Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-732/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı abonent kodu verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Bakı şəhəri, Binəqədi rayonu, 14-cii Aşırım küçəsi, 43 saylı binanın 506 saylı mənzilin mülkiyyətçisi kimi onunla elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, onun adına abonent kodu verilməsi və ona məxsus ünvan 1-ya elektrik enerjisi verilişinin dayandırılmasının qarşısının alınmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanı ilə bağlı İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və həmin ünvana elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 43 saylı binanın 506 saylı mənzili 04 aprel 2014-cü il tarixə kimi X6 mülkiyyətində olmuş və həmin mənzilə dair kommunal xidmətlər, o cümlədən elektrik enerjisi ilə təchiz olunması ilə əlaqədar sənədlər onun adına rəsmiləşdirilmiş, elektrik enerjisi istehlakçısı kimi ona **********30032 nömrəli abonent kodu verilmişdir. O, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 43 saylı binanın 506 saylı həmin mənzili X4 04 aprel 2014-cü il tarixdə alq-satqı qaydasında almışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakr şəhər Ərazi idarəsi tərəfindən 08 may 2014-cü il tarixdə 813 nömrəli reyestr kitabının 75842 nömrəli vərəqində qeydiyyata alınmaqla onun adına çıxarış verilmişdir. Hazırda həmin mənzil onun mülkiyyətindədir. O, göstərilən mənzili qeyd olunan tarixdən aıqı-satqı yolu ilə alsa da və bu mənzil onun mülkiyyətində olsa da o həmin mənzildə yaşamamışdır və orada elektrik enerjisindən istifadə etməmişdir. Mülkiyyətində olan həmin mənzilin elektrik enerjisi ilə təchiz edilməsi barədə abonent kimi onunla müqavilə bağlanması və onun adına abonent kodu açılması barədə cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 22 fevral 2018-ci il tarixdə müvafiq sənədlər əlavə edilməklə rəsmi qaydada müraciət etmişdir. Lakin "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti həmin mənzilin elektrik enerjisi ilə təchiz edilməsi barədə abonent kimi onunla müqavilə bağlamaqdan və onun adına abonent kodu açmaqdan imtina edərək, 12.03.2018-ci il tarixli Bqn-18/0108 saylı məktubla onun müraciətinə “mənzilin mülkiyyətçisindən elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməli idi. Hal-hazırda 15.02.2018-ci il tarixə kimi 1877,64 manat debitor borcu var. Borc ödənildikdən sonra ona abunə kodunu müvafiq sənədlərin təqdim etməklə öz adına dəyişdirə bilər” cavabı verilmişdir. Hesab etmişdir ki, cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin abonent kimi onunla müqavilə bağlamaqdan və onun adına abonent kodu açmaqdan imtina etməsi əsassız və qanunsusdur. Belə ki, daşınmaz əmlakın alqısatqısına dair mövcud qanunvericiliklə daşınmaz əmlakın alqı-satqısı zamanı alıcının satıcıdan “mənzilin mülkiyyətçisindən elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməsi” nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edildiyi kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onun rəsmi müraciətinə cavab məktubunda göstərilmişdir ki, “hal-hazırda 15.02.2018-ci il tarixə kimi 1877,64 manat debitor borcu var". Halbu ki, "xxxx" ASC-nin Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 24.10.2017-ci il tarixli, BXM-17/194 saylı xidməti məlumatından görünür ki, “Dərnəgül qəsəbəsi, A.Gəraybəyli 43, mənzil 32-də (hazırda mənzilin nömrəsi 506-dır) uzun müddətdir ki, elektrik enerjisi verilişi dayandırılmışdır. Mənzildə yaşayış olmayıb, elektrik enerjisindən istifadə olunmayıb. Həmin əraziyə xidmət edildiyi vaxtdan mənzilə məxsus elektrik sayğacı ümumi şitdə olmuş, sayğacın çıxış xətti kəsili olmuşdur. Sentyabr ayında mənzildə yaşayışa başlanmış və sayğacın göstəricisi çıxarılmağa başlanmışdır. Sayğac normal işləyir, gözlə görünən qüsuru yoxdur”. Bundan əlavə o, qeyd olunan mənzili alandan sonra həmin mənzildə istifadə olunan elektrik enerjisinə görə cavabdehə hal-hazırda heç bir məbləğdə pul borcu yoxdur. Buna baxmayaraq cavabdeh ona məxsus həmin mənzilə elektrik enerjisi verilişini mütamadi olaraq dayandırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, mübahisəli ünvan üzrə abonentin 1417,46 manat borcu vardır. İddiaçı mənzili alan zaman, yəni alqı-satqı müqaviləsi bağlanan zaman keçmiş mülkiyyətçinin elektrik enerjisindən istifadə ilə bağlı 1473,88 manat borcu olmuş və həmin borc ödənilməmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir. İddiaçı həmin borcu ödədikdən sonra mənzilə elektrik enerjisinin verilməsi bərpa oluna, həmçinin onunla yeni müqavilə bağlana bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, 12 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X9 arasında bağlanmış 04.04.2014-cü il tarixli, İK-İP-048-İ №-li alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.5 kv olan mənzili alıcı İddiaçı satmışdır. Satıcı alıcıya faktiki təhvil verənədək yaşayış mənzili üzrə əmlak vergisini, telefon, qaz, elektrik enerjisini və digər xidmətlər üzrə yaranmış borcları ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* №-li, 08.05.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109.5 kv olan mənzil 08.05.2014-cü il tarixdən İddiaçı xüsusi mülkiyətindədir. - "xxxx" ASC-nin Binəqədi RETSİ-nin nəzarət mühəndisi Nahid Atakişiyev tərəfindən tərtib edilmiş BXM-17/194 №-li, 24.10.2017-ci il tarixli xidməti məlumatın surətindən görünür ki, “Dərnəgül qəsəbəsi, A.Gəraybəyli 43, mənzil 32-də uzun müddətdir ki, elektrik enerjisi verilişi dayandırılmışdır. Mənzildə yaşayış olmayıb, elektrik enerjisindən istifadə olunmayıb. Həmin əraziyə xidmət edildiyi vaxtdan mənzilə məxsus elektrik sayğacı ümumi şitdə olmuş, sayğacın çıxış xətti kəsili olmuşdur. Sentyabr ayında mənzildə yaşayışa başlanmış və sayğacın göstəricisi çıxarılmağa başlanmışdır. Sayğac normal işləyir, gözlə görünən qüsuru yoxdur - "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli (14-cü Aşırım) küçəsi, ev 43 ünvanı üzrə **********00430032 saylı abonent - Akif Rüstəmovun 13.10.2017-ci il tarixə 1.880,88 manat borcu vardır. - "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, ünvan 2 ünvanı üzrə **********30032 saylı abonent - Akif Rüstəmovun 10.06.2021-ci il tarixə 1.417,46 manat borcu vardır. - Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış Bgn-18/0108 saylı, 12.03.2018-ci il tarixli məktubun surətindən görünür ki, mənzilin mülkiyyətçisindən elektrik enerjisi sərfiyatına görə borcunun olmaması barədə enerji təchizatı müəssisəsinin arayışını tələb etməli idi. Hal-hazırda 15.02.2018-ci il tarixə kimi 1877.64 manat debitor borcu var. Borc ödənildikdən sonra o, abunə kodunu müvafiq sənədlərini təqdim etməklə öz adına dəyişdirə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 04.04.2014-cü il tarixdə X4 alqı-satqı müqaviləsinə əsasən almışdır və həmin mənzil 08.05.2014-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Alqısatqı müqaviləsi bağlanan zaman mənzilin elektrik enerjisindən səfiyyatı ilə bağlı 1417,46 manat borcu olmuş və həmin borc keçmiş mülkiyyətçi tərəfindən ödənilməmişdir. İddiaçı mübahisəli mənzildə yaşamadığından mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçının elektrik enerjisi ilə bağlı abunə kodunun adına dəyişdirilməsinə dair müraciəti borcun olması əsas gətirilərək cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunun: - 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. - 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı. - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - 7.8-ci bəndinə əsasən bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. - 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. - 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.18-ci bəndinə əsasən istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerji təchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. - 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). - 8.22-ci bəndinə əsasən məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. - 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X3 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın əvvəlki istehlakçıdan borc məbləğinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ olduğu halda yeni istehlakçı ilə (İddiaçı) əvvəlki istehlakçının borcuna görə müqavilə bağlamaması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, şəxsin konstitusion hüquqularını pozur. Bundan əlavə hazırki iş üzrə iddiaçının mənzilin əvvəlki mülkiyyətçisindən köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsini və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməməsi onunla yeni müqavilənin bağlanmasına mane olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının mülkiyyətində olan mənzilin enerji ilə təchiz edilməsinə mane olan və qanunvericiliklə nəzərdə tutulmiş hər hansı halların mövcud olması isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, əvvəlki istehlakçının borcuna görə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin elektrik enerjisi ilə təhciz edilməsindən, onunla elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanmasından cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanı üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və həmin ünvana elektrik sayğacının quraşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və həmin ünvana elektrik sayğacının quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-732/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-732/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver