Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7331/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərbəst toplaşmaq barədə icazənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin əsaslandırılması təklif edilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbi əsaslandırılmadıgından məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradovanın qəbulunda olmaq üçün dəfələrlə teleqramlar, məktublar, şikayətlər göndərsə də, Komitə sədri onu və ailəsini qəbul edib şikayətlərini dinləməkdən imtina etmişdir. Belə ki, bəzi əsaslı şübhələrə görə hesab edir ki, Bahar Muradova tabeçiliyində xidmət edən şəxsi himayə etdiyindən ona və ailəsinə qarşı qaldırılmış məhkəmə iddiaları ziyanına çıxarılır. Buna görə iddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında ailəsilə birlikdə dinc şəkildə toplantı keçirmək istədiyini və həmin vaxt bütün ictimai qayda və ictimai təhlükəsizliyin pozulmayacağını bildirsə də, cavabdeh heç bir hüquqi əsas gətirmədən sərbəst toplaşmaqlarına icazə verməmişdir. Cavabdeh kifayət qədər əsaslandırmadan onun “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərini pozaraq sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırmışdır. Halbuki, toplantıları ailə üzvlərindən 5-8 nəfərdən ibarət dinc şəkildə olacaqdır. Hesab edir ki, cavabdehin imtinası (hərəkət və hərəkətsizliyi) qanunsuz və əsassız olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İş materiallarından görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti 3-52/2-S-5/2-003/2/2023 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, şikayəti ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılmış, həmin qurumdan daxil olmuş məktubda məsələnin predmetinin qohumlar arasında mülki mübahisə olduğu, komitə ilə əlaqədar olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, 10 fevral 2023-cü il tarixində planlaşdırdığı toplantının keçirilməsinin məqsədəuyğun hesab edilməyərək məsələsinə hüquqi müstəvidə baxılaraq, məhkəmənin yekun qərarının gözləməyini iddiaçıya tövsiyə edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin imtinasının qanunsuz hesab edilməsini və Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısında sərbəst toplaşmaq barədə icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində qeyd edilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İşin yuxarıda sadalanan hallarına görə iddiaçı ona mitinqə icazə verilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bəyan edir. Hazırki iddiaaya münasibətdə cavabdehin müvafiq inzibati aktın qəbul edilməsi iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, cavabdehin imtinasından göründüyü kimi iddiaçının şikayəti ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılmış, həmin qurumdan daxil olmuş məktubda məsələnin predmetinin qohumlar arasında mülki mübahisə olduğu, komitə ilə əlaqədar olmadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 10 fevral 2023-cü il tarixində planlaşdırdığı toplantının keçirilməsi məqsədəuygun hesab edilməmişdir. Bundan əlavə işdə olan məhkəmə aktlarından və iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi qohumlar arasında mülki mübahisə oldugundan iddiaçı Komitənin əməkdaşından şikayətlidir, lakin toplantının keçirilməsində onun hüquqi marağının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Avropa Məhkəməsinin presedent hüququndakı mövqeyinə görə Məhkəmə təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “X1rşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006- Xİİİ)). Nümayiş, onun təbliğ etmək istədiyi ideyalara müxalif olan şəxsləri narahat edə və ya incidə bilər. Bununla belə, iştirakçılar opponentləri tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişini keçirə bilməlidirlər. Əsl, səmərəli dinc toplamaq azadlığı, bu səbəbdən, Dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşa bilməz: bu neqativ konsepsiya Maddə 11-in predmet və məqsədi ilə uyğun olmazdı. 8-ci maddə kimi, maddə 11 bəzən, hətta fərdlər arasındakı münasibətlərlə bağlı sahələrdə belə ehtiyac olduqda pozitiv addımların atılmasını tələb edir (bax, Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 32, Series A no. 139). Fərdlərin 11-ci maddə hüquqlarını məhdudlaşdıran hərəkətlər etdiyi hallarda dövlət orqanları, onların müdafiəsini təmin etmək üçün bu fərdlərin arasındakı münasibətlərə müdaxilə etməli ola bilərlər. Bu, belə maddə 11 hüquqlarını təmin etmək üçün aktiv polis tədbirlərinə ehtiyacı və bu hüquqların həyata keçirilməsinə təsir edən zorakı insidentlərin araşdırılması öhdəliyini əhatə edə bilər (bax,Ouranio Toxo and Others v. Greece, no. 74989/01, § 43, ECHR 2005X (çıxarışlar). Məhkəmənin qənaətinə görə hazırkı iddiaya mahiyyəti üzrə baxılması o vaxt mümkün sayıla bilər ki, məhkəmədə iddia irəli sürülməmişdən əvvəl inzibati orqan tərəfindən onun səlahiyyətli və borclu olduğu məsələlərlə əlaqədar müvafiq şəxslərin məhdudlaşdırılmış və pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa ediləcəyi halda həmin hüquqların gələcəkdə realizə edilməsi və ya həyata keçirilməsi də mümkün olsun. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə sərəncamının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7331/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7331/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver