Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7329/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1961-ci il təvəllüdlür. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur (2 il, 1 ay, 18 gün); ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 9.08.1978-xx.xx.1980-ci illərdə M.Hacıyev adına üzümçülük sovxozunda fəhlə işləmişdir (1 il, 9 ay, 1 gün); xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adıana Gəmi təmiri zavodunda mexaniki sexdə fəhlə işləmişdir (2 ay 5 gün); xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin zavodda mexaniki sexin gəmi təmiri çilingəri vəzifəsində işləmişdir (8 ay 25 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü il tarixədək həmi zavodda gəmi təmiri çilingəri vəzifəsində işləmişdir (8 il 5 ay 26 gün); xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Aleksey Senyaqin” Tərsanəsində ikinci klas motorçu işləmişdir (3 il, 4 ay, 7 gün); xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Gəmi təmiri zavodunda gəmi təmiri çilingəri vəzifəsində işləmişdir (1 il 11 gün); xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" Gəmi Təmiri Müəssisəsində dizel üzrə çilingər vəzifəsində işləmişdir (4 il 2 ay 25 gün); xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Xəzər-M Firmasında dizel üzrə çilingər vəzifəsində işləmişdir (3 il, 7 ay, 1 gün); xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də dizel üzrə çilingər vəzifəisində işləmişdir (xx.xx.2006-cı il tarixədək 3 ay 1 gün, cəmi 25 il 9 ay); xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-də çilingər-dizelçi vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" QSC-də çilingər-dizelçi vəzifəsində işləmişdir xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək mexaniki sahə üzrə mühəndis texnoloq vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də mühəndis texnoloq işləmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" QSC-də çilingər dizelçi vəzifəsində işləmişdir. İddiaçı 7 yanvar 2025-ci il tarixdə (sonuncu müraciət) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 10 yanvar 2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 152 nömrəli arayışında xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2021xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər ərzində çilingər-dizelçi, xx.xx.2014-xx.xx.2017ci il tarixləri arasındakı dövr ərzində mühəndis texnoloq vəzifələrində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi, işlədiyiniz çilingər-dizelçi və mühəndis texnoloq vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 9 ay 2 gün (xx.xx.1983xx.xx.1993-cü il və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- M-4180/2025 saylı imtina məktubunun əsassız hesab edilməsi və ona 57 yaşı tamam olan gündən, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın təyin edilməsi və həmin tarixdən pensiyanın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, inzibati orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuz olduğuna görə xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-4180/2025 saylı cavab məktubunun əsassız hesab edilməsi və inzibati orqana ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün ilk dəfə 2019-cu ilin may ayında müraciət etdiyini nəzərə alaraq onun üzərinə ona 57 yaşı tamam olan gündən, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2 nömrəli əlavəsinə uygun formada güzəştli iş stajı barədə arayışın verilməsi hüququ işəgötürənə həvalə edilmişdir. Ona görə də, işlədiyi “Bibiheybət” Gəmi Təmiri zavodu tərəfindən verilmiş arayışda xx.xx.2006-cı il tarixinə kimi 25 ildən cox ümumi iş stajı və 19 ildən artıq güzəştli iş stajım olmasına baxmayaraq güzəştli iş stajını 10 il 9 ay 02 gün hesablayırlar. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək X3 QSC-nin Bibiheybət gəmi təmiri zavodu”nda; "xxxx" QSC-də işlədiyi 05.2009xx.xx.2014 və xx.xx.2021-və xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 1. 57 yaşına çatmış olsun; 2. həmin şəxsin xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; 3. Bu müddətin azı 12 il 6 ayını istehsalatların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əksini tapmış işlərdə işləmiş olsun. İş üzrə icraat materiallarında olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair xx.xx.2022-ci il tarixli arayışında İddiaçı güzəştli iş stajı 10 il 9 ay 3 gün, daha sonradan əldə etdiyi və məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli arayışında İddiaçı güzəştli iş stajı 13 il 6 ay 10 gün göstərilmişdir. Həmçinin iş üzrə icraat materiallarında olan X3 QSC-nin “Bibiheybət gəmi təmiri zavodu”nun xx.xx.2022-ci il tarixi arxiv arayışında İddiaçı xx.xx.1993-cü il tarixdə klas motorçu keçirildiyi qeyd olunsa da, sonrakı qeydlərdə gəmi təmiriçi çilingəri vəzifəsinə qaytarıldığı qeydi mövcud olmamış, lakin məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixi arxiv arayışında İddiaçı xx.xx.1993-cü il tarixdə mexaniki sexin 4-cü dərəcəli gəmi təmirçi çilingər peşəsinə geri qaytarıldığı qeydi əlavə olunmuşdur. Göründüyü kimi müəssisə tərəfindən təqdim edilmiş arayışlarda ziddiyyətlər mövcuddur. Hansı ki, iddiaçının inzibati orqana və məhkəməyə təqdim etdiyi arayışlarda onun güzəştli stajı və işlədiyi peşələrə dair əmrlərdəki aşkar uyğunsuzluqlar haqlı olaraq inzibati orqanın pensiya təyinatından imtinaya əsas verən hallardandır. İddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajı daxil olmaqla 25 il ümumi iş stajını toplamasa da, xx.xx.2017-ci il tarixədək bu stajı toplaması, aşağıdakı şərtlər də ödənildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, 3 şərtin ödənilməsi tələb olunur: 1. xx.xx.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2. Həmin tarixədək azı 25 il ümumi; 3. Azı 12 il 6 ay xüsusi iş stajına malik olması. İş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur.Yəni İddiaçı 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlili onu göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçıya təqdim edilmiş iş üzrə icraat materiallarında olan "xxxx" qapalı səhmdar cəmiyyətinin xx.xx.2024-cü il tarixli arayışında İddiaçı xx.xx.2009-xx.xx.2014 və xx.xx.2021- xx.xx.2024-cü illərdə güzəştli iş stajının 8 il 9 ay 7 gün təşkil etdiyi göstərilmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) müvafiq olaraq fəhlələr yarımbəndində (a) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifəsi, mütəxəssislər yarımbəndində isə (b) atom sualtı qayıqlarının bölmədaxili işləri ilə məşğul olan sazlama və sınaqlar üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı E.X2 təqdim etdiyi "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 152 nömrəli arayışında xx.xx.2009-xx.xx.2014-cü il və xx.xx.2021-xx.xx.2024 tarixləri arasındakı dövrlər ərzində çilingər-dizelçi, xx.xx.2014xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində mühəndis texnoloq vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi çilingər-dizelçi və mühəndis texnoloq vəzifələri sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Tərəflərin iştirakı və izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur (25 il 9 ay). Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi işin xarakteri qeyd edilmişdir. Belə ki, “Azərbaycan X3” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2025-ci il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışında qeyd edilmişdir ki, İddiaçı “Bibiheybət” Gəmi təmiri zavodunda mexaniki sexi gəmi təmiri təmiri çilingəri vəzifədə xx.xx.1983-cü il əmr № 84 xx.xx.1993-cü il əmr № 17, xx.xx.1993cü il əmr № 86, xx.xx.1997-ci il əmr № 124 tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il 6 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmi mexanizmlərinin və qurğularının quruluşu və istismar qaydaları onların təmiri gəmi mexanizmlərinin sökülməsi və çənlərin gəmi bölmələrinin daxilində avadanlıqlarının təmiri üzrə gəmi təmirçi çilingərləri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11. Bəndində/11.6 (yarımbəndində) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin “Azərbaycan X3” Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2014-cü il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsi Peşə təlimatında Gəmi təmiri çilingəri peşəsinin xüsusiyyətləri qeyd edilmişdir. Belə ki, Hissə və məmulatların 6-7-ci (1-2-ci dərəcə) keyfiyyət dəqiqliyi üzrə çilingər emalı, silindrin diametri 300 mm-ə qədər olan dizellərin, 255kBt-dan (300 a.g-dən) yuxarı gücə malik buxar maşınlarının, valın diametri 100-dən çox olmaqla 250 mm-ə qədər olan valötürücülərin podşipniklərin, pər vintlərinin, mərkəzə uyğunlaşdırılma zamanı 0,10 mm, sınma zamanı 0,15 mm/m yolverilən xətaları olan, istənilən üsulla (optikdən başqa) mərkəzləşdirilən mexanizm, aqreqat, dizellərin hissələrə ayrılması, qüsurların müəyyənləşdirilməsi, təmiri, yığılması, quraşdırılması zamanı çilingər əməliyyatarının yerinə yetirilməsi. Əsas qazanların quraşdırılması, təmiri, təftişi hidravlik sınaqları. Pnevmatik və elektrik maşınlarının, səyyar dəzgahların, şaberin köməyi ilə özüllərin dayaq səthlərinin, pazların və s. 0.05 mm-ə qədər dəqiqliklə emal. Xüsusi sistem və boru kəmərləri istisna olmaqla 10.0-dan çox olmaqla 30.0 Mpa-ya (100-dən çox olmaqla 300 kqq/sm2-ə) qədər təzyiqlə gəmidə armatur, boru kəmərləri və istənilən diametrli sistemlərin qüsurlarının müəyyənləşdirilməsi, təmiri, yığılması, quraşdırılması və hidravlik sınaqları. Kompressorların və silindrinin diametri 200 mm-dən yuxarı olan soyuducu qurğuların avadanlığının sınaqdan keçirilməsi, nizamlanması və işdə təhvil verilməsi. Dizel, qazan qurğularının və onlara xidmət edən mexanizmlərin, sükan maşınlarının, qurğuların yanalma və hərəkət sınaqları zamanı işə salınması və onlara xidmət edilməsi. Bilməlidir: Əsas gəmi güz qurğularının (buxar maşınları, gəmi dizelləri, turbinləri) buxar qazlarının təyinatı, quruluşu və iş prinsipini; valötürücülərinin düzəldilməsi və mərkəzə uyğunlaşdırılması texnologiyasını; hissələrin dinamik və statik tarazlanması üsullarını; valötürücülərin, mexanizmlərin quraşdırılması və mərkəzə uyğunlaşdırılmasındakı qüsurlar, onların aradan qaldırılması üsullarını; gəmi dizellərinin revers qurğularının quruluşunu; gəmi dizellərinin nizamlanmasının xüsusiyyətlərini; ölçülərin çıxarılması və formulyarların doldurulması qaydalarını; soyuducu qurğuların kompressorlarının quruluşu, əsas gəmi güc qurğularının avtomatik nizamlanmasının iş prinsipi və quruluşunu; xüsusi mürəkkəblikli çertyojların oxunması qaydaları. Cavabdeh iddiaçının güzəştli stajını mübahisələndirərkən qeyd etmişdir ki, icraat materiallarında olan X3 QSC-nin “Bibiheybət gəmi təmiri zavodu”nun xx.xx.2022-ci il tarixi arxiv arayışında İddiaçı xx.xx.1993-cü il tarixdə klas motorçu keçirildiyi qeyd olunsa da, sonrakı qeydlərdə gəmi təmiriçi çilingəri vəzifəsinə qaytarıldığı qeydi mövcud olmamış, lakin məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixi arxiv arayışında İddiaçı xx.xx.1993cü il tarixdə mexaniki sexin 4-cü dərəcəli gəmi təmirçi çilingər peşəsinə geri qaytarıldığı qeydi əlavə olunmuşdur. Göründüyü kimi müəssisə tərəfindən təqdim edilmiş arayışlarda ziddiyyətlər mövcuddur. Məhkəmə tərəfindən bu halın araşdırılması ilə bağlı “Azərbaycan X3” QSC-yə soröular verilmiş və sorğuya gələn xx.xx.2025-ci il tarixli cavab məktubuna müvafiq əmrlər əlavə edilmişdir. Həmin əmrlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1993-cü il tarixdə mexaniki sexin 4cü dərəcəli gəmi təmirçi çilingər peşəsinə geri qaytarılması barədə əmrlər mövxuddur (§10). Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2041/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-90/2024 nömrəli, 2-1(102)- 1844/2023 nömrəli, 2-1(102)-945/2023 nömrəli, 2-1(102)- 954/2023 nömrəli və 2-1(102)- 1551/2023 nömrəli qərarları). Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Məhkəmə pensiyanın təyin edilmə və ödənilmə tarixi ilə bağlı qeyd edir ki, Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaranıb. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu müraciəti 7.01.2025-ci il tarixdə olmuşdur. İddiaçı cavabdehin əvvəlki imtinalarını mübahisələndirlmədiyindən Qanunun 32.1-1ci maddəsinin tələbinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya sonuncu nüraciət tarixindən əvvəlki üç il üzrə pensiya ödənişləri ödənilməlidir. Pensiya məbləğinin sonuncu müraciət tarixindən hesablanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-584/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarda hüquqi qiymət verilmişdir.. Belə ki, həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə-(2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (bənd 48-49). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 25 noyabr 2018-ci il tarixindən, 57 yaşdan “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən (7.01.2025-ci il) əvvəlki üç il üçün (7.01.2022-ci il) ödənilməmiş pensiya məbləğinin aylıq pensiya ödənişlərinə əlavə edilməklə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7329/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7329/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver