Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7324/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunazidd hesab edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə dair tam mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının keçmiş arvadıdır, onunla aralarındakı nikah qeydi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında ləğv edilmiş və xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-531/2020 saylı qətnaməsi ilə X2 iddiaçıya qarşı qaldırdığı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsinə dair tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 48C, 7 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evinin və “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının ½ hissəsinə mülkiyyət hüquqlarımız tanınmış və həmin qətnamə qanuni qüvvəsini alaraq və icra edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(004)-386/2021 saylı qətnaməsi ilə X2 paylı mülkiyyətlərində olan Bakı şəhəri. Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 48C, 7 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evinin naturada bölünməsinə dair qaldırdığı tələbi təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra keçmiş arvadı X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsində ona qarşı paylı mülkiyyətlərində olan dəyəri 200.000 manat olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evin onun, dəyəri 210.000 manat olan 80.90 kv. metr sahəli ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin İddiaçı mülkiyyətində saxlanılması, “Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərracdan satılmaqla əldə edilmiş vəsaitin paylara uyğun tərəflər arasında bölünməsi, qeyd edilmiş bölgü mümkün olmadığı təqdirdə hər üç əmlakın herracdan satılmaqla əldə edilmiş vəsaitlərin paylara uyğun aralarında bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı ilə İddiaçı ilə aralarında mübahisənin predmeti olan əmlaklara dair bağlanmış barışıq sazişi təstiq edilmiş, birgə nikah dövründə əldə edilmiş və bərabər paylarla aralarında bölünmüş Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 48C, mənzil 7 tam mülkiyyət hüququ ilə X2 adma, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi 28 saylı yaşayış evinin və "Mitsubişhi Pajero” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının tam mülkiyyət hüquqları İddiaçı adına müvafiq dövlət reyestr və qeydiyyat orqanlarında adlarına qeydiyyata alınması qərara alınmışdır. Qeyd edilmiş qərardad qanuni qüvvəsini aldıqdan sonra Yasamal rayon icra şöbəsi tərəfindən icra vərəqəsi icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, sonuncu tərəfindən isə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, və xx.xx.2022-ci il tarixli məktubları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(004)- 5888/2021 saylı qərardadı ilə MPM-nin 191-ci maddənin tələblərinə istinad edərək, mübahisənin predmeti olan əmlaklara dair tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edildiyini, həmin qərardadla reyestr xidmətinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığını və barışıq sazişinin dövlət reyestrində qeydə alınması üçün əsas olmadığını göstərilməklə icra sənədi icra edilmədən geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh orqana yazılı müraciət edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadı əsas götürülərək Bakı şəhəri. Səbail rayonu, Mirzə Mansur küçəsi 28 saylı yaşayış evinə dair tam xüsusi mülkiyyət hüququmun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Cavadeh orqan həmin müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda yenə Azərbaycan Respublikası MPM-nin 261.0.5 və 191-ci maddələrinin məzmununa istinad edərək bildirmişdir ki, qeyd olunanlara əsasən mülki iş üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Barışıq sazişi üzrə tərəflər öz üzrələrinə öhdəlik götürürlər. Həmin məktubundan görünür ki, cavabdehin öz səlahiyyətlərini aşaraq qanunvericiliyin müddəlarına şərh verməyə cəhd göstərmişdir. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı qərardadına əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə dair tam mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunazidd hesab edilməsinə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə dair tam mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə iddiası etirazla qarşılanır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021 -ci il tarixli, xx/xx-271752/2429095 saylı, xx.xx.2022-ci il tarixli, xx/xx-271752/242123 saylı məktubları və İddiaçı xx.xx.2023-ci il tarixli, ********** nömrəli ərizəsi İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsi ilə iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261 -ci maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, 261.0.5-ci maddəyə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. Eyni zamanda bildiririk ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10396/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 5888/2021 saylı qərardadı ilə X4 ilə İddiaçı arasında təsdiq edilmiş barışıq sazişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 80,90 kv. metrdən ibarət 48 C saylı evin 7 saylı mənzilinə dair X2 tam xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 80,90 kv. metrdən ibarət 48 C saylı evin 7 saylı mənzil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10396/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı əsasında X2 mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı fərdi yaşayış evi 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla paylı mülkiyyətdədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnaməyə görə İddiaçı və X4 arasındakı nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 309 nömrəsi ilə qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 nömrəli Qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair iş üzrə barışıq sazişi təsdiq olunaraq tərəflər- iddiaçı X4 və cavabdeh İddiaçı aralarındakı qarşılıqlı razılaşmaya əsasən razılığa gəlirlər ki, “birgə nikah dövründə əldə edilmiş bərabər paylarla onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi,48C saylı evin,3 otaqlı,89,0 kv.m ümumi sahəli, 7 saylı mənzilin tam mülkiyyət hüququ iddiaçı X2 adına, Bakı şəhəri, Səbail rayonu,Mirzə Mansur küçəsi,84.20 kv.m sahəli 28 saylı yaşayış evin və Mitsubişhi Pajero markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının tam mülkiyyət hüquqları cavabdeh İddiaçı adına keçmələrinə və həmin əmlaklara dair hüquqların müvafiq dövlət orqanlarında onların adlarına resmiləşdirilməsinə etiraz etmirlər. Bu razılaşmanın müqabilində iddiaçı X4 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Yasamal rayon məhkəməsində qaldırdığı Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Mirzə Mansur küçəsi,28 saylı evin onun, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən 3 otaqlı 48C saylı evin 7 saylı mənzil cavabdehin mülkiyyətinə verilməsi, Mitsubişhi Pajero markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərracdan satılmaqla əldə edilmiş vəsait paylara uyğun tərəflər arasında bölünməsi, münkün olmadığı təqdirdə hər üç əmlakın herracdan satılmaqla əldə edilmiş vəsaitlərin paylara uyğun bölünməsi tələbindən imtina edir. Cavabdeh İddiaçı X2 qeyd edilmiş tələbindən imtina edilməsinə etiraz etmir. Tərəflərin öhdəlikləri: Hazırkı barışıq sazişini bağlayan tərəflər iddiaçı X4 və cavabdeh İddiaçı üzərinə öhdəlik götürürlər ki, onlar gələcəkdə mübahisənin predmeti olan nikah dövründə əldə edilmiş əmlaklar: Bakı şəhəri, Yasamal rayonu, islam Səfərli küçəsi, ev 48C, 7 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı yaşayış evi, Mitsubişhi Pajero markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzrə birbirinə qarşı iddia və tələblər irəli sürməyəcəklər. Barışıq müqaviləsinin şərtlərinin icra edilməsi qaydası: Barışıq müqaviləsi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə ərizə təqdim edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq müqaviləsinin şərtləri ilə razı olmasına dair məhkəmə iclas protokoluna imza edirlər. Tərəflər arasında bağlanmış,imzalanmış barışıq müqaviləsi məhkəmə qərardadı ilə təstiq edilir,istinad edilmiş barışıq sazişi Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan mülki işin icrasına xitam verilməsi üçün əsasdır. Xüsusi qeydlər: Tərəflər bəyan edirlər ki,barışıq müqaviləsinin şərtləri,müqavilənin bağlanması qaydası onların könüllü iradəsini əks etdirilir. Tərəflər bəyan edirlər ki,barışıq sazişinin bağlanması AR MPM-nin 262.4-cü maddənin tələblərinə uyğun olaraq həyata keçirilir və həmin maddənin tələbləri məhkəmə tərəfindən tərəflərə izah edilmişdir. Tərəflər bəyan edirlər ki, barışıq müqaviləsinin bağlanması nəticəsində məhkəmə mübahisə üzrə işin icraatına AR MPM-nin 261.0.5-ci maddənin tələblərinə görə xitam verilməsi onlara izah edilmişdir. Hazırkı barışıq müqaviləsi məhkəmə tərəfindən qərardadla təstiq olunur.” İddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5888/2021 nömrəli arayışından görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5888/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5888/2021 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü tələbinə dair” iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)- 5888/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə, barışıq sazişi təsdiq edilmişdir. Sözügedən qərardad xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qərardadın icraya yönəldilməsini xahiş etmişdir. Qərardad icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə icraya yönəldilmiş, Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamışdır. Məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2023-cü il tarixli, **********68 nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 28 İddiaçı adına ½ hissədə, X2 adına ½ hissədə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********14 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(004) 5888/2021 saylı icra vərəqəsinin icrasına dair Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-271752/242123 saylı və xx.xx.2021-ci il tarixli, 17/72 271752/2429095 saylı məktubları İdarəyə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayor Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 saylı icra vərəqəsi ilə iddiaç X4 ilə cavabdeh İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiqlənməsi qət edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-c maddəsində iş üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tərəflər arasında barışıq sazişinin bağlanması qeyd olunmuşdur. Belə ki, 261.0.5-ci maddəyə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən, mülki işlər üzrə mübahisələrdə tərəflər barışıq sazişi bağlamaqla icra ilə bağlı yalnız öz üzərlərinə öhdəlik götürürlər və üçüncü şəxslərə münasibətdə (o cümlədən səlahiyyətli dövlət orqanları) icra ilə bağlı hər hansı öhdəliyin icrası nəzərdə tutulmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191 -ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Göründüyü kimi, qeyd olunan maddələrin də məzmunundan aydın olur ki, icraata xitam verilməsi haqqında qərardad və barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 28 nömrəli ev X2 və İddiaçı birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olmaqla həmin evə dair mülkiyyət hüququ hər birinə ½ hissə olmaqla xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X4 və İddiaçı arasında nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş, ər-arvad arasında “əmlak bölgüsü” tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair iş üzrə barışıq sazişi təsdiq edilmiş və barışıq saizişinin şərtlərinə əsasən birgə nikah dövründə əldə edilmiş bərabər paylarla onlara məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, 48C saylı evin, 3 otaqlı,89,0 kv.m ümumi sahəli, 7 saylı mənzilin tam mülkiyyət hüququ iddiaçı X2 adına, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi,84.20 kv.m sahəli 28 saylı yaşayış evin isə tam mülkiyyət hüquqları cavabdeh İddiaçı adına keçmələrinə və həmin əmlaklara dair hüquqların müvafiq dövlət orqanlarında onların adlarına resmiləşdirilməsinə etiraz etmədiklərinə dair razılığa gəlmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5888/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə İddiaçı məhkəmənin qanuni qüvvəsini almış və icraya yönəldilmiş qərardadına əsasən barışıq sazişi ilə razılığa gəlinmiş Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, sahəsi 84.2 kv.m olan 28 saylı yaşayış evinə tam mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsini mübahisələndirir. Cavabdeh barışıq sazişinin mülki işlər üzrə mübahisələrdə tərəflər arasında bağlandığı, sazişlə tərəflər öz üzərilərinə mülki hüquq və öhdəlik götürdükləri, cavabdeh orqanın üzərinə hər hansı vəzifə qoyulmadığı və nəticə etibarı ilə barışıq sazişi dövlət reyestrində qeydiyyata alınma üçün əsas olmadığını qeyd etməklə müracətin təminindən imtina edir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Mülki Məcəllənin 139.1-ci maddəsiə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: -15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. -15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. -15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. -52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. “İcra haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. -3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. -6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları;(...). Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). «İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır.” Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər arasında adı çəkilən “məhkəmə qərarı” dar mənada yalnız qərar formasında qəbul edilmiş məhkəmə aktını deyil, geniş mənada məhkəmə adından qəbul edilmiş aktları, o cümlədən qanuni qüvvəsini almış və icraya yönəldilmiş barışıq sazişinin təsdiq edilməsi barədə olan qərardadı da ehtiva edir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, eləcə də qərardadlar məcburi hüquqi qüvvəyə malikdir, qərardadla öz həllini tapmış hallar Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün, o cümlədən mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən inzibati orqan tərəfindən onun üzərinə bilavasitə vəzifənin qoyulmasından asılı olmayaraq səlahiyyəti çərçivəsində icra olunmalıdır. Hazırkı iş üzrə iddia predmeti olan əmlak mülki məhkəmə icraatında tərəflər arasında əmlak bölgüsünə dair mübahisənin predmeti olmuş və mübahisə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5888/2021 nömrəli qərardadı ilə təsdiq eidlmiş barışıq sazişi ilə öz həllini tapmışdır. Qeyd edilən barışıq sazişi ilə tərəflər (mülkiyyətçilər) Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə tam mülkiyyət hüququnun iddiaçının adına keçməsinə dair razılığa gəlmişlər. Nəticə etibarı ilə məhkəmə qərardadı ilə hazırkı inzibati orqanın iddiaçının sözügedən əmlaka tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq öhdəliyi yaranmışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə dair tam xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, 28 saylı evə dair tam xüsusi mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7324/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7324/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver