Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7339/2023 15.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə ümumilikdə 795 (yeddi yüz doxsan beş) manat və mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus "Tufan M-50” markalı mopedlə “Şamaxinka” adlanan ərazidən 20 Yanvar dairəsinə doğru hərəkətdə olan zaman birinci döngədən geriyə dönmə əməliyyatı edərkən yolun kənarında qapağı açıq şəkildə olan və içi su ilə dolmuş yağış sularının axıdılması üçün nəzərdə tutulmuş lyüka düşərək qəza keçirmişdir. Nəticədə idarə etdiyi mopedə və qoruyucu baş geyiminə ziyan dəymişdir, sağlamlığı pozulmuşdur. Dəymiş ziyanın əvəzi olaraq 495 manat məbləğində pul cavabdeh tərəfindən ona ödənilməlidir. Həmçinin qəza nəticəsində o, gündəlik qazancından məhrum olmuşdur. Qəza nəticəsində sağlamlığı pozulmuş və mopedin yararsız olması səbəbindən 5 - 6 gün işləyə bilməmiş, itirdiyi iş günü üçün əlavə olaraq 300 manat tələb edir. Lyükun açıq olması səbəbindən keçirdiyi qəza nəticəsində ona cəmi 795 manat ziyan dəymişdir. Cavabdehə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəf ona dəymiş maddi zərəri ödəmək üçün heç bir tədbir görməmişdir və maddi zərərin ödənilməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin təqsirli hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmur. İddia ərizəsində iddiaçı ona zərərin vurulmasına səbəb olmuş cavabdehin təqsirsizliyi kimi onun tərəfindən nəzarətə götürülməməsinə istinad etmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi onun səbəbi və ya səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılığı ehtimalı olduqda, hadisə müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılmalıdır.Sözügedən yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin ərazi üzrə X3 İdarəsnin müvafiq protokolu təqdim olunmadığı üçün məsələyə münasibət bildirmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi kanalizasiya qapağının (lyük) açıq olması səbəbindən onun qəza keçirməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Cavabdeh tələbini “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə qarşı yönəltmişdir. Azərbacan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1748 № li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin” Nizamnaməsinin 1-ci bəndinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Agentliyin Nizamnaməsində onun yollarda olan kanalizasiya qurğularının işlək və saz vəziyyətdə olmasına nəzarət etməsi barədə öhdəliyinin (vəzifəsinin) olması müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin: 3.1. Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. 3.2. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3. Bu məqsədlə Cəmiyyət: 3.3.1. suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3. tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; 3.3.4. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir; Qeyd olunan normalardan müəyyən olunur ki, respublika ərazisində kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etmək, eyni zamanda tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil etmək və onlara nəzarəti həyata keçirmək "xxxx" ASC-nin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, iddia tələbi üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh ola bilməz. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının iş üzrə cavabdeh olmalı inzibati orqana ("xxxx" ASC) maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciəti sübut olunmur. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh olmaması iddianın mümkün sayılmaması üçün əsasıdır. Buna görə də məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7339/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7339/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver