərbi rütbənin bərpasının məqsədəuyğun olmaması qeyd edilir. Halbuki, Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin” 181-ci maddəsinə əsasən Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. Cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, bürokratik əngəllər yaratmaqla ona əvvəlki hərbi rütbəsinin bərpa edilməməsini və 28 il geyindiyim sərhədçi formasının bundan sonra da daşımağı üçün müvafiq əmrin verilməməsinin dolayısı ilə imtina edilməsi kimi qiymətləndirir.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilir ki, “Dövlət Sərhəd Xidmətinə ünvanladığınız müraciətə tərəfimizdən aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd etdiyiniz məsələ məqsədəuyğun hesab edilməmişdir. Nəzərə almağınızı xahiş edirik.”
4. Cavabdeh tərəfindən məhkəməyə iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı N.İ.Abbasov polkovnik hərbi rütbəsinin bərpa edilməsi və hərbi geyim forması daşımaq üçün əmrin verilməsi ilə bağlı DSX-nə yazılı qaydada müraciət etmiş və adıçəkilən məsələnin həlinin məqsədəuyğun olmaması barədə rəsmi cavab məktubu göndərilmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin həm 164, həm də 181-ci maddəsi dispositiv xarakterli olmaqla, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqana, yəni Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
5. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 0284 nömrəli əmrə əsasən X2 Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinin "e" bəndinə müvafiq olaraq rütbəsi bir pillə aşağı endirilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə qarşılıqlı münasibətlərin pozulması faktlarının vaxtında aşkar edilməməsi səbəbindən xx.xx.2019-cu il tarixdə əsgər X4 15-ci sərhəd zastavasında özünə qəsd etmiş, bununla yanaşı xx.xx.2019-cu il tarixdə əsgər X6 vaxtında tibbi yardım göstərilməməsi səbəbindən xəstəlikdən vəfat etmiş və xx.xx.2019-cu il tarixdə əsgər X7 13-cü sərhəd zastavasında qarşılıqlı münasibətlərin pozulması zəmnində odlu silahla digər əsgər yoldaşını yaralayaraq, daha sonra özünü öldürmüşdür. Bu da ona əsas verir ki, N.İ.Abbasov sərhəd bölmələrində vaxtında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə nəzarət edə bilməmiş, profilaktik və qabaqlayıcı tədbirlər görməmiş, əsgərlər arasında sorğu keçirməyərək, baş verə biləcək hadisələri vaxtında aşkar edə bilməmişdir. Qeyd olunanlarla əlaqədar N nömrəli hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi vəzifəsində xidmət etmiş sabiq hərbi qulluqçu X2 xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 67-ci maddəsinin "e" bəndinə müvafiq olaraq rütbəsi bir pillə aşağı endirilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı N.Abbasov iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hacıyev iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Ağalarov iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddiaçı xx.xx.2019-cu il tarixli 0284 nömrəli əmrinin ləğv edilməsini xahiş etmir və həmin əmri mübahisələndirmir. Bildirir ki, hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər, bununla əlaqədar hərbi rütbəsinin bərpa olunmasını və geyindiyi sərhədçi formasını daşımağı barədə əmrin verilməsini tələb edir.
12. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi:
164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər. Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir. Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər.
15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəalarına əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqana həvalə edilmişdir.
16. İnzibati Prosessual Məcəllə: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
17. Yuxarıda qeyd edildiyi kimi, müsahibənin nəticəsi olaraq iddiaçı ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 181-ci maddəsinə uyğun olaraq “polkovnik” rütbəsinin bərpa olunması eləcə də geyindiyi sərhədçi formasının daşımağı üçün əmrin verilməsini inzibati orqandan xahiş etmişdir. Cavabdeh qurum tərəfindən iddiaçının müraciəti məqsədə uyğun hesab edilməyərək, imtina edilmişdir.
18. Məhkəmə işin qeyd olunan hallarından çıxış edərək hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 164-cü və 181-ci maddələri inzibati orqana diskresion səlahiyyət əsasında qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri).
19. Məhkəmə nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi təcrübəyə malik olduğu haldan gedir.
20. Qeyd edilənlərə əsasən, məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığını həyata keçirilməsi zamanı səlahiyyət həddini aşdığını və ya fərqli rəftar nəticəsində iddiaçının hüquqlarının pozulması halını, eləcə də onun vəziyyətinə uyğun gəlməyən şəkildə davrandığını müəyyən etmir.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva