Məhkəmə qərarları › İş №2-1(112)-7334/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7334/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7334/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 fevral 2024-cü il tarixli **********271000 saylı qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yekunlarına əsasən 2024-cü ilin fevral ayında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın X5 üzrə Baş İdarəsi tərəfindən ona əlavə olaraq qanunsuz 7509.58 AZN məbləğinə gəlir vergisi hesablanmışdır. Bununla əlaqədar, o, dəfələrlə cavabdehə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Belə ki, o, lazımı bütün bəyannamələri və müvafiq vergiləri vaxtında ödəmişdir. Lakin, vergi orqanları öz qanunsuz qərarlarını ləğv etməmışdir. Qeyd etmək istəyir ki, 2022 il üçün gəlir dövriyyə 75262.67 AZN təşkil edib. O, mikro - vergi ödəyəcisidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 faizi gəlir vergisindən güzəşt var. Vergi tutma dövriyyə 13532.08 AZN təşkil edir. Gəlir vergisi 20% 2706.42 AZN təşkil edir. O, bütün vergilərini vaxtı vaxtında ödəmişdir. 2022-ci il üçün 2023 və 2024-cü illər üçün gəlir vergisi bəyanəmələri düzgün göndərmişdir. Lakin, qeyd etdiyi kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın X5 üzrə Baş İdarəsi tərəfindən ona əlavə olaraq qanunsuz 7509.58 AZN məbləğinə gəlir vergisi hesablanmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “mağaza, çadır və bazarlardan kənarda sair pərakəndə satış” dan ibarət olduğu və ünvan 2 ünvanında yerləşən “Çap işləri” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2022-ci il tarixdən qeydiyyata alındığı xx.xx.2024-cü il tarixdən qeydiyyatdan çıxarıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı 2022-ci il hesabat dövrü üçün gəlir vergisi məqsədləri üzrə uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın il ərzində 75 262,67 manat məbləğində gəlirlərinin olduğu, 24 182,65 manat məbləğində xərclərinin olduğu müəyyən olunmuşdur. Fərdi sahibkar tərəfindən bəyannamə təqdim etmək öhdəliyinin və iqtisadi göstəricilərinin olmasına baxmayaraq, gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi və müvafiq göstəricilərin vergi orqanına bəyan edilməməsi vergidənyayınma halı və mikro sahibkarlıq subyekti olaraq uçotun düzgün aparılmaması kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına, eyni zamanda 75% güzəşt hüququnun tətbiq edilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********759000 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 10 216,00 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********338300 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə hesablama metodu tətbiq edilməklə ümumi gəlirləri 66 938,60 manat, ümumi gəlirdən çıxılan xərcləri 23 494,36 manat, 75 faiz güzəşt tətbiq edilməklə ümumilikdə 2 172,21 manat vergi məbləği göstərilməklə 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsinə 8 043,79 manat əlavə vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********917600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təkrarən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş 75 faiz güzəşt tətbiq olunmaqla 2022-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, 75 262,67 manat gəlir məbləği, 21 134,36 manat xərc məbləği və 2 706,42 manat vergi məbləği bəyan edilmişdir. Vergi orqanı tərəfindən 2022-ci il üçün xx.xx.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə 7 509,58 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2024-cü il tarixli **********271000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həmin qərardan iddiaçı tərəfindən inzibati qaydada xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********306600 nömrəli) və xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********600800 nömrəli) şikayət verilmiş və vergi orqanının 12 sentyabr 2024-cü il tarixli **********345200 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 16 608,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 7 050,00 manat olmaqla, ümumilikdə 17 vergi ödəyicisinə 66 938,60 manat dəyərində mal, iş və xidmətlərin (kitabça, idman geyimləri üzərində çap, blaknot, buklet 11-17, ayaqqabı, qələm uv loqo çapı ilə və s.) təqdim edildiyi, X1 (VÖEN: **********) 15 008,00 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 2 360,00 manat, X2 (VÖEN: **********) 790,00 manat olmaqla ümumilikdə 18 158,00 manat dəyərində mal, iş və xidmətlərin (apples in milk chocolate, mango in dark chocolate, dried appricot in milk chocolate, chocolate medallions with nuts, icarə haqqı, çap xidmətləri və s.) əldə edildiyi müəyyən olunmuşdur. Bundan başqa, fərdi sahibkarın elektron alış aktı vasitəsilə mallar əldə etmədiyi, idxalının olmadığı və onlayn kassa məlumatlarına əsasən 2022-ci il ərzində 1 466,00 manat dəyərində pərakəndə satışının olduğu müəyyən olunmuşdur. İnzibati araşdırma zamanı fərdi sahibkarın elektron qaiməfakturalar vasitəsilə təqdim etdiyi malların bir qisminin (kitabça, poster A2, uniforma dəsti, gündəlik, qələm, blaknot, buklet 6-11, ayaqqabı, şort, eynək, stol üstü bayraq və s.) uçotbaza məlumatlarına əsasən alışını təsdiq edən sənədlərin olmadığı, yəni təqdim edilən malların bir qisminin həcminin və çeşidinin fərdi sahibkarın vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən olunmuşdur. Belə ki, fərdi sahibkarın qeyd edilən malların təqdim edilməsi ilə bağlı elektron qaiməfakturalarının olmasına baxmayaraq, təqdim edilən bəyannamə məlumatlarına əsasən 2022-ci ilin əvvəlinə mal qalığının göstərilmədiyi və 2022-ci ildə təqdim olunan malların bir qisminin 2022-ci ildə əldə olunan elektron qaimə-fakturalar, elektron alış aktları məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Bununla da, vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılmadığı müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən 2022-ci il üçün gəlir vergisi üzrə kameral vergi yoxlaması ilə vergi məbləği hesablanarkən bəyannamənin “Hesabat dövrünün gəlirləri” hissəsinin 1225-ci (çıxılmalardan sonra ümumi gəlir) sətrində 75 262,67 manat, xərcləri hissəsində 24 182,65 manat qeyd edildiyi, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən gəlir və xərclərinin uçotunun həmin məcəllədə nəzərdə tutulmuş qaydada aparılmadığı üçün Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə müəyyən edilmiş güzəşt huququnu itirmiş hesab edildiyini nəzərə alaraq, 10 216,00 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021- ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirirlər ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Həmin dövrdə qüvvədə olan VM-nin 102.1.30-cu maddəsinə əsasən 75% güzəştin tətbiq olunması üçün xərcin uçotunun aparılması da tələb olunduğundan vergi ödəyicisi tərəfindən xərcin uçotunun tam aparılmamasına baxmayaraq, gəlir vergisi bəyannaməsində 75% güzəşt tətbiq olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Eyni zamanda bildirirlər ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********271000 nömrəli qərar asan imza ilə imzalanmış və xx.xx.2024-cü il tarixdə saat 18:17:44-də vergi ödəyicisinin elektron kabinetinə lazımı qaydada çatdırılmışdır. Vergi ödəyicisi həmin qərarla tanış olduqdan sonra inzibati şikayət vermiş və həmin şikayətə baxılaraq xx.xx.2024-cü il tarixli **********345200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir ki, həmin qərar da xx.xx.2024-cü il tarixdə saat 19:22:58də vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2- 1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********271000 nömrəli qərarına əsasən 2022-ci il gəlir vergisi üzrə iddiaçıya 10.216.00 manat məbləğində vergi borcu hesablanmışdır.

8. İddiaçı tərəfindən sözügedən qərardan inzibati şikayət verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********345200 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati şikayətləri mövcud vəziyyətdə təmin edilməmişdir.

9. İş materiallarına iddiaçı tərəfindən bəyannamə, hesabdan çıxarış və qəbz əlavə edilişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri (“İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat, vergi ödəyiciləri tərəfindən satılmış və lınmış mal, iş və xidmətlər barədə məlumatlar, xx.xx.2024-cü il tarixli qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub) təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

17. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli qərarından inzibati şikayət verilmiş və onun inzibati şikayəti Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, bununla da, mübahisəli qərar qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.

18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 fevral 2024-cü il tarixli **********271000 nömrəli qərarın ləğvinə nail olmaqdan ibarətdir.

25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya 2022-ci il üzrə 10.216.00 manat əlavə gəlir vergisi hesablamışdır. Cavabdeh sözügedən qərarla mikro sahibkarlıq subyekti olan iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etməmiş, həmçinin iddiaçının gəlirlərinə münasibətdə onun xərclərini ümumiyyətlə nəzərə almayaraq ona gəlir vergisi hesablamışdır. Bu zaman cavabdeh müvafiq dövrə aid elektron qaimə-fakturalar üzrə iddiaçının satışında olan malların, onun alışında və idxalında müəyyən edilmədiyinə və bunun üzərindən onun gəlirlərinin və xərclərinin uçotunu aparmayan vergi ödəyicisi olduğuna istinad etmişdir.

26. Cavabdeh sözügedən halları nəzərə alaraq hazırda mübahisələndirilən qərarla iddiaçının gəlirlərinə 75% güzəşt hüququnu tətbiq etmədən ona əlavə gəlir vergisi hesablamışdır.

27. Hazırki qərarda istinad edilən normalara əsasən, yalnız Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Həmin normanın mahiyyətinə görə, gəlirlərinin və xərclərinin uçotunu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmadığı müəyyən edilən mikro sahibkarlıq subyektinə həmin güzəşt şamil oluna bilməz.

28. Cavabdehin müvafiq dövr üzrə iddiaçının xərclərini təsdiq edən sənədlərinin olmadığına istinadən, həmçinin hazırda mübahisələndirilən qərarla xərclərini nəzərə almadan iddiaçıya gəlir vergisi hesablamasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər.

30. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.

31. Məhkəmə hesab edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədiyindən, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığından vergi orqanı tərəfindən əsaslı olaraq iddiaçıya vergi güzəşti tətbiq olunmamışdır.

32. Beləliklə hazırkı mübahisə ilə bağlı cavabdeh mübahisələndirilən qərarla iddiaçıya vergi hesablayarkən istinad edilən sözügedən, yəni iddiaçının gəlirlərinə 75% güzəşt hüququnun tətbiq edilməməsində haqlı olmuşdur.

33. Bununla bağlı məhkəmə həmçinin Ali Məhkəmənin 2-1(102)-719/2025 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə alır.

34. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

35. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

36. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

37. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar