Məhkəmə qərarları › İş №2-1(112)-733/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-733/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-733/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1965,0 kv. metr torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-11152- 8/2023 **********35 saylı məktubu ilə ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə cavab olaraq elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi faktiki mövcud olmadığından eyni zamanda baş planda istinad məsələsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmadığı əsas göstərilməklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə istinad edilərək hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehin qeyd edilmiş məktubu ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslar və maddi hüquq normaların tələbləri əsas götürülməklə ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. İddia ərizəsinə əlavə edilmiş Abşeron rayon Tİ və MHQ-tı idarəsi tərəfindən 1998-ci il tarixdə ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə və evə dair tərtib edilmiş teniki pasportdan görünür ki, 1965,0 kv. m torpaq sahəsi və 28,0 kv. m sahəli fərdi yaşayış evi xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X8 məxsus olmuş, Abşeron rayon Tİ və MHQ-tı idarəsi tərəfindən verilmiş xx.xx.1988- ci il tarixli, 155 reyestr nömrəli qeydiyyat vəsiqəsindən məlum olur ki, həmin torpaq sahəsində yerləşən sahəsi 28,0 kv. metr olan fərdi yaşayış evinə dair atası X7 mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. 2012-ci ildə onlara məlum olmuşdur ki, onlara məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, döngə 21 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 saylı 28,0 kv. m. sahəli ev, o cümlədən bağ qonşuları X5 məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 saylı ev X3 tərəfindən saxta sənəd əldə edilməklə zəbt edilərək, mənimsənilmiş və o vaxtdan da onlara məxsus həmin əmlakdan istifadə və sahiblik hüquqları sonuncu tərəfindən məhdudlaşdırılmışdir. Faktla bağlı X3 ilə aralarında məhkəmə mübahisələri mövcud olmuş, nəticədə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-1408/2013 saylı qərarı ilə iddiaçılar İddiaçı və X4 Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı xx.xx.2012-ci il tarixli, 209 saylı sərəncamın ləğv edilməsinə dair tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 209 saylı sərəncamı onlara məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, döngə 21 ünvanda yerləşən 1 saylı və X5 məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, döngə 21 ünvanda yerləşən 2 saylı yaşayış evlərin həyətyanı sahələrdə (texniki pasportda uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İstinad edilmiş qərardan üçüncü şəxs X1 verdiyi apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-inz(103)-50/2014 saylı və AR Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(102)- 500/2014 saylı qərarları ilə təmin edilməmiş, mübahisə ilə bağlı çıxarılmış birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2in(82)- 2084/2014 saylı qərarı ilə iddiaçılar İddiaçı və X4 DƏDRX-nin Bakı ərazi İdarəsinə, üçüncü şəxslər "xxxx" MMC və X2 qarşı qaldırdıqları iddia təmin edilərək "xxxx" MMC- yə məxsus Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qələbə küçəsində yerləşən 2.53672 ha torpaq sahəsinə dair DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən DƏDR-də 424 saylı reyestr kitabının 40164 nömrəli vərəqində aparılmış qeydiyyat və RX seriyalı ******* saylı çıxarış atası X7 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 1 saylı və X5 məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, döngə 21 ünvanda yerləşən 2 saylı yaşayış evlərin həyətyanı sahələrlə (texniki pasportda uyğun ölçüdə) birlikdə yerləşdiyi ərazi hissəsində ləğv edilmişdir. İstinad edilmiş qərardan üçüncü şəxs X1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-inz(103)-230/2015 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaya əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-7324/2015 saylı qətnaməsi ilə göründüyü kimi İddiaçı Məcid oğlunun və X4 cavabdehlər X2 və reyestr xidməti idarəsinə qarşı qaldırdıqları alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi,qeydiyyatın və çıxarışın ləğv edilməsinə dair tələblərin qismən təmin edilməsi, "xxxx"MMC ilə X1 aralarında bağlanmış xx.xx.2013-cü il tarixli AN-1 ******* nömrəli alqı satqı müqaviləsinin onlara aid hissədə (Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, 21-ci döngədə yerləşən 1 otaqlı, 32,8 kv.m yaşayış sahəsindən ibarət 1 saylı yaşayış evinin və Bakı şəhər i, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, 21-ci döngədə yerləşən 1 otaqlı 2 5.,2 kv.m sahəli 2 saylı fərdi yaşayış evi texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə) etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın reyestrində 424 nömrəli kitabın 40164 nömrəli vərəqəsində aparılmış qeydiyyat ona və digər iddiaçıya münasibətdə ləğv edilmiş, həmin qeydiyyat əsasında da X1 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış ona və digər iddiaçıya münasibətdə ləğv edilmiş,bu barədə müvafiq dəyişikliklərin aparılması daşınmaz əmlakın reyestr xidmətinə həvalə edilmişdir. İstinad edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Daşınmaz əmlakın Dövlət reyestr xidmətinə göndərilərək icra edilmişdir. Bununla əlaqədar müraciətinə cavab olaraq verilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 9 saylı Dövlət notariat kontorun sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli,**********66 saylı məktubundan ona məlum olmuşdur ki, reyestr xidməti idarəsi qətnamə əsasında verilmiş icra sənədini icra edərkən adına yalnız Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, 21ci döngə, 1 saylı fərdi yaşayış evinin dövlət reyestrində 190054 nömrə ilə reyestr kitabında qeydə alınması göstərilmiş, lakin icra sənədində həmin evin texniki pasporta uyğun ölçüdə həyətyanı sahələrlə birlikdə adına rəsmiləşdirilməsinə dair hissəsini icra etməmişdir. Bununla əlaqədar cavabdehə etdiyi müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-11152-8/2023 **********35 saylı məktubla bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi faktiki mövcud olmadığından eyni zamanda baş planda istinad məsələsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmadığı əsas göstərilməklə texniki pasporta əks edilmiş torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasindan imtina etmişdir. Baxmayaraq ki, cavabdehə təqdim edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı xx.xx.2012-ci il tarixli, 209 saylı sərəncamı ilə onlara (o cümlədən X5) məxsus torpaq sahəsi də daxil olmaqla X1 və qeyrilərinin sahibliyinə verilərkən həmin torpaq sahəsində mülkiyyətlərində olan ev mövcud olmuş, torpaq sahəsi qeyri-qanuni olaraq həmin şəxslərin sahibliyində olduğu müddətdə evləri sökülərək dağıdılmış, уerində çimərliyə gələn avtomaşınlar üçün dayanacaq üçün meydança yaradılmışdır, bu günədək də onlara məxsus torpaq sahəsindən həmin qaydada qanunsuz istifadə olunur. Bu səbəbdən də cavabdehdən ona məxsus Bakı şəhəri, Şabunçu rayonu, Bilgəh qəs., A.Salamzadə küçəsi, 21-ci döngə, 1 saylı fərdi yaşayış evinə dair уox, həmin evin texniki pasportunda göstərilmiş torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi faktiki mövcud olmadığından eyni zamanda baş planda istinad məsafəsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********57 №-li cavab məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Abşeron rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən iyul 1998-ci ildə İddiaçı adına tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan (surəti) müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 259 inventar nömrəsi və 19054 qeydiyyat nömrəsi ilə qeydə alınmış 32,8 kv. metrdən ibarət İddiaçı məxsus 1 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,1880 ha təşkil edir. - İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən tikili qeydiyyat vəsiqəsinə əsasən 32,8 kv. metr təşkil etmiş, faktiki vəziyyətinə görə isə sökülmüşdür, ümumi torpaq sahəsi texniki pasporta əsasən 0,1880 ha, faktiki isə 0,1898 ha (0,0018 ha artıqdır) təşkil edir. Torpaq sahəsinin sərhədlərinin 1 tərəfi daş hasar, 3 tərəfi şərtidir. Yaşayış evi sökülmüşdür. DƏDKR 1 saylı ünvan 7 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 №-li məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngə, 1 saylı fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsinə dair reyestr kitabında 19054 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********35 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən fərdi yaşayış evi faktiki mövcud olmadığından eyni zamanda baş planda istinad məsafəsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.” TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 5.1. bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. ... Maddə 10.2.1. qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

MƏHKƏMƏNİN MÖVQEYİ

Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. İddia tələbi ilə bağlı ilk öncə qeyd olunmalıdır ki, yuxarıda sadalan müddəaların tələblərindən də göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olma hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2001-ci il 1 yanvaradək tərtib olunmuş texniki pasportların da nəzərdə tutulması ilə bağlı əsas dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin Siyahıda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Siyahıda digər şərtlər də nəzərə alınmaqla daşınmaz əmlaka dair texniki pasportların hamısı deyil, yalnız şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar və üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit olunmuşdur. Belə ki, Siyahının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Normanın məzmunundan görünür ki, texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsasında o torpaq sahələri üzərində hüquqlar qeydə alına bilər ki: 1) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin yerləşdiyi torpaq sahəsi olsun; 2) həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmiş olsun. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDKR 1 saylı ünvan 7 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 №-li məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 21-ci döngə, 1 saylı fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsinə dair reyestr kitabında 19054 nömrə ilə qeydiyyat aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Abşeron rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən iyul 1998-ci ildə İddiaçı adına tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan (surəti) müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən 259 inventar nömrəsi və 19054 qeydiyyat nömrəsi ilə qeydə alınmış 32,8 kv. metrdən ibarət İddiaçı məxsus 1 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,1880 ha təşkil edir. Bu isə onu sübut edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Abşeron rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən iyul 1998-ci ildə İddiaçı adına tərtib olunmuş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyat alınmasına əsas olan hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilərdi. Lakin, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1146 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Tədqiq olunan torpaq sahəsi texniki pasporta əsasən 0.188 ha olsa da, faktiki olaraq 0.1898 ha təşkil edir (0.0018 ha artıqdır). Torpaq sahəsinin sərhədlərinin bir tərəfi daş hasar, üç tərəfi isə şərtidir. Qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 32.8 kv. m. olan fərdi yaşayış evi faktiki olaraq sökülüb. Faktiki olaraq göstərilən 0.1898 ha torpaq sahəsinin koordinatları tədqiqat hissədə göstərilmişdir. - Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportun baş planında göstərlən fərdi yaşayış evinin faktiki mövcud olmadığından eyni zamanda baş planda istinad məsafəsi göstərilmədiyindən sahənin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsi **********23 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahənin bir hissəsi olduğu müəyyən edilmişdir. Belə ki, ekspert rəyinə əsasən, texniki pasportda miqyas, koordinatlar, hər hansı istinad məsafələri qeyd edilmədiyindən həmin ərazinin hansı sahəyə aid olması, eləcə də iddiaçının faktiki istifadəsində olması müəyyən edilməməklə yanaşı, mübahisəli torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahənin bir hissəsidir.. Məhkəmə ekpert rəyinin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olan ekspert rəyi hər hansı şübhə doğurmadığından, mötəbər dəlil kimi qiymətləndirilmişdir. Belə ki, iş materiallarında olan mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə də müəyyən edilir ki, iddiaçı tələbindən faktiki yerində göstərilməklə iddia olunan torpaq sahəsinin bir hissəsi üçüncü şəxsin adına dövlət qeydiyyatından keçmiş sahə ilə üst-üstə düşür. Bu konteksdə qeyd edilməlidir ki, mülkiyyət hüququna dair qeyd də qüvvədədir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.[3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsi mümkündür ki, həmin qeyd mübahisələndirilmədiyi müddədə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçı ilkin olaraq həmin qeydin edilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsini həyata keçirməmiş, qeydin ləğvinə yönələn hər hansı prosedur keçilmədən birbaşa olaraq başqa şəxsin mülkiyyətində hazırda olan ərazinin onun mülkiyyətinə verilməsinə dair iddia qaldırmışdır ki, cavabdehin həmin qeydin verilməsi üçün əsas olmuş hüquqmüəyyənedici sənədlərin qüvvədə olmasına istinad edərək vermiş olduğu mülkiyyət hüququna dair qeydin qüvvəsini saxlanılmasına istinad edilərək iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh İdarə tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd olunduğundan, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçıdan tutulmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar