Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7323/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək onun "xxxx" MMC-nin direktoru vəzifəsində olan əmək müqaviləsinə “ƏMAS” alt sistemində Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-də direktoru vəzifəsində işə qəbul olunmuşdur. Bir müddət sonra təsisçilər müəssisənin fəaliyyətinin qənaətbəxş olmadığını əsas gətirərək fəaliyyəti dayandırılması və təsərrüfat subyektinin ləğv olunması ilə bağlı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdirlər. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında müvafiq qərar qəbul olunmuş, müəssisə ləğv edilmişdir. Texniki səhv nəticəsində iddiaçının adı "xxxx" MMC-nin direktoru kimi əmək müqaviləsi bildirişi elektron informasiya alt sistemindən çıxarılmamışdır. Bu səbəblə əlaqədar olaraq iddiaçı işə düzəlməkdə çətinlik çəkdiyini bildirmişdir. Belə ki, işəgötürən əmək müqaviləsi bağlayarkən iddiaçının iş yeri kimi "xxxx" MMC-nin direktoru vəzifəsi göstərilir. İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə etdiyi müraciətin cavabına əsasən X2 Xidmətinə ərizə ilə müraciət edərək “ƏMAS” alt sistemində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin X2 Xidmətindən iddiaçıya zəng edilərək müraciətin mümkünsüz olduğu bildirilmiş, müvafiq məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Əmək müqaviləsinə xitam yalnız işəgötürən tərəfindən, bu üzürlü səbəblərə görə mümkün olmadıqda isə X2 Xidməti tərəfindən verilir. Əmək müqaviləsi bildirişi elektron informasiya alt sisteminə və yeni yaranmış “ƏMAS” alt sisteminə birbaşa nəzarət və lazım olduqda birbaşa müdaxilə X2 Xidmətinin səlahiyyətindədir. İddiaçı işədüzəlməkdə çətinlik çəkdiyini, müqaviləsiz işləməyin qanunsuz olduğunu bilən işəgötürənlərin onunla əmək münasibətləri yaratmaq istəmədiyini əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC-nin Hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında” müraciətinə əsasən vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.
4. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun olaraq izahat verdi.
5. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun olaraq izahat verdi.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
8. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəfi deyil. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin qanunla üzərinə düşən öhdəliyi ola bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.
10. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X2 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir.
11. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC-nin “Hüquqi şəxsin vergi uçotundan çıxarılması haqqında” müraciətinə əsasən vergi uçotu xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir.
12. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır.
13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək müqaviləsinin ləğv edilməsi faktının müəyyən edilməsi üçün səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva