Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7325/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil nazirliyinə qarşı “təhsilinin bərpa edilməsi öhdəliyinin cavabdeh Təhsil Nazirliyinə həvalə edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı təhsilinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil nazirliyinə həvalə edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 05.05.1981-ci il təvəllüdlüdür. ünvan 1 ünvanında yerləşən mənzildə pasport qeydiyyatındadır və həmin ünvanda yerləşən mənzildə yaşayır. Bildirir ki, 2002-ci ilin oktyabır ayında ünvan 2 Məktəbinin “Tibb bacısının işi” ixtisası üzrə təhsil alırdı, illik ödəniş məbləği 531000 (beş yüz otuz bir min) manat (köhnə məzənnə ilə) olaraq ödəmişəm. Orta ixtisas müəssisəsinin 1-ci kursunu tam bitirərək, 2-ci kursun birinci semestrində anasının vəziyyəti pis olduğundan, məcbur olaraq təhsilini dondurub. Lakin hazırda təhsilini yenidən bərpa edib müvafiq ixtisas üzıə diplom əldə etmək istəyir. Bu istəyini reallaşdırmaq məqsədi ilə dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Elə ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, orta ixtisas təhsili müəssisələrində tələblərin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli, 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”la tənzimlənir. Bildirir ki, Təhsil nazirliyinə hazırki tələblə bağlı müraciət daxil olmayıb. Ümumiyyətlə, təhsil müəssisəsinə bərpa etmə təhsil müəssisəsinin səlahiyyətindədir, bunun üçün təhsil müəssisəsinin Təhsil nazirliyinə müraciəti olmalı, nazirliyin razılığı ilə tələbə təhsil müəssisəsinə bərpa oluna bilər. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş edir.
II. İddianın növü və mümkünlüyü
4. “İnzibati icraat haqqında” Qanunun 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
5. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar .
7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.01.2017-ci il tarixli, 49 nömrəli əmri ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ından (bundan sonra-Qaydalar): 1.4. Orta ixtisas təhsili müəssisələrində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 4.1. Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdir. 4.2. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin orta ixtisas təhsili müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə orta ixtisas təhsili müəssisəsinin direktorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5 - 1.9-cu və 2.2 - 2.4-cü bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasa bərpa olunmaq istəyən tələbə ərizə ilə orta ixtisas təhsili müəssisəsinə müraciət edir. Bərpa barədə ərizəyə tələbənin təhsilini başa vurmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış (və ya akademik transkript), orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd və əvvəlki təhsili haqqında sənədin əsli (əgər xaric edildiyi orta ixtisas təhsili müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
8. İddia ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçı 2002-ci ildə ünvan 2 Məktəbinin “Tibb bacısının işi” ixtisası üzrə təhsil alıb, 1-ci kursu bitirdikdən sonra 2-ci kursun birinci semestrində təhsilini dondurub. Məhkəmə qeyd edir ki, Qaydalara əsasən müəyyən olunur ki, orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin orta ixtisas təhsili müəssisəsinə öz ixtisası üzrə bərpası (xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində) orta ixtisas təhsili müəssisəsinin direktorunun əmri ilə həyata keçirildiyindən Azərbaycan Respublikasının Təhsil nazirliyi hazırda iddiaya cavab verməli şəxs deyil, eləcə də hazırki tələblə bağlı cavabdeh qurumun imtinası iş materiallarına əlavə edilməmişdir. İddianın mümkünlüyü məsələsini iddiaçı ilə bilavasitə müzakirə etmək üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva