Məhkəmə qərarları › İş №2-1(112)-7333/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7333/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7333/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hüququnun yarandığı 01.07.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesabalaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hüququnun yarandığı 28 yanvar 2017-ci il tarixdən yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-cü ildə anadan olmuşdur, 10.07.2021-ci il tarixində 60 yaşı tamam olacaqdır. 05.09.1995-ci il tarixindən (əmr № 622 ş/h) 12.01.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuşdur və 12.01.2001-ci il tarixində qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir. 05.09.1995-ci il tarixindən əmək fəaliyyətinə başlamaqla 19.02.2016-cı il tarixindən Neftçala rayon İcra Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin vəzifədə çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq onun ədliyyə orqanlarında qulluq illəri 31.03.2021-ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına kimi əmək fəaliyyəti ilə məşğul olmaqla 40435,82 manat əmək haqqı almışdır. Qeyd olunmuş əsaslara uyğun olaraq əmək stajı nəzərə alınmaqla ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması mümkündür. Bu səbəbdən cavabdehə ərizə ilə müraciət edərək ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu 08.05.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.7.1-ci maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi qaydasına əsasən ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunan iş stajının olmamasını qeyd etməklə həmin stajın 25 ildən az olmasının nəzərə alaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasına əsasən ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunu ilə “Əmək pensiyaiarı haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. İddiaçının 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Əli- Bayramlı rayonu, Şıxsalahlı kəndində doğulmuşdur. - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2145 №-li, 01.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 25.11.1979-cu ildən 27.11.1981-ci ilə qədər (02 il 0 ay 03 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - X5 Universiteti tərəfindən verilmiş 23808 №-li, 17.08.1998-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1993-cü ildən 1998-ci il kimi həmin universitetdə təhsil almış, İmtahan Komissiyasının 17.08.1998-ci il tarixli qərarına əsasən ona hüquqşünas ixtisası verilmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 05.09.1995-ci ildən 12.01.2001-ci ilə qədər Ədliyyə Polis orqanlarında xidmətdə olmuş (05 il 04 ay 08 gün), 12.01.2001-ci ildən 31.01.2003-cü ilə qədər Sabirabad rayon məhkəmə nəzrarətçiləri və məhkəmə icraçıları qrupununun məhkəmə nəzarətçisi (2 il 20 gün), 31.01.2003-cü ildən 19.02.2016-cı ilə qədər Əli Bayramlı şəhər məhkəmə nəzarətçisi və məhkəmə icraçılar qrupunun böyük məhkəmə icraçısı, Şirvan şəhər icra bölməsinin böyük icra məmuru (13 il 19 gün) vəzifələrində işləmiş, 19.02.2016-cı ildən hal-hazıra kimi isə Neftçala rayon İcra şöbəsinin rəisi vəzifəsində işləyir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş 17/3-14 №-li, 22.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 05.09.1995-ci il tarixdən (əmr № 622 §/h) 12.01.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuş və 12.01.2001-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün, güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 06/24-325 №-li, 31.03.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixii 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq Neftçala rayon icra və probasiya şöbəsinin rəisi ədliyyə müşaviri İddiaçı oğlunun ədliyyə orqanlarında qulluq illəri 31.03.2021-ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 8/212 №-li, 06.04.2021-ci il tarixli arayışdan görünür ki, Neftçala rayon icra və probasiya şöbəsinin rəisi İddiaçı 2015-2017-ci illərdə əmək haqqı 40435,82 manat (qırx min dörd yüz otuz beş manat 82 qəpik) olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 06/803 №-li, 05.10.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq Şirvan regional ədliyyə idarəsinin baş məsləhətçisi ədliyyə müşaviri İddiaçı ədliyyə orqanlarında qulluq illəri 01.07.2017-ci il tarixə (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 23 il 9 ay 28 gün, güzəştli hesablama ilə isə 25 il 5 ay 24 gün təşkil edir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 08.05.2021-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, Filiala 06 aprel 2021-ci il tarixdə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Qanunu ilə “Əmək pensiyaiarı haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.3-ci maddəsinə əsasə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. - 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 01.07.2017-ci il tarixdən kimi qüvvədə olan 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunun: - 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. - 06.03.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. - hazırda qüvvədə olan 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. - 23.10-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxslər yaş həddinə çatanadək pensiya hüququna malikdirlər. Hazırki mübahisə üzrə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında azı 25 il qulluq stajı mövcud olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi» Qaydalarının: - 2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; məzuniyyət dövrləri; ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət daxil edilir. - 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Məhkəmə qeyd edir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edildiyini təsbit etmişdir. İddiaçı İddiaçı 1993-1998-cı illərdə X5 Universitetində qiyabi təhsil aldığından həmin müddətin hər bir ilini altı ay saymaqla, yəni 2 il 6 ay iddiaçının iş stajına əlavə edilməlidir. Bundan əlavə iddiaçının 05.09.1995-ci ildən 12.01.2001-ci il tarixə kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qulluqda olduğu dövr güzəştli hesblama ilə 6 il 11 ay 3 gün təşkil etmişdir ki, həmin müddətdə qulluq illərinin hesablanmasında nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 01.07.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajı hərbi xidməti, təhsil dövrü də nəzərə alınmaqla 26 il 4 ay 3 gün təşkil etdiyindən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/803 №-li, 05.10.2021-ci il tarixli məktubda iddiaçının ədliyyə orqanlarında qulluq illəri 01.07.2017-ci il tarixə (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 23 il 9 ay 28 gün, güzəştli hesablama ilə isə 25 il 5 ay 24 gün təşkil etməsi qeyd olunmuşdur) və həmin müddət 25 ildən artıq olduğundan onun ədliyyə orqanlarının əməkdaşı kimi pensiya almaq hüququ 01.07.2017-ci il tarixədək yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı ədliyyə orqanlarında qulluq illəri 01.07.2017-ci il tarixədək 25 ildən artıq olduğu halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 28 yanvar 2017-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 28 yanvar 2017-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar