Məhkəmə qərarları › İş №2-1(112)-7331/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7331/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7331/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin yaşayış evi 0,12 ha torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında istifadəsinə verilmişdir. ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində olan yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Çıxarışa əsasən onun hüquqları qeydiyyata alınaraq sözügedən yaşayış evi xüsusi mülkiyyətinə qanunla verilmişdir. Lakin həmin çıxarışla torpağa dair istifadə hüququ yaranmışdır. Bu isə onun hüquqlarının pozulması deməkdir. Belə ki, o, qeyd olunan torpağa dair tam mülkiyyət hüququ əldə edə bilmir. Bu səbəbdən də qeyd olunan torpağa dair çıxarışın alınması zərurəti yaranmışdır. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi adına bugünədək sənədləşdirilməmişdir. Cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü və yerində yeni yaşayış evinin inşa olunduğu məlum olmuşdur. Odur ki, sökülmüş fərdi yaşayış evinin qeydiyyatının ləğvi ilə bağlı ərizə, yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsinin 242 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa, torpaq sahəsinin təqdim olunan texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan başqa, torpaq sahəsinin planı və ölçüsü sənəd üzrə torpaq sahəsinin ölşüsü 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1231 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 556 saylı sərəncamında qeyd edilmişdir ki, Ramana qəsəbəsi Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,80 kv.m, ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 34,96 kv.m, təsərrüfat otağının sahəsi 18,24 kv.m, açıq eyvan sahəsi 17.01 kv.m olan 1200 kv.m torpaq sahəsində tikilmiş 40 saylı evə İddiaçı adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilsin. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2004cü il tarixli, FM 023273 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 40 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 229149 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, həmin sənəd Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2004-cü il tarixli, FM 023273 nömrəli qeydiyyat vəsiqəsi ilə İddiaçı Ramana qəsəbəsində 40 saylı fərdi yaşayış evi tikintisi üçün 1200 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində məhdudiyyətin olmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); ...

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin hallarından müəyyən olunur ki, İddiaçı istifadəsində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürür. Cavabdehin imtinasının (etirazının) əsasını hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin sökülməsi və yerində yeni yaşayış evinin inşa olunması, torpaq sahəsinin 242 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin təqdim olunan texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqinin mövcud olması, faktiki ölçünün çox olması təşkil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur (iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportu xx.xx.2003-cü il tarixdə tərtib edilmişdir). Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlilin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlil öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar