Məhkəmə qərarları › İş №2-1(112)-7323/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7323/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7323/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X9 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin imtinasının qanunsuz və əsassız hesab edilməklə, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7323/2021 saylı, 06 iyul 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində hüquqlarının qeydiyyata alınmasını istədiyi ünvan yanlış olaraq ünvan 4nında yerləşən 16 saylı mənzil kimi göstərilərək texniki səhvə yol verilmişdir. İddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial iiqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadığı bina qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüş və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsinə xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında İctimai Mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Bununla da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 44, 1 saylı mənzil iddiaçıya verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiq edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. xx.xx.2013-cü il tarixdən müvafiq mənzildə pasport qeydiyyatına alınmışdır və mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq tərəfindən ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 5 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət etsə də inzibati orqan müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********00 nömrəli, xx.xx.2001-ci il tarixli imtina məktubunda müraciətinin imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir. Müvafiq yaşayış binasının 2011-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixli əvvəllki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə, sözügedən mənzil yerləşən yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi səbəbi kimi göstərilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 44 saylı evin, 1 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 44 saylı evin, 1 saylı mənzilinə dair “Daşınmaz əmlak dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının 136 saylı sərəncamı 15.10 2012-ci tarixində verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, İddiaçı **********00 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli Fərmanına əsasən Məcəllənin 62.2-ci maddəsində nəzərdə tutulan orqan funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 25 may 2021-ci il tarixli, **********00 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 44 saylı evin 1 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair müraciətinə əlavə etdiyi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 saylı sərəncamı 15 oktyabr 2012-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasını keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarın təsdiq edilməsi barədə” sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında “İctimai mənzil komissiyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və AVQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. (28 fevral 2012-ci il tarixli 2 № -li protokol). Həmin sərəncamın 1.63-cü bəndinə əsasən İddiaçı xx.xx.1988-ci ildən 6 nələr ailə tərkibi ilə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışdır. Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 44, 1-ci mərtəbə, 4 otaqlı, 70,88 kv.metr olan 1 saylı mənzil 6 nəfər ailə tərkibinə verilməsi, İddiaçı mənzil uçotundan çıxarılması qərara alınmışdır. Ailə tərkibi; 1. X5 1952 (özü), 2. X7 1974 (qızı), 3. X14 1993 (nəvəsi) 4. X6 1994 (nəvəsi), 5. X12 2004 (nəvəsi), 6. X15 2011 (nəvəsi). İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” Aktından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 24, 24a, 25 və 27-ci məhəllərdə 5 mərtəbəli (+ texmərtəbə, - 3,30 m səviyyəsində zirzəmi) 2 girişli yaşayış binası (5 saylı) istismara qəbul edilmişdir. Poçt ünvanı: ünvan 6 İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 05 iyun 2021-ci il tarixdə verilmiş Forma 2 saylı arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzil tam kommunal şəraitlidir. Mənzildə İddiaçı, X10, İddiaçı Cəbrayıl qızı, xx.xx.2004-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X11 daimi qeydiyyatdadır. İşdə olan İddiaçı Cəbrayıl qızı tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur. İşdə olan X10 tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Natəvan Yaqubova qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdır, etirazı yoxdur. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş plan-sxemdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzilin yaşayış sahəsi 70,88 kv.metr, ümumi sahəsi 100,11 kv.metr təşkil edir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarın təsdiq edilməsi barədə” sərəncamının, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin və İddiaçı sözügedən qəzalı binada yaşadığı mənzilə dair hüquqmüəyyənedici sənədlərin (order, qərar, sərəncam, kirayə müqaviləsi, ev kitabçası və s.) məhkəməyə təqdim edilməsi sorğu əsasında Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 20 iyun 2021-ci il tarixli, 32 saylı məktubla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31 saylı, 29 iyun 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 10 saylı mənzil mərhum X1 Molotov Neft tərəfindən verilmişdir. Lakin hal-hazırda 150 saylı MKİS-də göstərilən mənzilə aid order aşkar olunmadı. Həmin məktuba əlavə edilmiş Qaradağ Rayon Xalq Deputatları Sovetinin 38 saylı, 15 dekabr 1989-cu il tarixli qərarından görünür ki, İddiaçı (23 sentyabr 1988-ci il tarixdən mənzil növbəsində olan) ailə tərkibinin dəyişdirilməsi barədə xahişi təsdiq edilərək, ailə tərkibi siyahısından keçmiş əri X2 çıxarılaraq, 3 nəfər ailə tərkibi ilə mənzil siyahısına alınmışdır. Həmin məktuba əlavə edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 19 noyabr 1993-cü il tarixli, 1699 saylı sərəncamından görünür ki, İddiaçı 1-ci qrup əlil olduğu üçün növbədənkənar siyahıya keçirilmiş və mənzil növbəsində 4 nəfər ailə tərkibi ilə hesab edilmişdir (özü, qızı Arzu, qızı Natəvan, nəvəsi Röya). Beləliklə işdə olan sənədlər əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarı təsdiq edilmişdir. Həmin sərəncamın 1.63-cü bəndində əsasən xx.xx.1988-ci ildən 6 nəfər ailə tərkibi ilə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44, 1-ci mərtəbə, 4 otaqlı, 70,88 kv.metr olan 1 saylı mənzil 6 nəfər ailə tərkibinə verilməsi, İddiaçı mənzil uçotundan çıxarılması qərara alınmışdır. Həmin mənzil sözügedən sərəncam əsasında iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir və hazırda onun qanuni sahibliyinə və istifadəsindədir. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sərəncamın 15 oktyabr 2012-ci il tarixdə verildiyi, 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verildiyi əsas gətirilərək imtina olunmuşdur. Halbuki iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarın təsdiq edilməsi ilə bağlı qəbul edilmişdir. Belə ki, iddiaçının əvvəllər yaşadığı ünvan 7 ünvanında yerləşən 10 saylı mənzil mərhum X1 Molotov Neft tərəfindən verilmişdir. İddiaçı xx.xx.1988-ci ildən ailə tərkibi ilə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmışdır. Buna görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Lökbatan qəsəbəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi haqqında qərarının təsdiq edilməsi ilə bağlı verilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamı ilə iddiaçı növbədənkənar mənzil növbəsində olan şəxs kimi eyni ərazidə yerləşən qəzalı vəziyyətində olan yaşadığı mənzildən yeni tikilmiş mənzilə köçürülmüşdür. İş materiallarından olan ərizələrdən görünür ki, həmin sərəncamda adları qeyd olunmuş və hazırda həmin mənzildə daimi qeydiyyatda olan iddiaçının digər 18 yaşına çatmış ailə üzvləri mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsinə əsasən bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlaması digər vətəndaşların öz hüquqlarının itirməsi ilə nəticələnə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlamasını müəyyən edir, həmin kateqoriya vətəndaşların hüqularının mövcudluğunu daha da gücləndirir, bu məcəllə qüvvəyə minən gündən hazırki dövrədək mənzil əldə etmiş vətəndaşların mənzillərini özəlləşdirmək hüququna isə müdaxilə etmir, onlara hər hansı qadağa qoymur. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsi ilə əsaslandırması qanuni və əsaslı sayıla bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ mövcuddur. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 44 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar