Məhkəmə qərarları › İş №2-1(112)-734/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-734/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-734/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 6.10.2023-ci ildə, ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı ünvan 1idir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2022-ci il tarixli, **********723700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 158392,88 manat əlavə mənfəət vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********723700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci il ərzində MMC-nin hesabına 286852,65 manat vəsait daxil olmuşdur. Həmçinin MMC-nin 2021-ci ildə xərcləri də həmin məbləğdə olmuşdur. Göstərilən xüsusat bank çıxarışları ilə öz təsdiqini tapır. Lakin cavabdehin 19 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçıya 158392,82 manat mənfəət vergisi hesablanmışdır. Göstərilən vergi məbləğinin azaldılmasına dair cavabdehə müraciət edilmiş, cavabdehin qərarı ilə iddiaçının şikayəti təmin edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddiaçı tərəfidən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin 228-ci Təmir xərcləri sətrində 791965,0 manat təmir xərclərinin göstərildiyi müəyyən edilmişdir. Lakin əldə edilmiş elektron qaimə-fakturalar barədə məlumatlara əsasən icarə və təmir xərcləri üzrə məlumatlar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlar xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Eyni zamanda Vergi Məcəlləsinin 115.2-ci maddəsinə əsasən Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Qeyd olunanlarla əlaqədar bildirilir ki, təmir xərclərinin Vergi Məcəlləsinin 115.1 -ci maddəsində müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğinin gəlirdən birbaşa çıxılmasına yol verilmir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********202100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə 158392,88 manat əlavə mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********720400 nömrəli Qərar qəbul olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi məhkəmənin iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 158392,88 manat əlavə məfəət vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2023-cü il tarixli 9/3208 №-li ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********965100 nömrəli qərarda göstərilənlər nəzərə alınaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 80.1.1-ci maddəsini rəhbər tutularaq, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi, xx.xx.2022-ci il tarixli **********720400 nömrəli qərarının dəyişdirilmədən saxlanılması, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kameral vergi yoxlamasının keçirilməsinin təmin edilməsi və qərardan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilməsi ilə bağlı qərar qəbul edilmişdir. Tədqiqatla yuxarıda göstərilənlərlə, yəni xx.xx.2022-ci il tarixli, **********720400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarda xx.xx.2022-ci il tarixli, **********720400 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarda və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********965100 nömrəli qərarında göstərilənlərlə bağlı aşağıdakı uyğunsuzluqlar müəyyən olunur: 1. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2021ci ilə dair mənfəət vergisi bir qisim xərclər çıxıldıqdan sonra birbaşa olaraq hesablanmışdır. Bildirilir ki, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları” maddəsində aşağıdakılar göstərilmişdir, o cümlədən: Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yəni gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2021-ci il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən gəlir və ya xərc nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır. Göründüyü kimi gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2021-ci il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən hesablanmalı idi. Bu səbəbdən də hazıkı tədqiqatla müəssisəyə vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış mənfəət vergisinin (2021-ci il üzrə) düzgünlüyü müəyyən olunmadı. Rəydə həmçinin qeyd edilmişdir ki, müəssisə tərəfindən uçot metodu hesablama metodundan kassa metoduna dəyişdirilmişdir. Lakin vergi orqanı tərəfindən Cəmiyyətin xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 4-cü rübü üçün vergi orqanına təqdim edilmiş “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışda uçot metodu hesablama metodu olaraq seçildiyi göstərilmişdir. Bununla bağlı bildirilir ki, Cəmiyyət tərəfindən uçot metodunun kassa metoduna dəyişdirilməsi üzrə Vergi Məcəlləsinin tələblərinə əsasən uyğunsuzluq müəyyən edilmədi. Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, iş üzrə məhkəməyə xx.xx.2023- cü il tarixdə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatəti göndərilmişdir. xx.xx.2023-cü il tarixdə (müəssisə tərəfindən təqdim edilən elektron qaimələr fakturalar, məktublar və s.) və xx.xx.2023-cü il tarixdə (elektron qaiməfakturalar barəsində cədvəl şəklində məlumatlar, qərarlar və s.) əlavə sənədlər təqdim olunmuşdur. Lakin 822.304,76 manat məbləğində satış əməliyyatların dəyərinin ödənilməsini və başa çatdırılmasını əks etdirən sənədlər, xərclərə dair sənədlər isə tam şəkildə təqdim edilməmişdir. Təqdim edilmiş iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur. İş materiallarından göründüyü və yuxarıda göstərildiyi kimi, müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə hesablama metodu tətbiq edilməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 822.304,76 manat gəlir məbləği vergi orqanı tərəfindən qəbul edilrniş, həmin bəyannamədə göstərilən xərc məbləği isə tam şəkildə qəbul edilməyərək yalnız 30.340,35 manat məbləğində xərc müəyyən olunmuşdur. Yəni vergi orqanı tərəfindən 822.304,76 manat gəlirdən yalnız 30.340,35 manat məbləğində xərclər çıxıldıqdan sonra qalan məbləğə mənfəət vergisi hesablanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Qeyd olunan bəyannamədə 286.852,65 manat gəlir, 286.852,65 manat xərc bəyan edilmişdir və 2021-ci hesabat ili üzrə gəlir və xərc məbləğlərinin eyni olduğu üçün müəssisə tərəfindən mənfəətin əldə edilmədiyi və zərərinin olmadığı bəyan edilmişdir. Göstərilənlərlə bağlı qeyd edilir ki, iş materiallarında və vəsatətə əsasən təqdim edilmiş əlavə sənədlərdə müəssisə tərəfindən təqdim edilən e-qaimə fakturalarda cəmi 822.304,76 manat məbləğində əməliyyatların dəyərinin ödənilməsini və başa çatdırılmasını əks etdirən sənədlər iş materiallarında öz əksini tapmamışdır. Eyni zamanda, vergi ödəyicisinin xərc sənədləri də (30.340,35 manat məbləğində xərc istisna olmaqla) iş materiallarında mövcud deyildir. Tədqiqata təqdim edilmiş iş materiallarında yalnız müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə vergi orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 286.852,65 manat məbləğində gəlirə (2021-ci il üçün müəssisəyə 286.852,65 manat məbləğində pul vəsaitinin daxil olmasına dair bank çıxarışı və s.) dair sənədlər öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixdə müəssisə tərəfindən 2021-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində göstərilən 286.852,65 manat xərc məbləğinə dair sənədlər isə tədqiqata tam şəkildə təqdim edilməmişdir. Belə olan halda müəssisənin 2021-ci il üzrə mənfəət vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən 286.852,65 manat gəlir nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır. Tədqiqatla həmin qaydalar nəzərə alınmaqla müəssisə tərəfindən 2021ci il üzrə aparılmış əməliyyatlara görə 9.561,75 (286.852,65:120x20x20%) manat məbləğində mənfəət vergisi hesablanır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin: Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının mənfəətini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi qismən təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı 9.561,75 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsiin xx.xx.2022-ci il tarixli **********723700 nömrəli qərarı 9.561,75 manat mənfəət vergisi hissədə istisna olmaqla qalan hissədə ləğv edilsin. İddia tələbi mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********723700 nömrəli qərarın 9.561,75 manat mənfəət vergisinə dair hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar