Məhkəmə qərarları › İş №2-1(112)-7328/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7328/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7328/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ““müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 1992-ci il may ayından 1994-cü il atəşkəs rejiminə kimi döyüşlərdə iştirak etmək faktı müəyyən edilməklə müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaranmış Ermənistan Respublikası ilə məlum müharibələrlə əlaqədar 1992-ci ilin may ayında səfərbərliklə bağlı Naxçıvan Muxtar Respublikasının Şərur rayon hərbi komissarlığına müraciət etmiş və 1992-ci ilin may ayından könüllü olaraq hərbi xidmətə yollanaraq ölkənin ərazi bütövlüyü uğrunda Sədərək kəndində döyüşlərdə iştirak etmişdir. Bu barədə müvafiq olaraq onun hərbi biletində qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı vəsiqəsi almaq üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi onun hərbi hissədə xidmətinin atəşkəsdən sonrakı dövrə təsadüf etdiyini əsas göstərərək müharibə veteranı statusu verməkdən imtina etmişdir. Halbuki hərbi biletində olan möhürdən və müvafiq qeyddən, arayışdan da görünür ki, iddiaçı həqiqətən döyüşlərdə iştirak etmişdir. Bu faktı onun döyüş yoldaşları və hazırda müharibə veteranı statusu daşıyan X6, X7 və X10 da təsdiq edə bilər. Odur ki, hazırda 1992-ci il may ayından 1994-cü il atəşkəs rejiminə kimi döyüşlərdə iştirak etmək faktının müəyyən edilməklə müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaçı müraciəti ilə əlaqədar Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsi tərəfindən Sədərək Rayon İcra Hakimiyyətinə və Sədərək Rayon Polis Şöbəsinə sorğular edilmiş və nəticədə Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəxsin iştirakı ilə bağlı hər hansı məlumatın olmadığı bildirilmişdir. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bildirilir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hesab edilir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-70-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun məzmunda izahat verərək, təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, döyüşlərdə könüllü iştirak etmiş, hər hansı hərbi hissəyə təyin edilməmişdir və döyüş əməliyyatlarında ərazi polislərinin silahı ilə silahlanmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh həmin müraciətə uyğun inzibati icraat aparmaqla mahiyyəti üzrə cavab verərək, onun arzuladığı inzibati aktın qəbul edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmiş, aidiyyət qaydalarına uyğun təqdim edilmiş, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2018-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindəki məlumatlardan görünür ki, İddiaçı xx.xx.1972-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş və təqdim etdiyi sənədlərin aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələriun verilməsi komissiyası”na göndərilməsinin mümkün olmadığı bildirilmişdir. -iddiaçıya məxsus НЗ ******* nömrəli, xx.xx.1990-cı il tarixli hərbi biletin surətindən görünür ki, sənədin 7-ci səhifəsinin 18-ci bəndində (döyüş əməliyyatlarında iştirak və s.) “1992-ci il may döyüşlərində könüllü dəstədə döyüşmüşdür” qeydi aparılmışdır. -Sədərək Rayon Polis şöbəsi tərəfindən iddiaçıya verilmiş arayışın (arayışın verildiyi tarix görünmür) notarial qaydada təsdiq edilmiş surətində bildirilmişdir ki, İddiaçı 1992-ci ilin may ayının 2-dən bu günə kimi ermənilərin Sədərək kəndinə hücumu zamanı könüllü dəstənin tərkibində mərdliklə vuruşmuşdur. O, dəfələrlə yoldaşlarını çətin vəziyyətdən qurtarmış və öz qəhrəmanlığı ilə nümunə olmuşdur. -Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2000-ci il tarixli arayışdan qeyd edilmişdir ki,” İddiaçı həqiqətən Azərbaycan Respbulikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1992-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. -Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda 1988-1994-ci illərdə Sədərək rayonunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barəsində Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra- Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Normaların məzmunundan aydın olur ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun qanuni əsaslarla hərbi xidmətə qəbul edilməsi və tərxis olunmasını sübut etməlidir. Çünki “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün—hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün—hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün— hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün— hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İddiaçı ona istinad edir ki, iş materiallarında olan xx.xx.1990-cı il tarixli hərbi biletinin 18-ci bəndində aparılmış qeydlərlə, həmçinin Sədərək rayon Polis şöbəsi tərəfindən verilmiş arayışla onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiqlənir. Qeyd olunur ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən iddiaçının tələbinin əsaslarından biri kimi çıxış edən hərbi biletindəki qeydlər onun hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sayılır. Hazırkı halda isə istər inzibati icraatda, istərsə də məhkəmə icraatında həmin qeydlərə uyğun xidməti təsdiqləyən, o cümlədən hərbi hissə üzrə təminata götürülmə və hərbi xidmətdən tərxis olunma barədə nizami hissə üzrə əmrlər və ya arxiv arayışları təqdim edilməmişdir. Həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda 1988-1994-ci illərdə Sədərək rayonunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barəsində Sədərək rayon Polis şöbəsində, Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində hər hansı sənəd aşkar olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi, rayon polis şöbəsi tərəfindən verilmiş arayışda onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. Nəzərə alınmalıdır ki, qanunverici şəxsin döyüş tapşırığının yerinə yetirilməsi üçün istənilən hərbi hissədə və ya orqanda yox, məhz döyüş əməliyyatları aparan hərbi hissələrdə və ya orqanlarda xidmət etməsi şərtini qoyur. Hazırkı işdə isə iddiaçıya verilmiş arayışda onun hansı hərbi hissədə və ya orqanda xidmət etdiyi göstərilmədiyindən bu şərtin ödənildiyi təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” AR Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar