Məhkəmə qərarları › İş №2-1(112)-7331/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7331/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7331/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2, cavabdeh Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə qarşı “arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 1985- 1988-ci illər aralığında Bakı X9 texnikumunda əyani təhsil almağı ilə bağlı arayış verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1985-1988-ci illər aralığında Bakı Dəmir Yolu Nəqliyyat Texnikomunda əyani təhsil almışdır. Diplomun sürəti ərizəyə əlavə olunur. xx.xx.1964-cü il tarixində Qax rayonun Dəymədağlı kəndində anadan olmuşdur. 60 yaşı 2024-cü ilin sentyabr ayının 12-sində tamamlanmışdır. Hal-hazırda Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin Keşlə Yük stansiyasında qatar tərtibatçısı vəzifəsində çalışır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə əmək pensiyası üçün lazımi olan sənədləri Əmək Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 12 sentyabr 2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi 1985-1988-ci illər aralığında Bakı X9 texnikomunda əyani təhsil almağı ilə bağlı arayış əlavə olunduğu təqdirdə güzəştli şərtlərlə yaşa görə pensiya məbləği artılacağını bildirmişdir. Bu arayışla bağlı Bakı Rabitə Kollecinə müraciət etdi. Arxiv şöbəsi isə ona xx.xx.2024-cü il tarixdə verdiyi arayışla yataqxanada qalmağını təsdiq etmişdir. 1985-1988-ci illər tarixində Bakı Dəmir Yolu Nəqliyyat Texnikomunda əyani təhsil almışdır. Ancaq təqdim olunan arayış isə yataxanada qalmağı ilə bağlıdır. Verilən arayışdan da görünür ki, ciddi qrammatik nöqsanlar var. Peşəkar işçilər tərəfindən tərtib olunmayıb. Təkrar olaraq Bakı Rabitə Kollecinə ərizə ilə müraciət etsə də, rəsmi olaraq məhkəməyə müraciət etdiyi tarixədək cavab məktubu verilməyib. Poçt qəbzi ərizəyə əlavə olunur. 1985-1988-ci illər aralığında Bakı X9 texnikomunda əyani təhsil almağı ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil Agentliyinə müraciət etdi ki, əyani təhsil almağı ilə bağlı arayış verilsin. 12 dekabr 2024-cü il tarixli 3- 29-68/2-M-3256-4/24 saylı cavab məktubundan arayışla bağlı Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə müraciət etməyi tövsiyə edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarxili 140 nömrəli “Orta ixtisas Təhsil Müəssisəslərinin təkmilləşdirilməsi haqqında qərara əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmir Yolu Nəqliyyat Texnikumu birləşdirilmişdir. Bakı Rabitə Kollecinin arayışı əsasında 1985-1988-ci illər ərzində əyani təhsil almağı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzinə müraciət etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzinin 05 noyabr 2024-cü il tarixində 3-17-1/2-M-270803/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 1985-1988-ci illərdə təhsil aldığı müddət əyani olub-olmadığı məlum olmamışdır. Cavab məktubu ərizəyə əlavə olunur. Həmçinin onunla bir qrupda oxuyan X6 hazırda tələb etdiyi arayışı təsdiq edə bilər. O, iddiaçıyla eyni əyani təhsil alıb, bir yerdə təhsili bitirmişlər. X5 şəxsiyyət vəsiqəsi və diplomun surəti ərizəyə əlavə olunur. Eyni vaxtda, eyni qrupda oxuyan qrup yoldaşına arayış verilir, ancaq ona isə bu barədə heç bir cavab verilmir, dolayısı ilə imtina edilir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ hissəsinə görə Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Göründüyü kimi ona münasibətdə fundamental konstitusion prinsiplərdən olan bərabərlik prinsipi tam şəkildə pozulmuşdur. Bununla bağlı cavabdeh Elm və Təhsil Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində pensiya təminatından məhrum olmuşdur.

3. Cavabdeh Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən 1985-ci ildə SSRİ Yollar Nazirliyinin “Bakı Dəmiryol Nəqliyyatı” texnikumuna qəbul olmuş, 1988-ci ildə həmin texnikumun “Dəmir yollarının istismarı” ixtisasını bitirmişdir. Bakı Dəmiryol Nəqliyyatı texnikumunun əmrlər kitabı kollecdə mövcud olmadığından onun əyani oxumağı barədə məlumat tapılmadı, yalniz texnikumun yataqxanasında qeydiyatda olmağını göstərən FORMA A sənədində 1986-1988-ci illərdə rast gəlinir. Ona MT-İ №269170-li diplom verilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” Qərarına əsasən Bakı Rabitə Kolleci və Bakı X9 Texnikumu birləşdirilərək onların bazasında Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır. Bu səbəbdən, ərizənizdə qeyd olunan məsələ ilə bağlı Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.”

5. Cavabdeh Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin iddiaya münasibəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü il oktyabr ayında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə müraciət etmişdir. Onun müraciətinə əsasən tələb olunan sənəd aşkar olunmamışdır. Vətəndaşa 1986-1988-ci illərdə texnikomun yataqxanasında qaldığını təsdiq edən sənəd (Forma 5) təqdim edilmişdir və bu sənəd onun mövcud probleminin həllinə doğruluğunu təsdiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 876 saylı əmrinə əsasən Bakı Rabitə Kolleci və Bakı Dəmiryol Nəqliyyat texnikumuna birləşdirilmişdir. Köçürülmə zamanı 1987-1993-cü illərin tələbə və idarəetmə heyətinə aid əmr kitabı Bakı Rabitə Kollecinə daxil olmamışdır.

6. AzTU-nun nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru dərəfindən təsdiq edilən, kollecin tədris işləri üzrə direktor müavini Ü.Ş.Salehzadə, təsərrüfat işləri üzrə direktor müavini İ.Şəfiyev, arxiv müdiri A.Hüseynova, baş mühasib A.Rəhimov, Nəqliyyat şöbəsinin müdiri M.Ə.Məlikova, Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri F.Ş.Qurbanov, arxivçi G.Baxşova tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli akta əsasən, Kollecin arxivində keçmiş X9 texnikumuna aid aşağıdakı sənədlər aşkar olunmuşdur: İdarəetmə heyətinin əmrləri: 1993-cü il - 1 (bir) kitab; 1996-1997-ci illər-1 (bir) kitab; 1998-ci il - 4(dörd) kitab; 1997-1999-cu illər - 3(üç) kitab; 1999-2001-ci illər - 1 (bir) kitab; 2000-ci il - 1 (bir) kitab; 2001-ci il - 1 (bir) kitab; 2002-ci il - 1 (bir) kitab; Tələbə heyətinin əmrləri: 1992-1994-cü illər - l(bir) kitab; 1997-1998-ci illər - 2(iki) kitab; 1998-ci il - 2(iki) kitab; 1999-cu il - 3(üç) kitab; 2000-ci il - 2(iki) kitab; 2001 -ci il - 2(iki) kitab; 2002-ci il - 3(üç) kitab; İşçilərin şəxsi işi (qiyabi): 1991-ci il – 1(bir) kitab; Tələbələrin şəxsi işləri (qiyabi): 1986-1996-cı illər; Tələbələrin yekun qiyymət cədvəlləri: 2000-2002-ci illər (qarışıq); Diploma əlavələr: 2000-2001-ci illər (qiyabi).

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. İddia ərizəsindən görünür ki, iddiaçı MT-İ №269170 nömrəli diploma əsasən 1985-1988-ci illərdə Bakı X9 texnikumunda əyani təhsil almağı ilə bağlı arayışın verilməsini xahiş edir.

15. Məhkəmə müəyyən edir ki, iddiaçıya 1985-ci ildə “Bakı X9” texnikumuna qəbul olunması və 1988-ci ildə texnikumun “dəmir yollarının istismarı” ixtisasını bitirməsinə dair 10 may 1988-ci il tarixli MT-İ №269170-li diplom verilmişdir. Həmin diploma və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin arayışına əsasən onun əyani və ya qiyabi təhsil almasına dair məlumat aşkar edilməmişdir.

16. İddiaçının təhsil aldığı zaman qüvvədə olan 7 oktyabr 1992-ci il tarixli Təhsil haqqında Qanunda deyilir: Maddə 8. Təhsil haqqında sənəd Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər) Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar. Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər. Maddə 19. Ali məktəblər Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat-müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.), elmi-tədqiqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir. Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında hayata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq «bakalavr» dərəcəsi verilə bilər.

17. Hazırkı Təhsil haqqında Qanuna əsasən: 21.2. Orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. 21.2-1. Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 21.3. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir.

18. Göründüyü kimi iddiaçıya diplom verilən vaxt mövcud olan qanunvericilik təhsil müəssisələrində təhsil alan məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verilməsini və həmin sənədin müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəd hesab olunduğunu nəzərdə tutur. İddiaçıya dair tərtib edilmiş 10 may 1988-ci il tarixli MT-İ №269170-li diplom mövcuddur və onun əsasında əmək fəaliyyətinə başlamışdır.

19. Beləliklə iddiaçının təhsil almasına dair diplom mövcuddur, onun əyani və ya qiyabi təhsil almasına dair müvafiq sənədin verilməsinə zərurət yoxdur.

20. Digər tərəfdən iddiaçının tələbini təmin etmək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə aid deyil. Belə ki, yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi, təhsilalanın təhsilini başa vurmasına dair təhsil haqqında dövlət sənədi – diplomun və ya buna dair arayışın verilməsi müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilir.

21. X12 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X8rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X7rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

22. Beləliklə iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

23. İddiaçıya izah olunsun ki, hüquqi marağına uyğun olaraq - təhsil illəri nəzərə alınaraq pensiyanın yenidən hesablanması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

24. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

25. İddia mümkün sayılmadığından iş üzrə icraata üçüncü şəxsin cəlb edilməsi məsələlərinə baxılmasına zərurət qalmadı.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar