Məhkəmə qərarları › İş №2-1(112)-7339/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7339/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7339/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməyi ilə əlaqədar olaraq ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliynin üzərinə qoyulması və həmin statusla bağlı bu gün qədər almalı olduğu məvacibin verilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991-ci ildən 1998-ci ilə qədər hərbi quuluqçu olaraq fəaliyyət göstərmişdir. Həmin illər ərzində iddiaçı 1991-ci ildən etibarən “Vətən uğrunda” gedən müharibələrdə iştirak etmişdir. Bu halı sübut edən Azrbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən təqdim olunan 3-25/2-C-185-1/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətinə cavab məktubunda bu məsələlər detallı şəkildə göstərilmişdir. 1998-ci il tarixdə isə o “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə və 18-ci maddənin “E” bəndinə (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlrinə görə) əsasən ehtiyata təxris olunmuşdur. Lakin bildirir ki, o həmin vaxtı belə hərbi hissəni özbaşına tərk etməmişdi. Lakin bu halı sübut edə bilməmişdir. İddiaçının müharibədə iştirakını və digər halları sübut edəcək döyüş yoldaşlarında vardır ki, bu halı məhkəmədə şahid olaraq təsdiqləyə bilərlər. Bu günə qədər müharibə iştirakçısı kimi tanınmağı ilə bağlı heç vaxt məhkəməyə müraciət etməmişdir. Hazırda hərbçi kimi pensiyaçıdır. İddiaçı hesab edir ki, ona “Müharibə veteranı” adının verilməsi onun haqqıdır. Lakin dövlət orqanları onun sözügedən haqqını məhdudlaşdırırlar. Eyni zamanda da ona bu statusun verilməməsi veteranlığa görə dövlət tərəfindən ayrılmış müvafiq pensiyanı da almaq hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirəm ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-111 QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün N sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». İddia tələbi əsassızdır. Belə ki, 1992-ci il tarixdə ezamiyyətdə olduğu hərbi hissələrdə təsdiqedici sənədlər olmadığına və hərbi hissəni özbaşına tərketmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N.091995- ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 4N nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçı X4 tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli 0143 gm nömrəli Arxiv Çıxarışından görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, aşağıda adları çəkilən gizirlər həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunsunlar: 18-ci maddənin “E” bəndinə əsasən :(hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə) 7.Gizir İddiaçı, Motoatıcı briqadanın (N №-li h/h) minaatan batareyasının baş çavuşu - Təvəllüdü: xx xxxxxx 1958-ci il, azərbaycanlı. SQ-də xidməti: təqvimlə-14 il 07 ay. Güzəştlə-18 il 11 ay. HQİ-143. Hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandiri tərəfindən N may 1998-ci il tarixli qərarı ilə barəsində cinayət işi qaldırılıb, 01 iyun 1998-ci il tarixdə təsdiq etdiyi qərarı ilə Gəncə qarnizonu hərbi prokurorluğuna göndərilib. Sənədləri Kəpəz RHK-da qeydiyyata alınmaq üçün göndərilməlidir. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə xx.xx.1998-ci tarixli Arxiv Çıxarışında qeyd olunur ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissə komandiri tərəfindən barəsində cinayət işi qaldırılaraq Gəncə Qarnizonu Hərbi Prokurorluğuna göndərilmiş gizir İddiaçı hərbi hissənin Minaatan Batareyasının baş çavuşu, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0143 gm saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) ehtiyata tərxis olunsun, xx.xx.1998-ci il tarixdən şəxsi heyətin siyahısındansilinsin, əşya və pul təminatlarından çıxarılsın, sənədləri qeydiyyata alınmaq üçün Kəpəz RHK-na göndərilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin 0143 gm saylı 13.12.98-ci il tarixli əmrindən çıxarış/d.o. №340 23.12.98/ İş materiallarına əlavə edilmiş demoqrafik məlumatlardan görünür ki, xx.xx.2001-ci ildə X5 xx.xx.2001-ci ildə Gəncə Hərbi Məhkəməsi tərəfindən “fərarilik” səbəbi ilə həbs edilmişdir. xx.xx.2001-ci ildə Gəncə Hərbi Məhkəməsi tərəfindən AR CPM-in 154.2.4, 165, 157.7 və 175 maddələri əsasında qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizamla əvəz olunub və azad olunub. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1959 nömrəli məktubunda qeyd olunur ki, xidmət keçmək üçün gəlmiş, gizir İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1991-ci il tarixli 180 №-li əmrilə (əsas: §-3, səh-39, sıra-1) məktəbin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq artilleriya təmir emalatxanasının texniki vəzifəsinin icrasına buraxılmışdır. Avtomobil bölüyünün təlimatçısı, gizir İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Silahlı Qüvvələrin Arxa Cəbhə rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissənin Yanacaq sürtkü materialları anbarını rəisi vəzifəsinə təyin olunduğuna görə, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1994-cü il tarixli 184 il tarixli №-li əmrilə (əsas: §-4, səh-364) məktəbin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən xidmətini davam etdirmək üçün gəlmiş, gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Silahlı Qüvvələrin Arxa Cəbhə rəisinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasəın, Yanacaq sürtkü materialları anbarını rəisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 240 №-li əmrilə (əsas: §-4, səh-364) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. Yanacaq sürtkü materialları anbarını rəisi, gizir İddiaçı xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 249 №-li əmrilə (əsas: §-1,səh-26 ) hərbi hissəni şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat bölüyün starşinası vəzifəsinə təyin olunmuş, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, gizir İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 249 №-li əmrilə (əsas: §-5, səh-74) hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına buraxılmışdır. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandiri tərəfindən barəsində cinayət işi qaldırılaraq Gəncə Qarnizonu Hərbi Prokurorluğuna göndərilmiş, hərbi hissənin Minaatan Batareyasının baş çavuşu, gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 336 №-li əmrilə (əsas: §-3, səh-102) xx.xx.1998-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri qeydiyyata alınmaq üçün Kəpəz RHK-na göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.20N-ci il tarixli, 4/3-13785 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan dövrdə xidmətiniz ilə bağlı işdə olan sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.20N-ci il tarixli 4/2-6540 nömrəli arayışında Bakı Ali Ümumqoşun Məktəb rəisinin xx.xx.1992-ci il tarixli 195 nömrəli və xx.xx.1992-ci il tarixli 205 nömrəli əmrləri ilə Ağdam rayonuna döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməyinizə və qayıtmağınıza dair məlumatlar qeyd edilmişdir, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasına dair arxiv, habelə işdə olan digər sənədlərdə məlumatiar olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci hissəsinin 4cü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. İş üzrə müəyyən olunur ki, gizir İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1991-ci il tarixli 180 №-li əmrilə məktəbin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq artilleriya təmir emalatxanasının texniki vəzifəsinin icrasına buraxılmış, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, hərbi hissəni özbaşına tərk etdiyinə görə, hərbi hissə komandiri tərəfindən barəsində cinayət işi qaldırılaraq Gəncə Qarnizonu Hərbi Prokurorluğuna göndərilmiş, hərbi hissənin Minaatan Batareyasının baş çavuşu, gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlərə görə) ehtiyata tərxis olunmuşdur. İddiaçının hərbi xidmətkeçməsi barədə arxiv sənədlərində Bakı Ali Ümumqoşun Məktəb rəisinin xx.xx.1992-ci il tarixli 195 nömrəli əmrində Ağdam rayonuna döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilən şəxsi heyətin sırasında və xx.xx.1992-ci il tarixli 205 nömrəli əmrlə Ağdam şəhərində döyüş əməliyyatları aparılan blögədən qayıtmış şəxsi heyətin siyahısında iddiaçının adı qeyd olunmuşdur. İddiaçı məhz qeyd edilən dövrlərdə döyüş əməliyyatlarında iştirak etdiyini, bununla da onun müharibə iştirakçısı olmaqla ona veteran statusunun verilməsini müahisələndirir. Yuxarıda adıçəkilən Əsasnamədə aşağıdakı şəxslərə “Müharibə veteranı” statusu verilir: -1. Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- yuxarıda konkret sadalanan rayonların ərazilərində döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; -2.döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; -3.döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər; -4.1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslər. Hazırkı iş üzrə iddiaçının hərbi biletində Ağdam şəhərində döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi və qayıtması, eləcə də döyüş əməliyyatarında iştirakı ilə bağlı hər hansı qeydlər edilməmişdir. Hərbi xidmət barədə arxiv sənədlərində iddiaçının hansı döyüş tapşırığı ilə bağlı ezam olunduğu, eləcə də döyüş əməliyyatı aparan hansı hərbi hissəyə ezam olunması barədə məlumat öaşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar