Məhkəmə qərarları › İş №2-1(112)-7326/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7326/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7326/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən verilmiş 30 avqust 1989-cu il tarixli, 9/333 saylı qərarı əsasında 100 saylı BTKnın nəzdində onun istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha bağ sahəsinə dair hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı xx.xx.1989cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi İddiaçı verilmişdir. Həmin bağ sahəsi 33 ildir ki, iddiaçının istifadəsindədir. Torpaq sahəsi ona verilən vaxtdan bugünə kimi mübahisəsiz olaraq iddiaçı tərəfindən istifadə edilir. Bağ sahəsi iddiaçıya verilsə də, bağ sahəsinə dair order İddiaçı təqdim edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh təşkilata rəsmi müraciət edilsə də, verilmiş cavab məktublarında Bakı şəhəri İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli, 9/333 saylı qərarı əsasında 100 saylı BTK-nın üzvlərinin siyahısında iddiaçının adının olduğu göstərildiyi, lakin bağ sahəsinin nömrəsinin və sahəsinin qeyd edilmədiyi bildirilmişdir. Bununla da iddiaçının istifadəsində olan 0.12 ha bağ sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi imkanları mümkünsüz olmuşdur. Belə ki, sözügedən bağ sahəsinə dair cavabdeh təşkilat tərəfindən hüquqmüəyyənedici sənədlərin olmadığının bildirilməsi, iddiaçının müraciətinə imtina kimi qiymətləndirir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır.

3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1979 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair iddiaçının müraciətinə cavabdeh tərəfindən 13 yanvar 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989-cu il tarixli qərarı Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Eyni zamanında bildirilir ki, 100 nömrəli BTK nəzdində İddiaçı adına Ləhiş qəsəbəsində 1979 nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir.

4. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1978 nömrəli bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair iddiaçının müraciətinə cavabdeh tərəfindən 04 mart 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında İddiaçı adına 1978 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini “Bakı şəhər İcraiyyə Komitəsinin 9/333 saylı 30 avqust 1989-cu il tarixli qərarı Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli BTK–nın nəzdində İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 1978 saylı bağ sahəsinə olan hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən bağ sahəsinin verilməsi haqqında Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 9/333 nömrəli qərarın arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bu barədə İddiaçı **********98 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, “müvafiq daşınmaz əmlaka idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçının nümayəndəsi tərəfindən şərti olaraq göstərilən 1200,0 kv.m sahə ümumi sahəsi 12750,0 kv.m olan hasar daxilində yerləşir. Bağ sahələrinin sxematik xəritəsinə əsasən göstərilən torpaq sahəsinin bir hissəsi 1978, bir hissəsi isə 1977 saylı bağın ərazisinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan Azərbaycan Respublikasının İPM-nin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əsasən bildirilmişdir ki, 100 nömrəli BTK nəzdində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1977, 1978 və 1979 saylı bağ sahələrinə dair sənəd, eləcə də, həmin bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, 100 nömrəli bağ tikinti kooprativi üzvlərinin siyahısında İddiaçı adı qarşısında göstərilən C İİ-546 qeydi vətəndaşın bağ növbəsinə götürüldüyünü göstərən sıra nömrəsi olduğu ehtimal edilir. Həmçinin bildirilir ki, vətəndaşa yazılmış **********98 nömrəli məktubun müayinə aktı sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxiv əsaslarına əlavə olunmayıb.

9. Cavabdeh orqan tərəfindən təqdim olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooprativi nəzdində olan bağ sahələrinin yerləşmə sxemindən görünür ki, 1978 nömrəli bağ sahəsi 100 nömrəli bağ tikinti kooperativi nəzdindədir.

10. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 100 nömrəli bağ tikinti kooprativinin üzvlərinin siyahısında İddiaçı adı var. Arxivdə ərizəçinin adına hüquqmüəyyənedici sənəd (order) aşkar edilmədi. Təqdim edilən sənədlərdə bağın nömrəsi qeyd edilməyib. Koordinatlarla göstərilən ərazi sxematik xəritəyə əsasən böyük bir hissəsi 1978, az bir hissəsi isə 1977 bağ sahəsinin ərazisinə düşür. Ərazi ümumi hasar daxilindəki sahənin bir hissəsidir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

17. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

22. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

23. X4 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

24. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

26. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

27. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, Ləhiş bağ massivindəki 1978 nömrəli bağ məhz 100 nömrəli BTK-nın nəzdindədir və 100 nömrəli BTK-nın üzvlərinin siyahısında İddiaçı adı var.

28. İddiaçı özünə aid torpaq sahəsinə sahiblik edir və torpaq onun istifadəsindədir.

29. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Ləhiş bağ massivi, 1977, 1978 və 1979 saylı bağ sahələrinə dair sənəd, eləcə də həmin bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur.

30. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla İddiaçı Ləhiş bağ massivindəki 100 nömrəli BTK-nın nəzdindəki məhz 1978 nömrəli bağ sahəsinə hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 100 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1978 saylı bağa dair İddiaçı hüquqlarının qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar